23 Dekabr 2024, Bazar ertəsi

İstehsal maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesidir. Hələ qədim zamanlardan – mədəniyyətin, incəsənətin formalaşmasından xeyli əvvəl insanlar ilkin istehsal vərdişləri ilə tanış olmuş, maddi nemətlər əldə edərək dolanışıqlarını təmin etməyə çalışmışlar. Zaman keçdikcə istehsal formaları da təkmilləşmiş, təbii və maddi ehtiyatların istehsalı insan­oğlunun zəkası sayəsində primitivlikdən müasir texnoloji vasitələrədək uzun bir yol keçmişdir. Hazırda isə istehsal prosesləri iqtisadiyyatın mühüm spesifikasını təşkil etməklə istehlakçıların çoxsaylı tələbatını təmin etməkdədir.
Müasir dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatının əsasını istehsalyönümlü sahələr təşkil edir. Çünki istehsal sahələrini inkişaf etdirmədən, yeni istehsal müəssisələri yaratmadan heç bir ciddi nailiyyətə sahib olmaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, yerli məhsulların istehsalı, ilk növbədə, daxili tələbatı ödəməyə hesablanır. Bu tələbat ödənildikdən sonra isə ixrac üçün yeni məqsədlər ortaya qoyulur. Əksini düşünsək, bir ölkədə yerli istehsal məhsullarının yetərli olmaması idxalı zəruriləşdirir ki, bu da həmin ölkənin iqtisadiyyatını idxaldan asılı vəziyyətə gətirib çıxarır. Doğrudur, bu gün dünyada təbii xammal ehtiyatları bərabər bölgüdə paylanmayıb. Buna görə də ölkələrarası ticarət münasibətlərində ixrac-idxal əməliyyatları təbiidir. Ancaq bu əməliyyatlarda hər bir ölkənin marağı onda cəmlənir ki, ixracın payı daha çox olsun. Yəni mövcud imkanlar daxilində daha çox adda məhsulun istehsalçısına çevrilsin. Məhz bu tendensiya qorunduğu təqdirdə iqtisadi inkişafa nail olmaq mümkündür. Bu baxımdan insan həyatında daha çox ehtiyac duyulan mallara tələbatın ödənilməsi böyük önəm daşıyır. Buna görə də yerli istehsal sahələrinin ildən-ilə genişləndirilməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Belə iqtisadi siyasətdə əsas rolu isə kiçik və orta sahibkarlıq müəssisələri oynayır.

Qeyd edək ki, muxtar respublikamızda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi muxtar respublikanın iqtisadi mühitinə mühüm təsir göstərmişdir. Ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilmiş, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilmişdir. Əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, hazırda bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatmışdır. Son illər güzəştli dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 254 heyvandarlıq, 84 quşçuluq, 15 balıqçılıq, 104 arıçılıq, 65 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min ton olan 31 soyuducu anbar, ümumi sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi, 19 taxıl еmalı müəssisəsi yaradılmışdır. Məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə son illər rayon və kəndlərdə 714 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılmışdır. Bütün bunların nəticəsidir ki, 2017-ci ildə aqrar sektorda 453 milyon 365 min manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun payı isə ötən il 967 milyon manatdan artıq olmuş, ümumi daxili məhsulun həcmi 2 milyard 701 milyon 663 min manat təşkil etmişdir. Sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində muxtar respublikada 372 növdə məhsulun istehsal olunmasına, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsinə nail olunmuşdur.
Qeyd etmək lazımdır ki, istehsal­yönümlü iqtisadi mühitin yaradılmasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi davamlı xarakter daşıyır. 2000-ci ildən ötən dövr ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 1244 layihənin maliyyələşdirilməsinə 136 milyon 182 min manatdan çox güzəştli kreditlər ayrılmışdır. Yerli istehsal müəssisələrinin hesabına muxtar respublikanın xarici ticarət dövriyyəsi 1995-ci illə müqayisədə 24,2 dəfə artaraq 2017-ci ildə 459 milyon 889 min ABŞ dollarına çatmış, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbət saldo yaranmış, 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri aparılmışdır.
Göründüyü kimi, muxtar respublikanın iqtisadi inkişafında yerli istehsala üstünlük verilməsi və nəticədə, yeni istehsal müəssisələrinin yaradılması, göstərilən dövlət dəstəyinin daha çox bu istiqamətə yönəldilməsi diqqət çəkir. Buradan isə o qənaətə gəlmək mümkündür ki, aparılan iqtisadi siyasətin əsas mahiyyəti istehsalyönümlülükdür. İstehsal prosesləri isə davamlı inkişafın əsasını təşkil edir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR