23 Dekabr 2024, Bazar ertəsi

Elektrik enerjisi cəmiyyətin sosial-iqtisadi inkişafında və tərəqqisində mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada müasir elektrik stansiyaları yaradılır, maddi-texniki baza gücləndirilir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.

Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmışdır. Belə ki, 2006-cı ildən başlayaraq ötən dövrdə Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Əgər əvvəllər muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir.

Elektrik enerjisinin istehlakçılara keyfiyyətli və fasiləsiz çatdırılması istiqamətində ötən dövrdə “Sədərək”, “Çeşməbasar”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad”, “Qıvraq”, “Nehrəm”, “Şahbuz” və digər transformator yarımstansiyaları tikilmiş və ya yenidən qurulmuşdur.
2017-ci ildə muxtar respublikada 431 milyon 691 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da 2006-cı ildəki göstəricidən 93,2 faiz çoxdur. 2017-ci ildə muxtar respublikada elektrik enerjisinin 231 milyon 432 min kilovat-saatı və ya 53,6 faizi istilik elektrik stansiyalarında, 168 milyon 946 min kilovat-saatı və ya 39,1 faizi su elektrik stansiyalarında, 31 milyon 313 min kilovat-saatı və ya 7,3 faizi isə Günəş Elektrik Stansiyasında istehsal edilmişdir. Alternativ və bərpaolunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 46,4 faizini təşkil etmişdir. Ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78,3 faizi muxtar respublikada istehsal olunmuşdur.
Alternativ və bərpaolunan enerji növləri istehsalının daha da artırılması məqsədilə hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə Naxçıvan şəhərində daha müasir smartkarttipli sayğacların quraşdırılması işləri davam etdirilir.
2017-ci ildə muxtar respublikaya səfəri zamanı enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək”.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR