22 Dekabr 2024, Bazar

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında əhalinin zəruri ərzaq məhsulları da daxil olmaqla, vacib istehlak mallarına olan tələbatının yerli istehsal imkanları hesabına ödənilməsi mühüm yer tutur. Dünyanın heç bir ölkəsində yüz faiz yerli istehsal hesabına daxili bazarın tələbatları ödənilməsə də, ölkələr mümkün olduğu qədər daha geniş çeşiddə məhsul istehsalına nail olmaq, rəqabəti təkmilləşdirmək və inhisarçılığı aradan qaldırmaq üçün hər gün yeni layihələr ortaya qoyan çoxşaxəli sahibkarlıq fəaliyyətinə maraqlıdırlar.
Azərbaycan Respublikasının müasir inkişafı, əldə olunmuş uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin uzaqgörən siyasətinin, gərgin zəhmətinin hesabına Azərbaycan hələ keçmiş ittifaq dövründə aqrar bir regiondan iri sənaye mərkəzlərinin, elmtutumlu istehsal sahələrinin istifadəyə verildiyi qabaqcıl respublikalar sırasına daxil olmuşdur. O dövrdə insanların ucqarlardan mərkəzi şəhərlərə köçünün qarşısının alınması, şəhərlə kənd arasında fərqin aradan qaldırılması baxımından görülən işlər çox vacib idi. Həmin siyasətin müstəqillik illərində də davam etdirilməsi, regionların sosial-iqtisadi inkişaf pro­qramlarının qəbulu və müvəffəqiyyətlə icra olunması bu gün Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin edən əsas amillərdəndir.
Müasir insanın istehlak tələbatları çox genişdir. İndi çox deyil, cəmi on il əvvəlki ortayaşlı bir insanın tələbatları bu günün gənci üçün çox keçmişdə qalmışdır. Dünyaya geniş qapıların açıldığı bir dövrdə bu tələbatları lazımınca ödəmək üçün çıxış yolu digər ölkə­lərlə hərtərəfli inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı, həm də bütün daxili imkanları işə salmaqdır. Artıq elm və yeni texnologiyaların müasir səviyyəsi ilə birlikdə yaranan hər bir bazar imkanı sahibkar üçün yeni ideya mənbəyi, yeni layihələrini reallaşdırmaq üçün yeni bir fürsət deməkdir.

Hər bir sahibkarın uğuru ölkənin ümumi iqtisadi potensialı, yaradılan yeni iş yerləri, ailələrin gəlir mənbəyidir. Özəl sektor inkişaf edib iqtisadi həyatın bütün dərinliklərinə nüfuz etdikcə yaranan iqtisadi imkanlar daha da dərinləşir, yaradılan milli gəlir əhalinin rifahına çevrilməklə yeni investisiyalara da səbəb olur. Belə imkanlar isə müasir iqtisadi həyatın hər sahəsində – tikinti və sənayedə, kənd təsərrüfatı və emal sənayesində, alternativ enerji və ekoloji təmiz məhsullar istehsalında, tullantıların təkrar emalında, pərakəndə satış və məişət xidmətində, bir sözlə, hər yerdə vardır. Bazarın imkanlarından nəticə çıxarıb dövlətin sahibkarlığa yaratdığı şəraitlə birgə iqtisadi imkanları işə salmaq bu gün qarşıda duran ən vacib məsələlərdən biridir. 
Yola salmaqda olduğumuz 2012-ci ili sahibkarlarımız üçün, bütövlükdə, uğurlu hesab etmək olar. Ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında da öz bəhrəsini vermişdir. Hazırda muxtar respublikada daxili bazarın tələbatlarının ödənilməsi, yerli ehtiyatlar, iqtisadi imkanlar, reallaşdırılan layihələr hesabına özəl sektora aid sənaye, kənd təsərrüfatı, tikinti, emal sənayesi, avtomobilqayırma, poliqrafiya, mebel və dizayn, iqtisadiyyatın onlarla müxtəlif sahələrində mühüm inkişaf səviyyəsi əldə olunmuş, muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizə çatmış, 304 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilməkdədir.
Əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, ölkəmizdə regional inkişafa verilən dəstəyə yeni uğurlu layihələrlə cavab verərək muxtar respublikanın və ölkə­mizin iqtisadi qüdrətinin daha da artırılması istiqamətində aparılan işlər, yaradılan biznes mühiti sahibkarları yeni layihələrə cəlb edir.
Bunun üçün isə Naxçıvan Muxtar Respublikasında münbit biznes mühiti yaradılmış və sahibkarlara dövlət maliyyə dəstəyi göstərilməkdədir. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu fəaliyyətə başladığı dövrdən bu günədək 1074 layihənin reallaşdırılmasına göstərilən dövlət maliyyə dəstəyi 88 milyon manata çatmışdır. Göstərilən dövlət qayğısı sahibkarların daha genişhəcmli və daha real layihələrin həyata keçirməsinə zəmin yaratmışdır. Bütün bunlar hər keçən dövr ərzində əldə olunmuş nailiyyətlərin təhlili və qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə sahibkarlarla keçirilən görüşlərdə tez-tez səslənir, muxtar respublikanın hazırkı iqtisadi inkişafı və yeni layihələr baxımından mövcud vəziyyət qiymətləndirilir. Bu fikirlər cari ilin dekabrın 14-də Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara yeni layihələrin təqdimatı və ilin yekunlarına həsr olunmuş tədbirdə bir daha ifadə olunmuşdur. Tədbirdə muxtar respublikada özəl sektora göstərilən dövlət qayğısından və hazırkı hərtərəfli sosial-iqtisadi inkişaf proseslərində özəl bölmənin üzərinə düşən yeni vəzifələrdən danışılmış, əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsinin, ölkəmizdə regional inkişafa verilən dəstəyə yeni uğurlu layihələrlə cavab verilməsinin müasir dövrdə ən vacib məsələlərdən biri olduğu qeyd edilmişdir. Aparılan müzakirələr onu deməyə əsas verir ki, ümumilikdə, iqtisadi inkişafın səviyyəsinin yüksəldilməsi ayrılıqda hər bir sahibkarın bazar iqtisadiyyatı şəraitində həyata keçirdiyi biznes layihəsinin uğurundan çox asılıdır. Hazırda muxtar respublikanın ətraf rayonlarında, kənd yaşayış məntəqələrində kiçik sahibkarlıq subyektlərinin yaradılması yolu ilə yeni resursların iqtisadi dövriyyəyə cəlb olunması diqqət mərkəzindədir. Bu baxımdan kənd­lərdə müxtəlif kənd təsərrüfatı məhsullarının emalı üzrə kiçik müəssisələrin yaradılması aktual hesab olunur. Sahibkarlara təqdim olunmuş 20-dən artıq layihənin əksəriyyəti Naxçıvan Muxtar Respublikasının yerli imkanları və daxili bazar tələbatları baxımından cazibədar görünür. Muxtar respublika üçün yeni və rentabellik göstəriciləri yüksək proqnozlaşdırılan belə layihələrə südün emalı və xama istehsalı sahəsini, ət qovurması istehsalı sahəsini, meyvə və tərəvəzqurutma istehsalını, fermer təsərrüfatlarında tullantıların emalını, ondan üzvi gübrə və bioqaz istehsalını, texniki bitkilərin emal olunmasını, biodizel və heyvan yemi istehsalını misal göstərə bilərik. Belə layihələrin həyata keçirilməsi regionun investisiya çəkisinin artmasına və muxtar respublikada mövcud imkanlar hesabına daimi məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək.


Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR