Culfa rayonunun Göydərə kənd sakini Zülfüqar Səfərovu uzun illərdir, sadə peşə adamı – sürücü kimi tanıyırdım. Sakittəbiətli bu insanın əsl torpaq və zəhmət adamı olduğunu isə təsadüfən öyrəndim. Belə ki, yaşadığı Göydərə kəndindən yazı hazırlamaq üçün həmin yaşayış məntəqəsində olarkən inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Canməmmədovdan ailə təsərrüfatları barədə soruşanda, birinci sürücü Zülfüqarın adını çəkdi.
Onun təsərrüfatı ilə tanış olmaq istədim. Söhbət əsnasında müxtəlif təsərrüfat sahələri ilə məşğul olan Zülfüqar Səfərov dedi:
– Dədə-babadan arıçılığa daha çox maraq göstərmişik. Hələ sovet dönəmindən bu sahə ilə məşğul oluruq. Düzdür, o vaxtlar arı ailələrinin sayını artıra bilmirdik. Ancaq indi dövlətimiz özü buna şərait yaradır ki, arıçılıq inkişaf etdirilsin, bazarlarımızda yerli məhsul bol olsun, belə məhsullar Naxçıvana başqa yerdən gətirilməsin. Onu da deyim ki, naxçıvanlılar həmişə keyfiyyətli məhsula üstünlük veriblər, elə indi də. Muxtar respublikamızın zəngin təbiəti də imkan verir ki, diyarımızda keyfiyyətli məhsullar yetişdirək. Odur ki, mən də, qohum-qonşularım da arıçılığı inkişaf etdiririk.
Zülfüqarın sözlərinə görə, o, Naxçıvanqalada keçirilən həm bal, həm də ailə təsərrüfatları festivallarında iştirak edib. Festivallara xeyli məhsul çıxarıb, yaxşı qazanc sahibi olub. Onu da deyim ki, Zülfüqar Səfərovun ailə fermer təsərrüfatı arıçılıqla yanaşı, maldarlıq, üzümçülük, meyvəçilik, taxılçılıq və balıqçılıqla da məşğul olur. Ötən il onun fermer təsərrüfatı 31 hektar sahədən taxıl tədarük edib. Burada bir məsələni də qeyd edək ki, Zülfüqarın taxılçılıq üçün istifadə etdiyi sahə dəmyədir. Belə sahələrdə becərmə aparılması çətindir və çox zəhmət, həmçinin vəsait tələb edir. Ancaq onun zəhməti hədər getməyib, yüksək məhsuldarlığa nail olub. 2017-ci ilin payızında isə 28 hektar sahədə taxıl əkib.
Deyir ki, ötən əsrin sonlarında başlanan hadisələrin insanları çörəklə sınağa çəkdiyini tez-tez xatırlayıram. Bu gün taxılçılığın inkişafına göstərilən qayğını, torpaq mülkiyyətçilərinin bu sahəyə gündən-günə artan marağını təbii hesab edirəm. Bir məsələni də deyim ki, sovet dönəmində dağlıq ərazilərdə taxıl əkməyin səmərə vermədiyi barədə səhv fikir formalaşdırmışdılar. Ancaq son illərdə belə ünvanlarda yaşayan, ömrünü zəhmətə bağlayan insanlar sübut etdilər ki, qayğı göstərilən yerdə hər şeyə nail olmaq mümkündür. Elə bu kiçik kəndin timsalında da bunu görmək olar. Baxmayaraq ki, taxıl əkini sahələrinin bir qismi dəmyə torpaqlardır, bununla belə, həmin sahələrdən yaxşı məhsul əldə edirik. Texnika var, əkinçinin əkib-becərmək üçün lazım olan ehtiyacları ödənilirsə, dəyirmanların, çörəkbişirmə fəaliyyəti ilə məşğul olan istehsal sahələrinin sayı getdikcə artırsa, qalır qollarını çırmalayıb işə başlayasan. Hər kiçik çatışmazlıqdan qorxmayasan. Onda qazanc özü səni tapacaq.
Məlumat üçün bildirək ki, Zülfüqar Səfərov 2500 kvadratmetr həyətyanı, 5500 kvadratmetr pay torpağı sahəsinin hər qarışından səmərəli istifadə edir. Həyətyanı torpağının 5 sotunda üzüm, 10 sotunda meyvə, 2 sotunda badam bağı salıb. 30-a yaxın cəviz ağacının yarısı artıq məhsul verir. Yazda torpağa daha 100 cəviz tingi basdıracaq. Tingləri özü yetişdirib və yüksək məhsuldarlığa malik sortlardır. Zülfüqar həyətində tikdirdiyi 150 tonluq hovuzda isə balıq yetişdirir. Heyvandarlıqla məşğul olur, toyuq-cücə saxlayır.
Artıq torpağı daimi iş yerinə çevirən, onun səxavətini görən insanlar bilirlər ki, çəkilən zəhmət hədər getmir, dövlət də zəhmətə qatlaşan insanları dəstəkləyir. İstehsal etdiyi məhsulların satılmasına qədər onlara köməklik göstərir. Yəni bu gün ələbaxımlılıq psixologiyasına artıq son qoyulub. Zəhmət çəkərsən, əvəzini görərsən, elə haqqında bəhs etdiyimiz Zülfüqar kimi.
Muxtar MƏMMƏDOV