22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə muxtar respublikanın flora və fauna nümunələrindən ibarət sərgiyə baxıblar.
Konfransda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov məruzə edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.
Vurğulanıb ki, ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Hazırda muxtar respublikada böyük əraziləri əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq mövcuddur.

Muxtar respublika ərazisində son 17 ildə 13 min hektardan çox yaşıllıq zolaqları, meyvə bağları salınıb. Həyata keçirilən ekoloji tədbirlər nəticəsində bu gün muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi ötən əsrin 90-cı illəri ilə müqayisədə 10 dəfə artıb.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin, Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin direktoru Bahadur Fərəc­ov­un, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mayis Əliyevin məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur. Ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsasları “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii-ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunub saxlanması və təbiətdən istifadənin səmərəli təşkili Azərbaycan dövlətinin ekologiya sahəsində qarşıya qoyduğu əsas vəzifələrdir.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR