Muxtar respublikada iqtisadi potensialın gücləndirilməsi, sosial sahənin inkişafı istiqamətində yeni istehsal və xidmət sahələri yaradılır, səmərəli məşğulluq təmin edilir.
Həyata keçirilən tədbirlər bütün yaşayış məntəqələrini əhatə etməklə yanaşı, muxtar respublikanın paytaxtının da müasirliyə qovuşmasına, inkişafına, günü-gündən çiçəklənməsinə şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası da Naxçıvan şəhərində yeni iş yerlərinin yaradılmasına, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasına, ümumilikdə, dinamik inkişafa təkan vermişdir.
Əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər ümumi inkişafı əks etdirən makroiqtisadi göstəricilərin artım tempini təmin etmiş, 2007-ci illə müqayisədə ümumi məhsul istehsalı 7,4 dəfə artaraq 2017-ci ildə 1 milyard 809 milyon 889 min manat təşkil etmişdir. Muxtar respublika üzrə ümumi məhsul istehsalının 52,6 faizi Naxçıvan şəhərində qeydə alınmışdır.
Güclü iqtisadiyyatın yaradılmasında mühüm yer tutan sənayedə 2017-ci ildə 707 milyon 412 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə 11,5 dəfə çoxdur.
Sənaye məhsulu istehsalı,
min manat
2017-ci ildə muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun 73,2 faizi Naxçıvan şəhərinin payına düşmüşdür. Yeni sənaye müəssisələrinin yaradılması əhalinin keyfiyyətli yerli məhsullarla təminatında xüsusi rol oynamaqla yanaşı, ən əsası səmərəli məşğulluğu təmin etmişdir. Belə ki, 2017-ci ildə sənaye sahəsində çalışanların sayı 2007-ci illə müqayisədə 2,2 dəfə artaraq 7128 nəfər, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,4 dəfə artaraq 429,6 manat təşkil etmişdir.
Naxçıvan şəhərində infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2017-ci ildə əsas kapitala vəsait qoyuluşu 669 milyon 247 min manat olmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 5,8 dəfə çoxdur.
Əsas kapitala vəsait qoyuluşu,
min manat
Ümumilikdə, 2007-2017-ci illər ərzində Naxçıvan şəhərində əsas kapitala vəsait qoyuluşlarının dəyəri 5 milyard 162 milyon manat təşkil etmişdir ki, bunun da 87,4 faizi və ya 4 milyard 511 milyon manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Vəsait qoyuluşları çərçivəsində ötən dövrdə Naxçıvan şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin inzibati binaları, “Naxçıvan” Universitetində yeni universitet şəhərciyi, Naxçıvan Dövlət Universitetinin Xəstəxanası və Baytarlıq təbabəti ixtisasının binası, İqtisadiyyat fakültəsi üçün korpus, Uşaq Musiqi və İncəsənət Məktəbi, Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Şahmat Mərkəzi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Xatirə Muzeyi olmaqla, 48 elm və təhsil ocağı, o cümlədən 11832 şagird yerlik 14 ümumtəhsil məktəbi, 10 uşaq bağçası, 6 uşaq musiqi məktəbi, 18 səhiyyə obyekti, 36 mədəniyyət obyekti, 8 idman obyekti, 70 inzibati bina, 500-ə yaxın istehsal, xidmət və digər infrastruktur obyektləri tikilmiş və ya yenidən qurulmuşdur.
Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Tumbul, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir.
Tələbata uyğun olaraq yeni yaşayış binalarının tikintisi və əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində Əziz Əliyev küçəsində və “57-ci” məhəllədə yeni yaşayış kompleksləri, Heydər Əliyev prospektində və Atatürk küçəsində yeni yaşayış binaları olmaqla, ümumilikdə, son 10 ildə 25 yaşayış binası tikilmiş, 100 yaşayış binası yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Bundan əlavə, 2017-ci ildə əhalinin şəxsi vəsaiti hesabına 266,9 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2007-ci ildəki göstəricidən 8,4 dəfə çoxdur. 2017-ci ildə Naxçıvan şəhərində əhalinin şəxsi vəsaiti hesabına istifadəyə verilmiş yaşayış sahəsi muxtar respublika üzrə ümumi göstəricinin 70,7 faizini təşkil etmişdir.
Ötən dövrdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan şəhərində kənd təsərrüfatı sahəsinin inkişafı təmin edilmiş, əkin dövriyyəsinin həcmi artırılmış, yeni heyvandarlıq təsərrüfatları yaradılmışdır.
2017-ci ildə Naxçıvan şəhərində kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2095 hektar olmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 5 dəfə çoxdur. “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 2009-cu il 9 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Babək rayonunun 5 kəndinin Naxçıvan şəhərinin tərkibinə daxil olması ümumi inkişafa təsir edən amillərdən biri olmuşdur. 2017-ci ildə əkin sahələrindən 2696 ton dənli və dənli-paxlalılar, 58 ton dən üçün qarğıdalı, 18 ton dən üçün günəbaxan, 358 ton kartof, 3548 ton tərəvəz, 2220 ton bostan məhsulları istehsal edilmişdir. Bundan əlavə, 2017-ci ildə 1201 ton meyvə və 113,5 ton üzüm istehsal olunmuşdur. 2007-ci illə müqayisədə bütün məhsullar üzrə artım qeydə alınmışdır.
1 yanvar 2018-ci il tarixə Naxçıvan şəhərində qaramalın sayı 3897, qoyun və keçilərin sayı isə 19162 baş olmuşdur ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 5,1 və 3,8 dəfə çoxdur.
Mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da heyvandarlıq məhsullarının qənaətbəxş artımını təmin etmişdir. Belə ki, 2017-ci ildə Naxçıvan şəhərində 828,6 ton ət, 1396 ton süd, 3 milyon 234 min ədəd yumurta, 25,1 ton yun istehsal edilmişdir. Bundan əlavə, balıqçılığın və arıçılığın inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş, məhsul bolluğu yaradılmışdır.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi kimi 2017-ci ildə Naxçıvan şəhərində 13 milyon 68 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2007-ci ildəki göstəricidən 10,3 dəfə çoxdur. Muxtar respublikada istehsal olunmuş kənd təsərrüfatı məhsulunun 2,9 faizi Naxçıvan şəhərinin payına düşmüşdür.
Kənd təsərrüfatı məhsulu istehsalı,
min manat
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində yeni avtobuslar marşruta buraxılmış, avtomobil, hava və dəmir yolu nəqliyyatında mühüm tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə nəqliyyat sektorunda yük daşınması 2007-ci illə müqayisədə 2,3 dəfə artaraq 6235,3 min tona, sərnişin daşınması 2,7 dəfə artaraq 50083,5 min nəfərə çatmışdır. Bu dövr ərzində yük və sərnişin daşınmasından, bütövlükdə, 28 milyon 726 min manat gəlir əldə edilmişdir ki, bu da 2007-ci ildəki göstəricidən 2,2 dəfə çoxdur.
İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir. 2017-ci ildə Naxçıvan şəhərində informasiya və rabitə xidmətlərinin dəyəri 2007-ci illə müqayisədə 4,3 dəfə artaraq 23 milyon 472 min manat təşkil etmişdir ki, bu da muxtar respublika üzrə ümumi rabitə xidmətlərinin 47,2 faizini təşkil etmişdir.
İqtisadi və sosial sahələrdə qazanılmış uğurlar yeni iş yerlərinin açılmasına geniş imkan yaratmış, 2008-ci ildən 1 yanvar 2018-ci il tarixədək Naxçıvan şəhərində 19355 yeni iş yeri yaradılmışdır ki, bunun da 17200-ü və ya 88,9 faizi daimi iş yeridir. Naxçıvan şəhərində 1 yanvar 2018-ci il tarixə məşğul əhalinin sayı 53,7 min nəfər olmuşdur ki, bu da muxtar respublika üzrə ümumi məşğul əhalinin 22,8 faizini təşkil etmişdir. 2017-ci ildə Naxçıvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2007-ci ildəki göstəricini 2,7 dəfə üstələyərək 438 manata çatmışdır. Naxçıvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi muxtar respublika üzrə müvafiq göstəricidən 18 manat çox olmuşdur.
Səmərəli məşğulluq imkanlarının yaradılması əhali gəlirlərinin artmasına və onun alıcılıq qabiliyyətinin yüksəldilməsinə müsbət təsir göstərmişdir. Naxçıvan şəhərində 2017-ci ildə istehlak bazarında əhaliyə 805 milyon 559 min 400 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 6 dəfə çoxdur.
Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə
göstərilən ödənişli xidmətlərin dəyəri, min manat
2017-ci ildə istehlak bazarında satılmış məhsulların 734 milyon 181 min 700 manatı pərakəndə əmtəə dövriyyəsinin, 71 milyon 377 min 700 manatı isə ödənişli xidmətlərin payına düşmüşdür ki, bu da 2007-ci ildəki müvafiq göstəricilərdən 6,1 və 5,2 dəfə çoxdur.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, Naxçıvan şəhərində əhalinin sayı 1 yanvar 2018-ci il tarixə 92970 nəfər olmuşdur ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 28 faiz çoxdur.
Aparılan təhlillərin ümumiləşdirilmiş yekunu göstərir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bütün sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən tədbirlər Naxçıvan şəhərinin tarazlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə zəmin yaratmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti