Tarix sübut etmişdir ki, tarazlı iqtisadi inkişaf istənilən cəmiyyətdə sosial-siyasi sabitliyin və mədəni yüksəlişin əsas səbəblərindən biridir. Buna nail olmaq, daha sonra isə onu qoruyub saxlamaq inkişafın bütün mərhələlərində tənzimləmə tədbirlərinin gündəmdə olmasını tələb edir. İnsan tələbatlarının sonsuz olması, təbii və istehsal resurslarının isə məhdudluğu sabit inkişafa maraqlı olan hər bir idarəetmə sistemi qarşısında bir sıra vəzifələr qoyur.
Hər kəsin fərdi rifahına, mədəni səviyyəsinə təsir edən tarazlı inkişaf kifayət qədər mürəkkəb məsələdir və dövlətlər vaxtaşırı olaraq bu problemin həllində çətin sınaqlar qarşısında qalırlar. Əslində isə bazar tarazlığı ilə hər birimiz öz gündəlik həyatımızda rastlaşır, bəzən özümüz də bilmədən bu münasibətlərin iştirakçısına çevrilirik. Misal üçün, ticarət köşkündən bir qutu şəkər aldığımızda bu, həmin anda yaranmış ticari razılaşmanın, yaxud tarazlığın nəticəsidir. Belə razılaşmalar isə hər gün milyonlarla və daha çoxdur. Ancaq unutmaq olmaz ki, iqtisadi həyatda ideal formul hesab olunan “satan razı, alan razı” prinsipi həmişə özünü doğrulda bilmir. Yəni iqtisadi münasibətlərə girən bir tərəf üçün işlərin yaxşı getməsi heç də hamının kefinin kök olması demək deyildir. Qeyd edək ki, belə məsələlər iqtisadi maraqlara birtərəfli, yəni yalnız şəxsi mənafeləri baxımından yanaşanlar üçün həmişə qaranlıq qalmış, belə yanaşmalar gec-tez öz mənfi nəticəsini göstərmişdir. Çünki qısa müddətdə görülən işin nəticəsi nə qədər qazanclı olsa da, dövlət və cəmiyyət maraqları ilə üst-üstə düşmədiyindən o, kökündən qopmuş çürük bir ağac kimi səs-küylə aşıb yerə düşəcək, bu zaman bir çox sosial və hətta siyasi fəsadlar da törədəcəkdir.
Əlbəttə bütövlükdə iqtisad elmi üçün kifayət qədər elmi problem olan bazar tarazlığı məsələsini qısa şəkildə bundan daha sadə bir dillə təsvir etmək çətindir. İqtisadi tənzimləmənin üsul və vasitələri kifayət qədər çoxdur. Dövlət bunları həyata keçirərkən tarixi təcrübəyə, iqtisadi statistikaya əsaslanaraq ölkəmizin daxili iqtisadi potensialı və xarici iqtisadi əlaqələrə girmək imkanları baxımından strateji addımlar müəyyən edir. Yəni bəzi adamların dediyi kimi, tənzimləmə heç də kiminsə qanunsuz tikilisinin yol və ya park inşasına mane olduğu üçün sökülməsi demək deyildir. Və ya tənzimləmə təzə salınmış asfalta altı ay keçməmiş yamaq vurulması da deyildir. Bunun kimi hər yerdə ola bilən hadisələr fərdi mühəndis xətalarının və ya məsuliyyətsizliklərin düzəlişidir. Bunların da indiyə qədər heç bir cəmiyyətdə rezonans doğuracaq bir gücü olmamışdır.
Dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas tənzimləmə alətlərindən olan bank, maliyyə, vergi, gömrük tənzimləmələri, habelə antiinhisar və qiymət siyasəti uğurla həyata keçirildikdə qısa bir zamanda öz nəticəsini insanların ümumi rifahını formalaşdıran sosial inkişaf göstəricilərində əks etdirir. Əgər tənzimləmə mexanizmləri konkret bir məkanda, yaxud zaman kəsiyində işləyən qərarlarda özünü göstərirsə, bunun nəticəsi olan sosial-iqtisadi inkişaf göstəriciləri daha uzunmüddətli dövrdə hiss olunur. Qeyd etmək lazımdır ki, bu prosesin tərsi də doğrudur. Yəni vaxtında görülməyən tənzimləmə tədbiri öz mənfi nəticəsini uzun müddətə göstərəcəkdir.
Düzgün iqtisadi siyasət yeridilməsi, sosial ədalət prinsiplərinə əsaslanan tənzimləmə tədbirlərinin iqtisadi proseslərlə paralel həyata keçirilməsi üçün iqtisadi proqnozlaşdırmanın mühüm əhəmiyyəti vardır. Tarixən sübut olunub ki, milli gəlirin formalaşmasına təsir edən real iqtisadi proseslərdən alınan statistik nəticələr təhlil edilərək gələcək inkişaf yolu üçün baza rəqəmləri kimi istifadə olunmalıdır. Müasir iqtisadi inkişaf səviyyəsində isə bu, hər kəsi maraqlandıran məsələdir. Məsələn, inkişaf etmiş ölkələrdə evdar qadınlar belə, evindən çıxmadan internet vasitəsilə birja indekslərinin dinamikasını izləyərək yatırımlarla pul qazanma fürsətlərini dəyərləndirə bilirlər. Necə deyərlər, fırtınalı çalxantıların olmadığı bir sabitlik dövründə onilliklər dövrünü əhatə edən dəqiq təhlil və proqnoz nəticələri sakit dənizdə öz yolunu düzgün seçə bilən bacarıqlı kapitanın on kilometrlərlə uzağı aydın görərək doğru yol tutmasına bənzəyir. Bununla yanaşı, qeyd olunmalıdır ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda iqtisadiyyatın ümumi inkişaf vektoru hər kəsə məlum olduğu halda, sahə üzrə mütəxəssislər tərəfindən dərc olunan məqalələr, elmi işlər, müxtəlif səpgili çıxışlarda real təhlil və proqnozlara geniş yer verilmir. Ən yaxşı halda muxtar respublikamızın sosial-iqtisadi həyatını müxtəlif cəhətləri ilə əks etdirən və dövri olaraq yayımlanan stastistik məlumatların müxtəlif yazılarda, sadəcə, təkrar-təkrar sadalanmasına rast gəlirik. Halbuki mövcud şərait imkan verir ki, elə regional miqyasda, yəni Naxçıvan Muxtar Respublikasındakı hərtərəfli inkişafı təhlil edib onilliklər sonra təhsil, səhiyyə, demoqrafik inkişaf, insan resurslarının yaradılması, ekoloji təhlükəsizlik, rabitə, sərnişin nəqliyyatı, kənd təsərrüfatı, ərzaq və enerji təhlükəsizliyi, yeni idarəçilik formalarının tətbiqi sahələrində qarşıdakı vəzifələrimizi müəyyənləşdirək. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yayımladığı məlumatların təhlil olunaraq yekunlaşdırılması, bu zaman müxtəlif təhlil və analiz metodlarının köməyi ilə proqnoz nəticələrə gəlinməsi bu günün reallıqları baxımından çox zəruri məsələdir. Çünki hər dövrün bir modası olduğu kimi, hər inkişaf mərhələsinin də bir iqtisadi siyasət mexanizmi, buna dayanan tənzimləmə qərarları vardır. Misal üçün, əgər muxtar respublikada 20 il əvvəl əhalinin nəyin bahasına olursa-olsun, zəruri ərzaq məhsulları ilə təmin olunması, işsizliyə çarə tapılması, günbəgün qiymət artımının qarşısının alınması üçün tədbirlər görülməsi ilə tənzimləmə tədbirləri aparılırdısa, bu gün artıq yüksələn istehsal və istehlak səviyyəsi ilə təmiz ekoloji şəraitin qorunub saxlanılması, lüks istehlak naminə kredit bazarında real səviyyənin aşılmaması, yerli istehsalçıların maraqlarının qorunması, muxtar respublikanın ixrac potensialının artırılması kimi məsələlər öz aktuallığını ortaya qoyub. Bu gün artıq Naxçıvanda artan əhalinin 50-100 il sonrakı tələbatlarının ödənilməsi, dünyada və ölkəmizin digər iri şəhərlərində bir problem halına gəlmiş yol tıxaclarına səbəb olan amillərin indidən həll olunması, bu istiqamətdə sərnişin nəqliyyatının işinə neqativ təsir edən subyektiv halların üzə çıxarılması, insanların ictimai nəqliyyata deyil, fərdi nəqliyyat vasitələrinə üstünlük verməsinin əsl səbəblərinin öyrənilməsi, rekreasiya zonalarının dəqiq müəyyənləşdirilməsi, tükənən ehtiyatlarımıza, xüsusən də enerji ehtiyatlarımıza alternativlər tapılması, şəhər təsərrüfatının planlaşdırılması, daxili və xarici miqrasiya proseslərinin idarə olunması, insan sağlamlığına birbaşa təsir edən ərzaq məhsulları istehsalının və bu istiqamətdə kənd təsərrüfatı sahələrinin gələcək inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi, elmtutumlu istehsal səhələrinə keçid kimi çoxlu sayda düşündürücü məsələləri əks etdirən ciddi təhlil-proqnoz işlərinə ehtiyac vardır. Bu həm dövlətimizin marağı, həm də hər səhər tezdən evindən işinə tələsən, bu gün olduğu kimi, on illər keçəndən sonra da bütün sosial məsələlərini dövlətinə arxayın olan sadə qurucu vətəndaşın tələbatıdır.
Əli CABBAROV