Daha bir təsərrüfat ilinə qədəm qoymuşuq. Havaların istiləşməsi, yazın gəlişi torpaq mülkiyyətçiləri üçün bir sıra qayğılar gətirib. Torpağı daimi iş yerinə çevirən muxtar respublika sakinlərinin bu qayğıları meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini daha da sürətləndirib.
Su təmizlik, su aydınlıq, su həyat deməkdir. Həyatımız isə ərzaq təhlükəsizliyinin təmin olunmasından xeyli dərəcədə asılıdır. Son illər muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir naxçıvanlını ürəkdən sevindirir. Çünki həmin tədbirlərin nəticələrini hər birimiz öz həyatımızda görürük.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumatda bu təsərrüfat ilində də çəkilən zəhmətin hədər getməyəcəyini, zəhmətə bağlanan insanların maddi rifah halının daha da yaxşılaşdırılmasında əvəzsiz rolu olan torpaqlardan səmərəli istifadəsini təmin edəcək işlərin davam etdirildiyi bildirilir. Bu tədbirlər fevral ayında bir neçə istiqamətdə həyata keçirilib.
Öncə onu qeyd edək ki, yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmaq, sahələri suvarma suyu ilə təmin etmək üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Yeri gəlmişkən, mart ayının 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb. Qapalı suvarma şəbəkəsi “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində qurulacaq. Layihəyə uyğun olaraq ərazidə 2065 metr dəmir borularla ana xətt, 6402 metr magistral xətt, 42 min 303 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi və qrunt sularının axıdılması üçün 3 min metr açıq kollektor çəkiləcək. Xətlərin üzərində 7 sutənzimləyici siyirtmə, 449 hidrant və 70 suburaxıcı quraşdırılacaq. Meliorasiya tədbirlərindən rayonun Yeni Kərki və Xok kəndlərinə də pay düşüb. Belə ki, adıçəkilən yaşayış məntəqələrinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaq.
Ali Məclisin Sədri təməli qoyulan qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılacağını bildirib: “Bu gün muxtar respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min hektara yaxını suvarılan ərazilərdir. Ona görə də muxtar respublikada suvarılan torpaqların sahəsinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir... Qapalı suvarma şəbəkəsinin qurulması da yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmaqla yanaşı, həm də iş yerlərinin yaranmasına, torpaqların normalara uyğun suvarılmasına, şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına və tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir”.
Digər meliorasiya tədbirləri də diqqətdə saxlanılıb. Belə ki, kanallarda su itkisinin qarşısını almaq, belə su mənbələrinin faydalı iş əmsalını artırmaq məqsədilə təmir-bərpa və lildən təmizləmə işlərinin aparılması davam etdirilib. Şərur rayonunda Xanlıqlar-Püsyan, Babək rayonunda Uzunoba gölünə su gətirən kanalların müəyyən hissəsi beton panellərlə üzlənilib, Nehrəm kəndinə su aparan Nehrəm arxının Badaşqan kəndindən keçən hissəsində yeni kanal qazılıb.
Bəhs olunan dövrdə Babək rayonunda, ümumilikdə, 5775 metr, Şərur rayonunda, ümumilikdə, 8,8 kilometr beton və torpaq kanal, Şahbuz rayonunda 5,2, Ordubad rayonunda 9,3 kilometr ara arxlar, Culfa rayonunda 30,9 kilometr torpaq kanal, Kəngərli rayonunda Arpaçay sol sahil kanalının 600 metr hissəsi, Çalxanqala kəndində 600 metr, Sədərək rayonunda Sədərək-2 kanalının 800 metr hissəsi, torpaqların şoranlaşmasının qarşısını almaq üçün Şərur rayonunda Qorçulu kollektorunun 1,1 kilometr, Babək rayonunda Nehrəm kollektorunun 1520, Sədərək rayonunda Heydərabad-Şirarxı kollektorunun 500 metr hissəsi lildən təmizlənərək su itkisinin qarşısının alınmasına nail olunub.
Təkcə fevral ayı ərzində, ümumilikdə, 47,13 kilometr kanal, 28,58 kilometr ara arxlar, 3,12 kilometr kollektor lildən təmizlənib, 3,63 kilometr yeni suvarma boru xətti çəkilib, 1 kilometr suvarma və 4,55 kilometr təzyiqli boru xətləri, 0,02 kilometr kaptaj təmir-bərpa edilib.
Həyata keçirilən tədbirlər nəticəsində Babək, Şərur, Culfa, Sədərək rayonlarında, ümumilikdə, 89,1 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Bu, bir o qədər sahənin yenidən əkin dövriyyəsinə qatılmasına imkan verib.
Sədərək və Kəngərli rayonlarında, ümumilikdə, fevral ayı ərzində 36,5 hektar torpaq sahəsi hamarlanaraq əkin üçün yararlı hala salınıb. Mövsüm ərzində həmin sahələrin əkilməsi təmin ediləcək.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün keçirilən tədbirlər də diqqətdə saxlanılıb. Belə ki, Babək rayonunda Naxçıvançay və Cəhriçay vadilərində, həmçinin Nehrəm kəndində selə qarşı istiqamətləndirici bənd salınıb. Ordubad rayonunun Kotam kəndi ərazisində Araz çayının sahilində sahilbərkitmə işləri davam etdirilib.
