23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 16 fevral tarixli “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncamı bölgə sakinləri ilə yanaşı, muxtar respublika ictimaiyyəti tərəfindən də böyük sevinc hissi ilə qarşılanıb. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin əməli nəticəsi kimi yaradılan rayon təşkil edildiyi gündən böyük bir inkişaf yolu keçib. Bölgədə genişmiqyaslı kompleks quruculuq tədbirlərinin aparılması, müxtəlif sosial obyektlərin həyata vəsiqə alması Babəki müasir Azərbaycan rayonuna çevirib. Bölgədə yeni emal və istehsal müəssisələri yaradılıb, aqrar sahənin inkişafı diqqətdə saxlanılıb, əhalinin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü işlər görülüb, insanların sosial müdafiəsinin gücləndirilməsi prioritet vəzifəyə çevrilib. 

Məlumat üçün onu da bildirək ki, hələ on il bundan əvvəl, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında” 2008-ci il 7 iyun tarixli Sərəncamına əsasən rayonda keçirilən tədbirlərdə bölgənin 30 illik inkişaf yolu təhlil edilib, verilişlər hazırlanıb, yazılar dərc olunub. Həmin materiallarda çox qısa bir zaman kəsiyində qazanılan uğurlar öz əksini tapıb. Bu münasibətlə işıq üzü görən “Babək rayonu – 30” adlı tarixi-statistik məcmuədə də bu dövrdə həyata keçirilən işlərin həcminə təəccüblənməmək mümkün deyil. Bəhs olunan dövrdə rayonda sənayenin, kənd təsərrüfatının, rabitə və nəqliyyat infrastrukturunun, informasiya-kommunikasiya texnologiyalarının, təhsil, mədəniyyət, səhiyyə sahələrinin inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlər son 10 ildə də davamlı xarakter alıb. Belə tədbirlərdən aqrar sahəyə də xeyli pay düşüb. Bu sahədən danışarkən, ilk növbədə, ölkə­mizdə ötən əsrin sonlarında əsası qoyulmuş aqrar islahatlar dövrünə qayıtmağa ehtiyac var. Bu məsələnin də həlli ümummilli liderimizin adı ilə bağlıdır.

Həmin islahatlara ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərərkən, məhz görkəmli dövlət xadiminin rəhbərliyi ilə 6 aprel 1992-ci ildə start verilib. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib. Əvvəlcə Culfa rayonunun Gal və Şurud kəndlərini əhatə edən “Azərbaycan” sovxozunun torpaq və ­əmlak payı kənddə yaşayan əhali arasında proporsional şəkildə bölünüb. Sonra isə muxtar respublikanın digər rayonlarında da bu proses davam etdirilib.
Babək rayonunda aqrar islahatların ilk mərhələsində 16 min 417 ailəyə 10 min 687 hektar torpaq sahəsi verilib, 349 yük avtomobili, 204 traktor, 48 taxılyığan, 22 silos və yemyığan kombayn özəlləşdirilib. Rayon ərazisində meliorasiya işini yaxşılaşdırmaq məqsədilə 1978-ci ildən ötən dövr ərzində 38 nasos stansiyası, 45 subartezian quyusu tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib, 7 su anbarı yaradılıb. 2005-ci ildə Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunun 13 min 869 hektar sahəsinin suvarılması təmin olunub, 4364 hektar yeni sahə əkin dövriyyəsinə daxil edilib. 2007-ci ildə muxtar respublika üzrə kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 24 faizi, yaxud 28 milyon 904 min manatı Babək rayonunun payına düşüb.
Kənd təsərrüfatında iqtisadi fəal­lığın xüsusi mülkiyyət üzərində qurulması islahatlardan ötən dövr ərzində bu rayonda da öz bəhrələrini verib. Aqrar sahədə islahatların uğurla başa çatdırılması kənd əhalisinin rifah halının yüksəldilməsinə, aqrar sahədə çalışan istehsalçılara zəruri texniki, maliyyə və informasiya dəstəyinin gücləndirilməsi bu sahədə idarəetmə mexanizminin müasir tələblər səviyyəsində qurulması istiqamətində işin səmərəli təşkilinə əsaslı zəmin yaradıb. “Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli qərarına əsasən mineral gübrələrin güzəştlə satışı və əkin sahəsinin becərilməsində hər hektara istifadə edilən yanacaq və motor yağlarına görə 40, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 26 noyabr tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda əkini üçün hər hektara əlavə olaraq 40 manat yardımın verilməsi muxtar respublikanın hər yerində olduğu kimi, Babək rayonunda da bir sıra uğurlara yol açıb.
“Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncamda oxuyuruq: “Babək rayonu muxtar respublika iqtisadiyyatının inkişafında da mühüm rol oynayır. Rayonda müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafını təmin etmişdir. Fermer və torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin artırılması, müxtəlif güzəştlərin tətbiqi, texnika və avadanlıqlarla təminatın yaxşılaşdırılması, meliorasiya tədbirlərinin gücləndirilməsi, yeni açıq və qapalı su xətlərinin çəkilməsi kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir göstərmişdir”.
Statistik rəqəmlərə müqayisəli şəkildə nəzər salsaq, ötən illər ərzində həyata keçirilən tədbirlərin bəhrələrini görə bilər, aqrar sahənin böyük sürətlə inkişaf etdiyinin şahidi olarıq. Burada bir amili də xüsusi vurğulamağa ehtiyac var. Babəklilər 20 ildən artıqdır ki, öz torpaqlarının sahibidirlər. Onlara bu qiymətli sərvətdən səmərəli istifadə etmək üçün hərtərəfli şərait yaradılıb. Torpaq da ona əyilənə səxavətini əsirgəmir. Bu səxavət isə yaxşı gün-güzəran, daxili bazara töhfə, muxtar respublika iqtisadiyyatına kömək deməkdir. Keçək faktlara. 2007-ci ildə rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 14,7 min hektar olub. Bu, 1978-ci illə müqayisədə 21,5 faiz artım deməkdir. Getdikcə əkin sahələri genişləndirilərək 2017-ci ildə 16 min 172 hektara çatdırılıb.
2007-ci ildə dənli və dənli-paxlalı bitkilərin əkin sahəsi 1978-ci illə müqayisədə 24,7 faiz artaraq 8,7 min hektara, məhsul istehsalı 2,2 dəfə artaraq 28,6 min tona, məhsuldarlıq isə 74,1 faiz artaraq orta hesabla 32,9 sentnerə çatıb. Ötən il isə rayonda 10 min 628 hektarda dənli və dənli-paxlalı bitkilərin əkini keçirilib, sahələrdən 33 min 507 ton məhsul yığılıb.
Rayonda taxıl əkininə yüksək önəm verilir. Bunun nəticəsidir ki, bölgədə buğda əkini sahələri 1978-ci illə müqayisədə 14,8 faiz artaraq 5,9 min hektar, məhsul istehsalı 2 dəfə artaraq 20,2 min ton, məhsuldarlıq isə 75,2 faiz artaraq orta hesabla 34 sentner təşkil edib. 2017-ci ildə isə 6964 hektar buğda əkini sahəsindən 22 min 124 ton buğda, 3456 hektar arpa əkini sahəsindən 10 min 696 ton arpa tədarük olunub.
Bölgədə iqlim şəraiti və torpaq xüsusiyyətləri, həmçinin daxili tələbat nəzərə alınmaqla kartofçuluğun inkişafına xüsusi yer verilir. Torpaqlardan səmərəli istifadə, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 2007-ci ildə kartofun əkin sahəsi rayonun yarandığı dövr ilə müqayisədə 10 dəfə artaraq 265 hektar, məhsul istehsalı 21,2 dəfə artaraq 4,5 min ton, məhsuldarlıq isə 2,1 dəfə artaraq orta hesabla 167,8 sentner olub. 2017-ci ildə kartof əkini sahəsi 476 hektara çatdırılıb, sahələrdən 8739 ton kartof yığılıb. Məhsuldarlıq orta hesabla 183,6 sentner təşkil edib.
Muxtar respublika sakinlərinin yerli tərəvəz məhsullarına olan tələbatının ödənilməsində Babəkin torpaq mülkiyyətçiləri mühüm rol oynayırlar. Bu səbəbdəndir ki, ötən dövr ərzində rayonda tərəvəzin əkin sahəsi 14 dəfə artaraq 2,2 min hektar, məhsul istehsalı 10,4 dəfə artaraq 17,4 min ton olub. Ötən il isə 2093 hektar tərəvəz bitkiləri əkini sahəsindən 23 min 974,2 ton tərəvəz məhsulları yığılıb.
