Son illərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Ötən dövrdə, xüsusilə son onillikdə dinamik iqtisadi inkişafın təmin edilməsi və davamlı xarakter alması yoxsulluğun azaldılmasına, əhalinin sosial rifahının yüksəldilməsində davamlı nailiyyətlərin qazanılmasına geniş imkanlar açıb. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi muxtar respublikanın gələcək inkişaf perspektivlərini müəyyən edib.
Təsadüfi deyil ki, 2017-ci ilin nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub.
Təbii ki, muxtar respublikada gedən inkişaf proseslərinin ümumi xronologiyası həyata keçirilən tədbirlərin mahiyyətində insan amilinin dayandığını göstərir. Bu gün regionumuzun ən ucqar yaşayış məntəqələrində belə, əhalinin gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalarla (elektrik enerjisi, qaz, rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair) təmin olunması, təhsil, səhiyyə, mədəni xidmətlərin əlçatanlığı, məşğulluq məsələlərinin həlli və digər sahələr üzrə həyata keçirilən tədbirlər insan kapitalı potensialının gücləndirilməsi istiqamətində görülən işlərdir. Bütün bunlar dövlətimizin siyasi iradəsini ortaya qoyur. Hazırda insan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, doğum, ömür uzunluğu, yaşlanma və digər tərəflərlə ölçülür. Bu inkişafın əsas meyarlarından biri əhalinin layiqli yaşayış standartları ilə təmin olunmasıdır. Eyni zamanda sosial-iqtisadi inkişaf nəticəsində əldə olunmuş rifah səviyyəsi əmək potensialından səmərəli istifadə edilməklə məşğulluq səviyyəsi, işləyənlərin məhsuldarlığı, əhalinin gəlirləri, iş şəraiti və digər amillər, həmçinin ölkənin hər bir vətəndaşının ehtiyaclarını nəzərə almaqla dövlətin gəlirlərinin bölüşdürülməsi sisteminin səmərəliliyi ilə müəyyən olunur.
Qeyd edək ki, ötən müddət ərzində muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, xüsusilə müxtəlif sahələrin inkişafı məqsədilə qəbul edilmiş dövlət proqramları və bu proqramların uğurlu icrası digər sahələr kimi, demoqrafik sahədə də müsbət meyillərin yaranmasına səbəb olub. Demoqrafik sabitliyin qorunmasında əsas amildən biri yuxarıda da qeyd olunduğu kimi, əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsidir. Muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi sahəsində indiyədək bir sıra mühüm tədbirlər həyata keçirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbulu isə bu sahənin inkişafında yeni mərhələnin başlanmasına şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə muxtar respublikada 2437 yeni iş yeri yaradılıb ki, bunun da 2382-si və ya 97,7 faizi daimi iş yerləridir.
Ümumi daxili məhsul istehsalı və bu istehsalın hər bir nəfərə düşən pay həcmi də iqtisadi inkişafın əsas göstəricilərindən hesab olunur. 2017-ci ildə muxtar respublikada 2 milyard 701 milyon 663 min manat dəyərində ümumi daxili məhsul əldə olunub ki, bunun hər bir nəfərə düşən həcmi 2016-cı illə müqayisədə 3,6 faiz artaraq 5 min 990 manat təşkil edib. Bütün bunlar isə muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməklə yanaşı, demoqrafik proseslərə də müsbət təsir göstərib.
Statistik məlumatlara nəzər salsaq, görərik ki, 1 yanvar 2018-ci il tarixə muxtar respublikada əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 60 min 994 nəfər artaraq 452 min 831 nəfər olub. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Bir kvadratkilometrə düşən əhalinin sayı isə 82 nəfər təşkil edib ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer üzrə isə Naxçıvan şəhəri qeydə alınıb. Belə ki, paytaxt şəhərində bir kvadratkilometrə 485 nəfər düşür.
Bundan əlavə, komitənin məlumatına görə, 2017-ci ildə muxtar respublikada 5681 nəfər doğum qeydə alınıb, doğulanların 2899 nəfərini və ya 51 faizini oğlanlar, 2782 nəfərini və ya 49 faizini isə qızlar təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 81 min 807 nəfər uşaq doğulub.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların say göstəricisini aşağı salıb. Əgər 2007-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfər hesabı ilə 5,3 nəfər olmuşdursa, hazırda bu göstərici 4,4 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 2007-ci ildə 2,5 nəfər qeydə alındığı halda, 2017-ci ildə bu göstərici 1,6 nəfər olub.
Nəzərə alaq ki, ötən əsrin 90-cı illərindən başlayaraq doğulan uşaqlar hazırda muxtar respublikada gənc əhali qrupunun əsasını təşkil edir. Sağlam əhali artımı isə o zaman qeydə alınır ki, gənc əhali ümumi əhali sayında tələb olunan səviyyəyə çatsın. Yəni yeni doğulanların sayı yaşlanan nəslin sayının önünə keçsin. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 yanvar 2018-ci il tarixə muxtar respublikada gənclərin sayı 139 min 472 nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir. Bu göstərici onun təsdiqidir ki, gənclər muxtar respublikanın ümumi əhali qrupunda mühüm yerə malikdir və əhali dinamikasında əhəmiyyətli rol oynayır. Eyni zamanda bunu da qeyd etməliyik ki, hazırda əhali artımındakı müsbət meyillər əvvəlki illərdən xeyli fərqlənir. Tibbi xidmətin səviyyəsinin ildən-ilə yaxşılaşdırılması, sosial məsələlərin həlli, vətəndaşların yaşayış standartlarının yüksəldilməsi, ümumilikdə, hərtərəfli inkişafın əhali artımına müsbət təsiri isə danılmazdır.
Səbuhi HƏSƏNOV