23 Dekabr 2024, Bazar ertəsi

Tarixən Şərqin mühüm sənətkarlıq və mədəniyyət mərkəzlərindən sayılan Naxçıvan ölkəmizin tarixində, eləcə də müasir inkişafında əhəmiyyətli rol oynayır. Beşminillik şəhər mədəniyyətinə malik Naxçıvan köksündə qədim qala divarları, dini və mədəni abidələri, maraqlı arxeoloji nümunələri ilə seçilir. Azərbaycanın milli dövlətçilik ənənələrinin yaşadıldığı bu qədim şəhər bu gün həm də müasirliyi ilə tanınır. Şəhərin hansı səmtinə üz tutsaq, tarixi tikililərlə bərabər, müasir binaları da görmək mümkündür. Milli memarlıq ənənələrinin müasir mühəndislik nümunələri ilə yaratdığı koloritlik şəhərin ecazkar aurasına məxsusi gözəllik verir. Son illərdə muxtar respublikanın sosial-iqtisadi inkişaf templərinin artan xətt üzrə davam etməsi isə Naxçıvan şəhərinin simasında yeni işgüzar ruhun formalaşmasına yol açıb. Yəni tarixi, mədəniyyəti, incəsənəti ilə seçilən bu qədim şəhər indi həm də regionda çoxsaylı sənaye məhsullarının istehsal olunduğu məkan kimi diqqət çəkir.

 Qeyd edək ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Milli iqtisadiyyatımızın hazırkı inkişaf dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin ya­radılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu vacib diqqət Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Naxçıvan şəhəri isə hazırda muxtar respublika sənayesinin inkişafında əsl lokomotiv rolunu oynayır. Sənaye müəssisələrinin yaradılması üçün lazımi infrastruktur tədbirlərinin həyata keçirilməsi, o cümlədən yol, enerji ilə təminat, işçi qüvvəsinin cəlbi və sair parametrlər üçün mövcud imkanlar regionun bütün bölgələri üzrə bərabər şəkildə təmin olunsa da, demoqrafik baxımdan paytaxt şəhərin daha cəlbedici olması, istehlakçı imkanlarının çoxluğu sənayenin inkişafını müvafiq sahə ilə məşğul olan sahibkarlar üçün daha maraqlı edib. Məhz buna görədir ki, ötən il muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun 73,2 faizi Naxçıvan şəhərinin payına düşüb. 

Naxçıvanın mühüm sənaye şəhəri kimi formalaşmasında ötən dövrdə burada həyata keçirilmiş infrastruktur və müxtəlif sosial-­iqtisadi tədbirlərin mühüm rolu olmuşdur. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sə­rəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Pro­qramı”nın uğurlu icrası Naxçıvan şəhərində yeni iş yerlərinin ya­radılmasına, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasına, ümumilikdə, dinamik inkişafa təkan vermişdir. Əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər ümumi inkişafı əks etdirən makroiqtisadi göstəricilərin artım tempini təmin etmişdir. Məsələn, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 10 il əvvəl – 2007-ci illə müqayisədə ümumi məhsul istehsalı 7,4 dəfə artaraq 2017-ci ildə 1 milyard 809 milyon 889 min manat təşkil etmişdir. Muxtar respublika üzrə ümumi məhsul istehsalının 52,6 faizi məhz Naxçıvan şəhərində qeydə alınmışdır. Güclü iqtisadiyyatın yaradılmasında mühüm yer tutan sənayedə 2017-ci ildə 707 milyon 412 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə 11,5 dəfə çoxdur.
Vurğulamaq lazımdır ki, ötən dövrdə Naxçıvan şəhəri üzrə müsbət demoqrafik meyillərin artması əhalinin məşğulluğunu da ön plana çıxarmışdır. Yeni sənaye müəssisələrinin yaradılması isə əhalinin keyfiyyətli yerli məhsullarla təminatında xüsusi rol oynamaqla yanaşı, səmərəli məşğulluğunu da təmin etmişdir. Adıçəkilən komitənin məlumatında qeyd olunur ki, 2017-ci ildə sənaye sahəsində çalışanların sayı 2007-ci illə müqayisədə 2,2 dəfə artaraq 7128 nəfər, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,4 dəfə artaraq 429,6 manat təşkil etmişdir.
Göründüyü kimi, muxtar respublika iqtisadiyyatında mühüm yerə malik sənaye məhsulunun istehsalında Naxçıvan şəhəri xüsusi əhəmiyyət daşıyır. Bu isə o deməkdir ki, muxtar respublika sənayesində Naxçıvan şəhəri potensial imkanlara malikdir, eyni zamanda ixrac potensiallı məhsulların növ və çeşidinə görə də digər bölgələrimizdən öndədir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR