Bu il yaradılmasının 40 illiyini qeyd edən Babək rayonu hərtərəfli dövlət qayğısı hesabına ötən dövr ərzində sürətlə inkişaf edərək muxtar respublikanın sosial-iqtisadi həyatında özünəməxsus yer qazanıb. Hər il genişmiqyaslı tikinti-quruculuq layihələrinin reallaşdırıldığı bölgənin yaşayış məntəqələrinin böyük əksəriyyətində müxtəlif təyinatlı obyektlər üçün yeni binalar inşa olunub, müasir iş şəraiti yaradılıb. Bu illər ərzində rayonun ən ucqar dağ və sərhəd kəndlərində aparılan kompleks quruculuq tədbirləri həmin yaşayış məntəqələrinə müasirlik bəxş edib.
Cari ildə də yeni quruculuq tədbirlərinə start verilib. Belə ki, Aşağı Buzqov kənd tam orta məktəbinin binasının yenidən qurulmasına başlanılıb. Üç mərtəbədən ibarət olacaq bina 154 şagirdin təhsil almasına imkan verəcək. Təhsil ocağında tədrisin səviyyəsini yüksəltmək üçün 11 sinif otağı, 2 elektron lövhəli sinif, kompüter sinfi, kitabxana, idman zalı və müxtəlif laboratoriyalar yaradılacaq.
Yaşayış məntəqəsində, həmçinin kənd və xidmət mərkəzləri inşa olunaraq sakinlərin istifadəsinə veriləcək. Qeyd edək ki, kənddəki hərbi hissə üçün də yeni binanın inşa olunması nəzərdə tutulub.
Rayonun digər bir ucqar dağ və sərhəd kəndi olan Yuxarı Buzqovda da yeni tikililərin sevinci yaşanır. Burada ikimərtəbəli məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikintisi aparılacaq. Sərhəd kəndlərinin yolları genişləndiriləcək və abadlaşdırılacaq.
Muxtar RZAZADƏ