Muxtar respublikanın hərtərəfli inkişafında xüsusi payı olan Şərur rayonu bu gün özünün inkişaf dövrünü yaşayır. Əhalisinin sayına görə muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda əldə olunmuş uğurlar, dinamik və davamlı inkişaf əhalinin yaşayış səviyyəsini və sosial həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Əhalinin məşğulluğunun təmin edilməsində mühüm yer tutan kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər tədbirlər rayonda bu sahənin inkişafına geniş imkanlar yaratmışdır. Belə ki, 2017-ci ildə Şərur rayonunda 17 min 115 hektar sahədə əkin aparılmışdır ki, bu da 2007-ci ildəki göstəricidən 21,9 faiz çoxdur. Ümumi əkin sahəsinin 3598 hektarını buğda, 546 hektarını arpa, 492 hektarını paxlalılar, 1237 hektarını dən üçün qarğıdalı, 32 hektarını dən üçün günəbaxan, 1064 hektarını kartof, 1814 hektarını tərəvəz, 475 hektarını ərzaq üçün bostan bitkiləri, 7857 hektarını çoxillik otlar təşkil etmişdir. 2017-ci ildə muxtar respublika üzrə ümumi əkin sahəsinin 27,8 faizi Şərur rayonunun payına düşmüşdür.
2017-ci ildə rayonda əkin sahələrindən 14 min 736 ton dənli və dənli-paxlalılar, 10 min 20 ton dən üçün qarğıdalı, 86 ton dən üçün günəbaxan, 15 min 889 ton kartof, 33 min 645,3 ton tərəvəz, 6536 ton bostan məhsulları istehsal edilmişdir. Bundan əlavə, 2017-ci ildə 20 min 940,4 ton meyvə və 1532 ton üzüm istehsal olunmuşdur. 2017-ci ildə muxtar respublika üzrə istehsal olunmuş kartofun 32,4, tərəvəzin 39,7, bostan məhsullarının 17, dən üçün qarğıdalının 79,7, meyvənin isə 39,5 faizi Şərur rayonunun payına düşür. 2007-ci illə müqayisədə dən üçün qarğıdalı istehsalı 4,8 dəfə, günəbaxan istehsalı 32,3, kartof istehsalı 69,4, tərəvəz istehsalı 80,8, bostan məhsulları istehsalı 29,4, meyvə istehsalı 22,8, üzüm istehsalı isə 27,4 faiz artmışdır.
1 yanvar 2018-ci il tarixə Şərur rayonunda iribuynuzluların sayı 35 min 864, xırdabuynuzluların sayı isə 127 min 412 baş olmuşdur ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 19,8 və 23,6 faiz artmışdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə heyvandarlıq təsərrüfatlarında süni yolla mayalandırılma işinin davamlılığı mal-qaranın baş sayı ilə yanaşı, heyvandarlıq məhsulları istehsalının artımına da müsbət təsir göstərmişdir. Belə ki, 2017-ci ildə rayonda diri çəkidə 8226,7 ton ət, 27 min 698 ton süd, 21 milyon 756 min ədəd yumurta, 189,6 ton yun istehsal edilmişdir. 2007-ci illə müqayisədə ət istehsalı 56,5, süd istehsalı 19,8, yumurta istehsalı 18,3, yun istehsalı isə 18 faiz artmışdır. 2017-ci ildə muxtar respublikada qeydə alınmış diri çəkidə ət istehsalının 31,2, süd istehsalının 33,4, yumurta istehsalının 25,2, yun istehsalının isə 18,3 faizi Şərur rayonunun payına düşmüşdür. Bundan əlavə, rayonda balıqçılığın və arıçılığın inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş, məhsul bolluğu yaradılmışdır.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi kimi 2017-ci ildə Şərur rayonunda 140 milyon 477 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 3,6 dəfə çoxdur. Muxtar respublikada istehsal olunmuş kənd təsərrüfatı məhsulunun 31 faizi Şərur rayonunun payına düşmüşdür.
Kənd təsərrüfatı məhsulu istehsalı,
min manat
Şərur rayonunda sənayenin inkişafı istiqamətində istehsal sahələri yaradılmış, yeni məhsul növlərinin istehsalı təmin edilmişdir. Belə ki, 2014-cü ildə rayonda “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının istifadəyə verilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsi olaraq mühüm əhəmiyyətə malikdir. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2017-ci ildə rayonda 92 milyon 193 min 300 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 4,3 dəfə çoxdur.
Sənaye məhsulu istehsalı,
min manat
Şərur rayonunda aparılan quruculuq və abadlıq işləri nəticəsində iqtisadi və sosial həyatın bütün sahələrində böyük irəliləyişlərə nail olunmuş, infrastruktur yenilənmişdir. Belə ki, təkcə 2017-ci ildə rayonda əsas kapitala vəsait qoyuluşu 77 milyon 563 min manat olmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 3 dəfə çoxdur.
Əsas kapitala vəsait qoyuluşu,
min manat
Vəsait qoyuluşları çərçivəsində 2008-2017-ci illərdə Şərur Rayon Mərkəzi Xəstəxanası, Olimpiya-İdman Kompleksi, Fizika-Riyaziyyat Təmayüllü Lisey olmaqla, 39 təhsil ocağı, o cümlədən 12 min 838 şagird yerlik 34 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 1 uşaq incəsənət məktəbi, 2 uşaq musiqi məktəbi, 30 səhiyyə, 27 mədəniyyət, 8 idman obyekti, 54 inzibati bina, 450-yə yaxın istehsal, xidmət və digər infrastruktur obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Şərur rayonunda əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Şərur şəhəri və ona yaxın kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin birinci mərhələsinin tikintisi başa çatdırılmışdır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2017-ci ildə Şərur rayonunda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 26 min 704 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2007-ci ildəki göstəricidən 3,9 dəfə çoxdur. 2017-ci ildə Şərur rayonunda əhalinin şəxsi vəsaiti hesabına istifadəyə verilmiş yaşayış sahəsi muxtar respublika üzrə ümumi göstəricinin 7,1 faizini təşkil etmişdir.
2017-ci ildə rayonda nəqliyyat sektorunda yük daşınması 2007-ci illə müqayisədə 96,6 faiz artaraq 2031,7 min tona, sərnişin daşınması 80,6 faiz artaraq 13 milyon 837 min nəfərə çatmışdır. Bu dövr ərzində yük və sərnişin daşınmasından, bütövlükdə, 5334,5 min manat gəlir əldə edilmişdir ki, bu da 2007-ci ildəki göstəricidən 2,1 dəfə çoxdur.
İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir. 2017-ci ildə Şərur rayonunda informasiya və rabitə xidmətlərinin dəyəri 2007-ci illə müqayisədə 2,5 dəfə artaraq 7 milyon 276 min 800 manat olmuşdur ki, bu da muxtar respublika üzrə ümumi rabitə xidmətlərinin 14,6 faizini təşkil edir.
Əhali artımına uyğun olaraq 2008-2017-ci illər ərzində Şərur rayonunda 6056 yeni iş yeri yaradılmışdır ki, bunun da 5354-ü və ya 88,4 faizi daimi iş yeridir. Şərur rayonunda 1 yanvar 2018-ci il tarixə məşğul əhalinin sayı 57,9 min nəfər olmuşdur ki, bu da muxtar respublika üzrə ümumi məşğul əhalinin 24,6 faizini təşkil etmişdir. 2017-ci ildə Şərur rayonunda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2007-ci ildəki göstəricini 2,8 dəfə üstələyərək 403,7 manata çatmışdır.
Səmərəli məşğulluq imkanlarının yaradılması əhali gəlirlərinin artmasına və onun alıcılıq qabiliyyətinin yüksəldilməsinə müsbət təsir göstərmişdir. Şərur rayonunda 2017-ci ildə istehlak bazarında əhaliyə 437 milyon 717 min 400 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 6,2 dəfə çoxdur. 2017-ci ildə rayon üzrə satılmış istehlak mallarının və ödənişli xidmətlərin dəyəri muxtar respublika üzrə ümumi göstəricinin 23,1 faizini təşkil etmişdir.
Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə
göstərilən ödənişli xidmətlərin dəyəri, min manat
2017-ci ildə rayonun istehlak bazarında satılmış məhsulların 384 milyon 603 min manatı pərakəndə əmtəə dövriyyəsinin, 53 milyon 114 min 400 manatı isə ödənişli xidmətlərin payına düşmüşdür ki, bu da 2007-ci ildəki müvafiq göstəricilərdən 6,3 və 5,4 dəfə çoxdur.
Bütün sahələrdə qazanılmış uğurlar mühüm göstərici kimi ümumi məhsul istehsalının dinamik və davamlı artımını təmin etmiş, 2007-ci illə müqayisədə ümumi məhsul istehsalı 4,5 dəfə artaraq 2017-ci ildə 545 milyon 407 min manat olmuşdur. 2017-ci ildə muxtar respublikada qeydə alınmış ümumi məhsul istehsalının 15,9 faizi Şərur rayonunun payına düşmüşdür.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, Şərur rayonunda əhalinin sayı 1 yanvar 2018-ci il tarixə 115 min 575 nəfər olmuşdur ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 14,6 faiz çoxdur.
Aparılan təhlillər deməyə əsas verir ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi Şərur rayonunda əldə olunmuş uğurların, qazanılmış nailiyyətlərin davamlılığı gələcək inkişafımızın daha parlaq olacağına zəmin yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti