Naxçıvan Muxtar Respublikasında quşçuluq təsərrüfatlarının sayı 46-ya çatıb. Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq, yumurta və quş ətinə olan tələbatı yerli məhsullar hesabına ödəmək məqsədilə dövlət tərəfindən bu sahəyə göstərilən qayğıdan sonra həmin rəqəm əldə edilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Kəngərli rayonunda sahibkarlarla görüşüblər. Fərdi quşçuluq təsərrüfatlarının sahibkarları ilə görüşən mütəxəssislər son illər bu sahədə qazanılan təcrübələri onlarla bölüşüblər. “Bu sahənin inkişafı dövlət səviyyəsində dəstəklənir və sahibkarlara bunun üçün lazımi şərait yaradılır. Elə bunun nəticəsidir ki, son illər muxtar respublikadakı təsərrüfatlarda quşların baş sayı 1 milyon 56 min 600 başa çatıb. Halbuki aqrar islahatlardan öncə bu rəqəm 209 min 435 baş olub”. Bu faktları mütəxəssislər görüş zamanı sahibkarların diqqətinə çatdırıblar. O da qeyd edilib ki, sağlam inkubasiya üçün yararlı yumurtaların seçilməsinə, cücələrin saxlanma şəraitinə və yemləmə qaydalarına xüsusi diqqət yetirməklə bu sahədə uğur qazanmaq olar. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara profilaktik tədbirlərin aparılması qaydaları haqqında hazırlanan bukletlər paylanıb.
Xəbərlər şöbəsi