2007-ci ildə bostan bitkilərinin əkin sahəsi 1978-ci illə müqayisədə 21 dəfə artaraq 1,8 min hektar, məhsul istehsalı 90,1 dəfə artaraq 26,4 min ton, məhsuldarlıq isə 4,3 dəfə artaraq 149,3 sentner olub. 2017-ci ildə 1511 hektar bostan bitkilərinin əkin sahəsindən 22 min 458 ton bostan məhsulları yığılıb.
2007-ci ildə meyvə və giləmeyvə bağlarının sahəsi 1978-ci illə müqayisədə 4,2 dəfə artaraq 0,3 min hektar, məhsul istehsalı 75 dəfə artaraq 5,3 min tona çatdırılıb. Ötən il meyvə bağlarından 7008,9 ton məhsul yığılıb. İl ərzində yeni meyvə bağlarının salınması davam etdirilib, 10 min 600 ədəd meyvə tingi əkilib. Üzüm bağlarından 5842,8 ton məhsul toplanılıb. Bəhs olunan dövrdə 3080 üzüm tingi basdırılıb.
Qeyd edək ki, rayonda təkrar əkinlərin aparılmasına da ciddi önəm verilir. Bəhs olunan dövrdə 189,4 hektar sahədə təkrar əkin aparılıb, 2018-ci ilin məhsulu üçün 10 min 237 hektar sahədə payız əkini üçün şum qaldırılıb. 2017-ci ildə 10 min 216 hektar sahədə dən üçün payızlıq səpin aparılıb. Bunun da 7170 hektarı buğda, 3046 hektarı isə arpadır.
2017-ci ildə Babək rayonunun kənd və balıqçılıq təsərrüfatlarında 90348,1 min manatlıq məhsul istehsal edilib.
Burada bir məsələni xüsusi vurğulamaq gərəkdir. Aqrar sahədə əldə olunan uğurlarda sahibkarlıq subyektləri və ailə təsərrüfatları xüsusi çəkiyə malikdirlər. Məlumat üçün bildirək ki, yaradılanda sahibkarlıq subyekti barmaqla sayılası qədər az olan rayonda bu gün 68 sahibkar və ailə təsərrüfatı qeydiyyatdadır. Müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan zəhmət adamları hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər. Rayon mərkəzi Babək qəsəbəsi, Nehrəm, Zeynəddin, Cəhri və başqa kənd yaşayış məntəqələrində fəaliyyət göstərən təsərrüfatlar istehsal etdikləri məhsullarla daxili bazara töhfələrini verirlər. Ötən il Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında babəkli sahibkarların məhsullarına yüksək qiymət verilib. Həmin məhsullara muxtar respublikanın bütün bölgələrində fəaliyyət göstərən mağaza və ictimai iaşə obyektlərində rast gəlmək olar. Bu isə o deməkdir ki, rayonda aqrar sahə yeni müstəvidə inkişaf etdirilir.

* * *

Babəklilər rayonun 40 yaşını qeyd etməyə hazırlaşırlar. 40 ildə bir əsrə bərabər yol keçilən bölgədə hamının üzü gülür. Çünki Babəkin müasir Azərbaycan rayonuna çevrilməsində sakinlərin də böyük əməyi var. Onlar həyatın bütün sahələrində fəallıq göstərib, bölgəyə göstərilən qayğıya əməli işləri ilə cavab verməyə çalışıblar. Ömrünü aqrar sahənin inkişafına bağlayan torpaq mülkiyyətçiləri, fermerlər də bu proseslərdə böyük fəallıq göstəriblər. Çəkdikləri zəhmət hədər getməyib. Bu gün isə onların məsuliyyəti bir qədər artıqdır. Təşkil olunmasının 40 illiyini daha yüksək göstəricilərlə qeyd etmək üçün torpaq adamları artıq sahələrdə də ilk əkinlərə başlayıblar. Onlar əmindirlər ki, 2018-ci yubiley ilini də uğurla başa vuracaqlar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR