Şahbuz rayonu kənd təsərrüfatı üçün yararlı ərazidə yerləşdiyindən burada heyvandarlığın inkişafı daim diqqətdə saxlanılan sahələrdəndir. Buna görə də təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı ilbəil artır, heyvandarlıq məhsullarının istehsalı çoxalır. Ötən il rayonda 21 min 845 baş iribuynuzlu, 117 min 941 baş xırdabuynuzlu, 120 min 541 quş, 20 min 384 arı ailəsi mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, heyvandarlığın inkişafına nail olmaqda baytarlıq xidmətinin nümunəvi təşkili əsas amildir. Bu işin lazımi səviyyədə qurulması heyvanların məhvinin, insanların isə sağlamlığına təhlükə törədən xəstəliklərin qarşısını alır.
Dünyada 160-a yaxın elə xəstəlik var ki, onlar yalnız heyvan və heyvandarlıq məhsulları ilə insanlara yoluxa bilir. Baytarlıq xidmətinin düzgün təşkili isə belə xəstəliklərin qarşısını tamamilə almaqla insanların onlara yoluxmaq təhlükəsini də aradan qaldırır. Bu məqsədlə aparılan peyvənd işlərinin davamlılığı öz müsbət təsirini göstərir. Rayon baytarlıq idarəsinin kollektivi tərəfindən yoluxucu, parazitar və digər xəstəliklərə qarşı vaxtlı-vaxtında tədbirlər görülür. Ötən il qarayara, bruselyoz, dabaq, pasterellyoz, emkar, bradzot, çiçək, nodulyar-dermatit, aueski, taun xəstəliklərinə qarşı baytarlıq tədbirlərinin vaxtında və yüksək keyfiyyətlə aparılmasının nəticəsidir ki, rayonda mal-qara və quşlar arasında yoluxucu xəstəliklərin baş verməsinə təsadüf edilməyib.
İnsanların heyvandarlıq məhsulları vasitəsilə yoluxma təhlükəsi olan bruselyoza qarşı 2018-ci ilin ötən dövrü ərzində 2877 baş iribuynuzlu heyvanın qanı yoxlanılmışdır. Bundan əlavə, 10 min 876 baş iribuynuzlu, 980 baş təkdırnaqlı, 997 baş xırdabuynuzluda isə bradzot xəstəliyinə görə peyvənd aparılıb.
“Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamında qeyd olunur: “Ölkədə qeyri-neft sektorunun vacib tərkib hissəsi kimi aqrar sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir... Yeni qurulan və müasir avadanlıqla təchiz edilmiş infrastruktur, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə yaradılan süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynamaqdadır”.
Bu sərəncam 2008-ci ildən süni mayalandırma məntəqəsinin fəaliyyət göstərdiyi Şahbuz rayonunda baytarlar qarşısında iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması, onlardan daha çox məhsul əldə edilməsi istiqamətində yeni vəzifələr qoyur. Onlar işə daha məsuliyyətlə yanaşmağa, heyvandarlığın inkişafı üçün hərtərəfli şərait olan rayonda buna nail olmağa çalışırlar. Qeyd edək ki, 2017-ci ildə 303, cari ilin ötən dövründə isə 38 baş iribuynuzlu heyvan süni mayalandırılmış, onlardan 132 cins buzov doğulmuşdur.
Baytarlıq idarəsinin kollektivi mütəmadi olaraq yaz və yay fəsillərində mal-qaranın yaylaqlara qaldırılması ilə əlaqədar olaraq arxaclarda, qaşarlarda, qış aylarında isə tövlə və heyvan saxlanılan yataq yerlərində infeksion və invazion xəstəlikləri törədən mikroblara, həşəratlara, gəmiricilərə qarşı dezinfeksiya, dezinvaziya, dezinseksiya və dezratizasiya işləri aparır. Bu məqsədlə yeni ilin ötən iki ayında 242 obyektdə 23 min 575 kvadratmetr sahə dezinfeksiya və dezinseksiya olunub. İnfeksion xəstəliklərlə əlaqədar su hövzələrində – Vayxır Su Anbarı, Naxçıvan çayı, Batabat gölü ətrafında monitorinqlər keçirilib.
Rayonda istehsal olunan heyvandarlıq məhsullarının keyfiyyəti də idarə tərəfindən nəzarətdə saxlanılır. Bu məqsədlə Şahbuz şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərindəki ticarət mərkəzlərində baytarlıq qaydalarına əməl olunması üçün yoxlamalar aparılır, satılan ət müntəzəm olaraq laborator müayinədən keçirilir.
Heyvandarlıq məhsulları istehsalının artırılmasında və keyfiyyətinin yaxşılaşdırılmasında baytarlıq xidmətinin mühüm əhəmiyyəti var. Ona görə də rayon baytarları 2018-ci ilin əvvəlindən baytarlıq xidmətinin təşkili ilə bağlı hazırlanmış tədbirlər planına ciddi əməl etməklə çalışırlar ki, dövlət qayğısı ilə yaradılan hərtərəfli şəraitdən istifadə edib muxtar respublikamızın iqtisadiyyatında mühüm çəkiyə malik olan heyvandarlığın inkişafını təmin etsinlər.
Mətanət MƏMMƏDOVA