23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda bütün sahələrlə yanaşı, bank-kredit fəaliyyəti istiqamətində də yeni-yeni uğurlar əldə edilir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə “Naxçıvanbank” ASC iki nominasiya üzrə qalib olub. “Naxçıvanbank” ASC “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında I yer, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə isə III yerə layiq görülüb.  

 Aprelin 2-də “Naxçıvanbank” ASC-də bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov bildirib ki, muxtar respublikamızın davamlı iqtisadi inkişafında bank-kredit təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Ayrı-ayrı sahələrə kreditlər verməklə real sektorun dəstəklənməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması, əhali məşğulluğunun təmin edilməsində banklarımız mühüm funksiyalar yerinə yetirirlər. Bank xidmətlərinin vətəndaşlar üçün daha da əlçatan edilməsi məqsədilə elektron bank infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər isə qısa zamanda öz bəhrəsini verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında elektron ödəniş xidmətlərinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Nəticədə, muxtar respublikada POS-terminalların sayı 1265-ə, ödəniş kartlarının sayı 268 min 955-ə, bankomatların sayı 105-ə, bank hesablarının sayı isə 43 min 684-ə çatdırılıb. 

Qeyd olunub ki, muxtar respublikada nağdsız ödənişlərin genişləndirilməsində “Naxçıvanbank” ASC də böyük rol oynayıb. Bank öz fəaliyyəti dövründə əhaliyə müasir bank xidmətlərinin göstərilməsi və yeni bankçılıq texnologiyalarının mənimsənilməsində mühüm nailiyyətlər qazanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev çıxışında vurğulayıb ki, göstərdiyi şəffaf və mütərəqqi bank xidmətləri ilə muxtar respublika sakinlərində bank sektoruna olan inamın daha da artırılmasında mühüm rol oynayan “Naxçıvanbank” ASC-nin ötən ilin yekunlarına görə iki nominasiya üzrə qalib adı alması təsadüfi deyil. Belə ki, “Naxçıvanbank” ASC təklif etdiyi bank xidmətlərinin keyfiyyətinin daim yüksəldilməsi, əhalinin nağdsız ödənişlərə olan marağının artırılması üçün maarifləndirici tədbirlər həyata keçirilməsi və elektron bankçılıq sahəsində pilot layihələrin reallaşdırılması istiqamətində fəallıq göstərib.
Tədbirdə “Naxçıvanbank” ASC-nin idarə heyətinin sədri Azər Məmmədov qeyd edib ki, əhaliyə keyfiyyətli elektron bank xidmətlərinin göstərilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə həyata keçirilən işlər arasında nağdsız ödənişlərin həcminin daha da genişləndirilməsi və mütərəqqi dünya təcrübəsinin tətbiq olunması xüsusi yer tutur. O qeyd edib ki, hazırda “Naxçıvanbank” ASC əhalinin daha rahat və sərfəli şəkildə bank xidmətlərindən yararlanması üçün baş ofis və 5 filialında 421-i hüquqi, 33 min 704-ü fiziki şəxs olmaqla, ümumilikdə, 34 min 125 müştəriyə xidmət göstərir. Nağdsız ödənişlərin həcminin artırılması və mövcud infrastrukturun təkmilləşdirilməsi məqsədilə bir çox obyektlərdə POS-terminallar quraşdırılıb, onlardan səmərəli istifadə təmin edilib. Belə ki, bank tərəfindən əhalinin plastik kartlardan istifadə edərək nağdsız ödənişləri həyata keçirməsi məqsədilə quraşdırılmış POS-terminalların sayı 802-yə çatdırılıb. Bununla yanaşı, 2018-ci ildə məsafəli bank xidmətlərinin genişləndirilməsi üçün 10 ədəd “Ödəmə məntəqəsi” quraşdırılaraq əhalinin istifadəsinə verilib. Cari il ərzində daha 40 ədəd “Ödəmə məntəqəsi” muxtar respublikanın rayon və kənd mərkəzlərində quraşdırılacaqdır.
Diqqətə çatdırılıb ki, 1 aprel 2018-ci il tarixə “Naxçıvanbank” ASC-yə məxsus bankomatların sayı 34 ədəd olub və cari ilin sonuna Culfa və Ordubad rayonlarında əlavə bankomatların quraşdırılması nəzərdə tutulub.
“Naxçıvanbank” ASC 2012-ci ildən “MasterCard”, 2015-ci ildən isə “VİSA” beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Hazırda bank 23 min 147 ədəd kart emissiya edib. Həmçinin müştərilərin POS-terminal əməliyyatları zamanı vaxt itkisinin qarşısını almaq üçün təmassız ödəmə POS-terminalları və bu xidməti dəstəkləyən ödəniş kartları müştərilərin istifadəsinə verilib. Bundan əlavə, kart sahibləri bankın “SMS banking”, “İnternet banking” və “Mobile banking” xidmətlərindən istifadə edirlər.
“Naxçıvanbank” ASC-yə məxsus POS-terminallar və digər ödəniş sistemləri vasitəsilə 2017-ci il ərzində ödəniş kartları ilə 4 milyon 622 min manat nağdsız əməliyyatlar aparılıb ki, bundan 2 milyon 39 min manatı POS-terminal, 2 milyon 583 min manatı elektron ticarət əməliyyatlarıdır.
Sonra nominasiyalar üzrə “Naxçıvanbank” ASC-nin layiq görüldüyü mükafatlar təqdim olunub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR