Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işlərindən Şahbuz rayonunun Qızıl Qışlaq kəndinə də pay düşüb. Burada 110 şagird yerlik yeni məktəb binası tikilir. Layihəyə əsasən, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Binanın zirzəmisində və birinci mərtəbəsində arakəsmələr işlənir, ikinci mərtəbədə beton-qəlib işləri başa çatdırılaraq çardaq hissəsinin qurulmasına hazırlıq görülür. Yeni məktəb binasında sinif otaqları, kitabxana, elektron lövhəli sinif və bir kompyuter sinfi, laboratoriya müəllim və şagirdlərin ixtiyarına veriləcək. Bina üçün fərdi qazanxana da yaradılacaq.
Kənddə inşa edilən digər bir bina kənd mərkəzi üçün nəzərdə tutulub. Bina iki mərtəbədən ibarət olacaq.
Qızıl qışlaqlılar yeni bir obyektdən isə xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana, məişət cihazlarının təmiri sexləri fəaliyyət göstərəcək. Adıçəkilən hər üç tikinti obyektinin inşasını Şahbuz Rayon Tikinti-Quraşdırma İdarəsi aparır.
Lazım olan tikinti materialları ilə təmin edilən obyektlərin vaxtında təhvil verilməsi üçün bütün tikintilərdə çalışan inşaatçılara, müxtəlif peşə sahiblərinə hərtərəfli şərait yaradılıb. Obyektlərdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqət mərkəzində saxlanılır.
Xəbərlər şöbəsi