23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir. Xüsusilə ötən dövrdə bu sahədə qəbul edilmiş dövlət proqramları müasir dövrdə ərzaq təhlükəsizliyinin necə böyük önəmə malik olduğunu göstərir. Bu gün aqrar sahədə mühüm istiqamətlərdən birini də heyvandarlığın inkişafı təşkil edir. 

Ölkəmizdə, eləcə də muxtar respublikamızda heyvandarlığın daha da inkişaf etdirilməsi, bu sahədə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi və mövcud cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyini nəzərdə tutan mühüm tədbirlərin tərkib hissəsi kimi xarici ölkələrdən yüksək məhsuldar cins heyvanların alınıb gətirilməsi özünəməxsus rol oynayır. Gətirilən heyvanların südlük, südlük-ətlik və ətlik istiqamətli cinslərdən olması əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində mühüm amil kimi qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, son illər muxtar respublikada heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz müsbət təsirini göstərib. Statistikaya müraciət etsək, görərik ki, muxtar respublikamızda 2017-ci ildə 11 heyvandarlıq təsərrüfatı yaradılıb, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 1 milyon 750 min 300 manat məbləğində kredit verilib.
Eyni zamanda muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi, həmin ailələrə fərdi təsərrüfatlarını qurmaq üçün dövlət tərəfindən mal-qara verilməsi də heyvandarlığın inkişafında əhəmiyyətli addımlardan sayıla bilər. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi məqsədilə 67 ailənin fərdi təsərrüfatlarının inkişafı üçün, ümumilikdə, 56 ailəyə yanında balası olan inək, 11 ailəyə isə xırdabuynuzlu heyvan verilib. Bu da ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.
Heyvandarlığın inkişafı baytarlıq xidmətinin təşkilindən birbaşa asılıdır. Çünki lazımi baytarlıq xidmətini təşkil etmədən heyvandarlıqda yüksək məhsuldarlığa nail olmaq mümkün deyil. Bu baxımdan son dövrlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, kənd yaşayış məntəqələrində baytarlıq xidmətinin təşkili dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır, baytarlar üçün lazımi iş şəraiti yaradılır. Təkcə 2017-ci ildə Dövlət Baytarlıq Xidmətinə 3 ədəd süni mayalandırma avadanlığı və xidməti minik avtomobili təqdim olunub. Yaradılmış şərait, təbii ki, müsbət nəticələrin qazanılmasına imkan verir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd olunur ki, 2017-ci ildə muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 9190 baş inək, düyə və camış süni yolla mayalandırılıb və bu dövr ərzində 5804 baş sağlam bala alınıb. 1 yanvar 2018-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzluların sayı 112 min 371 baş, xırdabuynuzluların sayı isə 681 min 903 baş olub. Bu da 1 yanvar 2017-ci il tarixə olan göstəricilərdən müvafiq olaraq 1,4 və 1,5 faiz çoxdur. Yeri düşmüşkən, heyvandarlıqda baş sayının artması paralel olaraq məhsul istehsalının həcminə də öz təsirini göstərib. Belə ki, ötən il muxtar respublikada diri çəkidə 26331,7 ton ət, 82857,3 ton süd istehsal olunub. Bu da 2016-cı illə müqayisədə müvafiq olaraq 2,2 və 1,8 faiz çoxdur.
Heyvandarlığın inkişafında əsas məqsədlərdən biri, təbii ki, məhsuldarlığın yüksəldilməsidir. Müasir dövrdə isə bu tələbat süni mayalanma tədbirlərinin həyata keçirilməsi ilə ödənilir. Çünki süni mayalanma heyvanlarda baş sayının artırılması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci il fevralın 22-də “Naxçıvan Muxtar Respublikasında heyvandar­lığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncamın preambula hissəsində qeyd olunur: “Ölkədə qeyri-neft sektorunun vacib tərkib hissəsi kimi aqrar sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Belə ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair çoxşaxəli tədbirlər görülür, ərzaq və qida təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sektorun inkişafına yönələn mühüm layihələr həyata keçirilir. Yeni qurulan və müasir avadanlıqla təchiz edilmiş infra­struktur, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə yaradılan süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynamaqdadır”.
Məhz bu sərəncamın icrasına uyğun olaraq, muxtar respublikada yeni Süni Mayalanma Mərkəzinin yaradılması regionda heyvandarlığın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Qeyd edək ki, hazırda muxtar respublikada 23 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Yeni yaradılacaq mərkəz isə bu sahədə işlərin daha da təkmilləşdirilməsi, müvafiq məntəqələrdə həyata keçiriləcək tədbirlərin bir mərkəzdən koordinasiyasını təşkil etmək baxımından xüsusi rol oynayacaq. Nəticədə, heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi daha sürətlə aparılacaq ki, bu da heyvandarlıq məhsullarının artımında özünü göstərəcək. Reallaşdırılacaq layihənin daha bir əhəmiyyəti ondadır ki, gələcəkdə muxtar respublikadan cins mal-qaranın diri çəkidə ixracı üçün də potensial baza formalaşacaq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR