Muxtar respublikada sahibkarlıq subyektlərinin sayının artması, onlar üçün kreditlərin verilməsi yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinə də müsbət təsir edib. Belə subyektlərdən biri də Şərur rayonunun Zeyvə kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatıdır.
Bu günlərdə həmin müəssisədə olduq. “Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmməd Tağıyev bildirdi ki, müəssisə 7 hektarlıq geniş bir ərazini əhatə edir. Sahibkarlığa Kömək Fondundan alınan dövlət maliyyə dəstəyi ilə istehsal sahəsində Türkiyə, İtaliya mənşəli müasir avadanlıqlar quraşdırılıb. İstehsal sahələrində avtomatik rejimdə işləyən havalandırma və istilik sistemləri qoşulub, enerji kəsintisinin qarşısını almaq üçün generator qoyulub. Müəyyən olunan qrafikə əsasən istehsal sahələrində dezinfeksiya işləri aparılır. Müəssisədə kəsim sexi, ümumi tutumu 150 ton olan 2 soyuducu anbar, laboratoriya, yem anbarı, yeməkxana, baytar və digər iş otaqları var.
Sahibkarın sözlərinə görə, yaradılan şərait 55 gün ərzində 150 ton quş əti və gündəlik 35 min yumurta istehsal etməyə imkan verir.
Burada 10-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin hazır məhsullar saxlanan bölümündə satışa çıxarılacaq quş əti və yumurtanın saxlanma şəraiti ilə maraqlandıq. Toyuqlar kəsilir, təmizlənir, yuyulur və 3 mərhələli soyuducudan keçir. Əvvəlcə toyuq əti soyuducuda 30-40 dəqiqə ərzində sıfır dərəcəyədək soyudulur, paketlənir, sonra digər soyuducu anbarda mənfi 40 dərəcədə 8 saat saxlanılır, sonuncu – üçüncü mərhələdə isə hazır məhsul başqa bir soyuducu anbara yerləşdirilir, burada mənfi 18 dərəcə temperaturda saxlanılır və satışa çıxarılır. Məhsulların üzərində tərkibi, saxlanma şəraiti, istehsal və son istifadə tarixi göstərilir.
Müsahibimiz bildirdi ki, istehlakçılar tərəfindən get-gedə bu məhsullara olan maraq artmaqdadır. Bunu ticarət şəbəkələrindən, ayrı-ayrı şəxslərdən alınan sifarişlərdən də görmək olar. İstehsal olunan məhsullar təkcə Şərur rayonunda deyil, Naxçıvan şəhərində də özünə xeyli sayda alıcı toplayıb. “Şərur broyler” ticarət nişanı ilə satışa çıxarılan məhsulların pərakəndə ticarət obyektlərinə çatdırılması üçün nəqliyyat vasitəsi də vardır.
Müəssisə ilə tanışlıqdan gəldiyimiz qənaət isə belə oldu ki, “Şərur broyler” muxtar respublikada əhalinin quş ətinə olan tələbatının ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına töhfəsini verməyə çalışır.
Ramiyyə ƏKBƏROVA