Son illərdə bölgələrimizdə aparılan quruculuq tədbirlərindən Culfa rayonunun Kırna kəndi də bəhrələnib. Belə ki, bu yaşayış məntəqəsində 4 obyektdə inşaat işləri gedir. Bunlardan biri 306 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. Bu quruculuq tədbirinin həyata keçirilməsinə cari ilin mart ayından start verilib. Yenidən qurulan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yaşayış məntəqəsində inşa edilən daha bir bina isə kənd mərkəzi üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində rabitə evi, baytarlıq və polis sahə məntəqələri, kitabxana, arxiv, ikinci mərtəbədə isə bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik yerləşəcək. Kənddə həkim ambulatoriyasının da tikintisi sürətlə aparılır. Binanın birinci mərtəbəsinin tikintisi başa çatdırılıb, ikinci mərtəbədə qəlib işləri görülür. Daha bir tikinti obyekti olan xidmət mərkəzi üçün nəzərdə tutulan binanın inşasında da sürətli iş prosesi hökm sürür. Sözügedən obyektlərdə inşaat işlərini Culfa Rayon Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları həyata keçirirlər.
Xəbərlər şöbəsi