Ordubad Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə keçirilən görüşü giriş sözü ilə şöbənin rəisi Məhəmməd İbadov açıb. Şöbə rəisi bildirib ki, nağdsız ödənişlərin genişləndirilməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin əsas hədəflərindən biri olaraq qalır. Ölkədə nağdsız ödənişlərin inkişafını, o cümlədən POS-terminalların tətbiqini təmin edən 10-a yaxın normativ hüquqi akt qəbul olunub. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron ödəniş vasitələrinin tətbiqi heç də problemsiz deyil. Hələ də bəzi təsərrüfat subyektlərinin POS-terminalların tətbiqinə az maraq göstərməsi və əhalinin nağd ödənişlərin aparılmasına daha meyilli olması müşahidə edilir.
Tədbirdə şöbənin əməkdaşlarından Elnur Bağırovun, Malik Məmmədovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, istənilən ödəmə prosesində, o cümlədən nağdsız ödəmələrdə iki əsas tərəf iştirak edir. Nağdsız ödənişlərin həcminin daha da artırılmasının ən optimal yollarından biri hər iki tərəfin marağını təmin etməkdir. Bu gün pul hesablaşmalarının aparılmasında nağdsız ödəniş formasının üstünlükləri heç kəsdə şübhə doğura bilməz. Dünya təcrübəsi göstərir ki, nağdsız ödənişlər hesablaşmalarda operativliyin, rahatlığın, təhlükəsizliyin və şəffaflığın təmin olunması deməkdir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbərlər şöbəsi