Qeyd edək ki, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün bir sıra tədbirlər görülüb, yeni içməli su xətləri çəkilib, mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb. Belə ki, Babək rayonunun Nehrəm kəndində 640, Culfa rayonunun Əbrəqunus kəndində 130 metr olmaqla, yeni içməli su xətləri istifadəyə verilib.
Həmin rayonun Cəhri, Nehrəm, Naxışnərgiz kəndlərində 370 metr, Ordubad şəhərində 1,1, Şəhriyar qəsəbəsində 0,1, həmin rayonun Baş Dizə-Ordubad içməli su xəttinin 1,6 kilometr hissəsində təmir-bərpa işləri yerinə yetirilib. Ümumilikdə, muxtar respublika üzrə 0,77 kilometr yeni içməli su xətti çəkilib, 4,53 kilometr içməli su xəttində təmir-bərpa işləri aparılıb.
Muxtar respublikamızda uzun illərdir ki, həyata keçirilən yaşıllaşdırma tədbirləri qədim diyarımızın hüsnünə yaraşıq gətirmək, ekologiyamızı zənginləşdirməkdədir. İlbəil bu tədbirlərin həcminin genişləndirilməsinin qayğısına qalınır. Yaşıllaşdırma tədbirlərində melioratorlar da öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırlar. Bəhs olunan dövrdə Babək rayonunun Şıxmahmud-Xətai yolu üzərində, Ordubad rayonunun Düylün, Kəngərli rayonunun Böyükdüz kəndləri ərazisində, ümumilikdə, muxtar respublika üzrə yaşıllıq ərazilərinin suvarma suyu ilə təmin olunması üçün 3,05 kilometr suvarma boru xətti çəkilib, Ordubad rayonunun Düylün kəndində yol kənarında yaşıllıqları suvarma suyu ilə təmin etmək üçün subartezian quyusu bərpa edilərək yeni subartezian nasosu quraşdırılıb. Bu da min bir zəhmətə ərsəyə gətirilmiş ağacların vaxtlı-vaxtında suvarılmasına imkan yaradıb.
Mexaniki suvarma sahəsində nasos stansiyalarında və onların mexaniki avadanlıqlarla yanaşı, nasosların təzyiqli boru xətlərində də təmir işləri həyata keçirilib.
Babək rayonunda “Azərbaycan”, Şahbuz rayonunda “Əcəmi”, “Daylaqlı”, “Yeni” nasos stansiyalarının təzyiqli boru xətlərinin ehtiyac duyulan hissələri təmir edilib. Belə tədbirlər davam etdirilməkdədir.
Digər bir tədbir isə suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının təmir edilməsidir ki, 4 subartezian quyusunda yeni nasos quraşdırılıb, 38 ədədi təmir edilərək işlək vəziyyətə gətirilib.
Ötən ay kəhrizlərin təmir-bərpasına da ciddi önəm verilib. 7 kəhrizdə iş davam etdirilib, 28 metr quyuda təmizləmə işi aparılıb, 72 metr saybənd hörülüb, 23 metr quyuda çalagərdan hörgü işi aparılıb, 824 metr kürə lildən təmizlənib.
Şərur rayonunun Dəmirçi kəndində “El kəhrizi”nin, Kəngərli rayonunun Çalxanqala kəndində “Asif bulağı”nın təmir-bərpası başa çatdırılıb. Həmin rayonun Xıncab kəndində “Kalba Allahverdi”, Çalxanqala kəndində “Əzimin bulağı”, Qıvraq kəndində “Məşədi Həzi”, Ordubad rayonunun Aşağı Əylis kəndində “Qoşagöl”, Şahbuz rayonunun Türkeş kəndində “Səfər” kəhrizlərinin təmir-bərpası davam edir. Bu tədbirlər içməli suya olan tələbatı ödəməklə yanaşı, həm də qədim su mənbələrinə yeni həyat vermək, onların qorunub saxlanılması deməkdir.
Komitənin və onun tabeliyində olan texniki avadanlıqların təmir olunmasına da ciddi önəm verilib. Belə ki, fevral ayında müxtəlif markalı 2 ədəd elektrik mühərriki, 1 ədəd nasos rotoru, 1 ədəd əks klapan, 108 ədəd müxtəlif adlı nasos hissələri təmir olunaraq saz vəziyyətə gətirilib.
Bir neçə ildir ki, muxtar respublikada həyata keçirilən “Rayon mərkəzləri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində də işlər davam etdirilib. Şahbuz şəhər çirkab sutəmizləyici qurğuda binaların hörgü işləri başa çatdırılıb, ərazidə hamarlama işləri aparılıb, suvaq işləri həyata keçirilir.
Bu istiqamətdə Babək rayonunda da bir sıra işlər görülüb, Şəkərabad kəndində müxtəlif diametrli borularla 3,15 kilometr içməli su xətti, 2,4 kilometr kanalizasiya xətti çəkilib, 135 ədəd su ev birləşməsi, 100 ədəd kanalizasiya ev bağlantısı aparılıb.
Mart ayında da davam etdirilən meliorasiya-irriqasiya tədbirləri həcminin genişliyi ilə diqqəti çəkir. Məqsəd isə ondan ibarətdir ki, yaz-tarla işlərində torpaq mülkiyyətçiləri su qıtlığı ilə üzləşməsin, məhsul bolluğu yaratmağa nail olsunlar. Məhsul bolluğu isə yaxşı güzəran, firavan həyat deməkdir.
Muxtar MƏMMƏDOV