Muxtar respublikamızda yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar mühüm rol oynayıb.
Belə ki, dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən müvafiq yol yenidən qurulub.
Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiya etməsi və xarici ticarət əlaqələrinin ildən-ilə genişlənməsi yol-nəqliyyat infrastrukturunun da müasir dövrün tələblərinə uyğun qurulmasını təmin edir. Qeyd edək ki, Naxçıvanda beynəlxalq yük və sərnişin daşımalarının həyata keçirilməsində 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək və 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları böyük əhəmiyyət daşıyır. Muxtar respublikanın bir sərhəd-buraxılış məntəqəsindən digərinədək uzanan bu magistral avtomobil yolu qədim İpək Yolunun bir qolu üzərində yerləşməklə yanaşı, həm də Naxçıvanı qardaş Türkiyə və Avropa ölkələri ilə birləşdirən mühüm tranzit dəhlizidir. Eyni zamanda bu tranzit dəhlizə muxtar respublikanın digər keçid qapısı olan Şahtaxtı sərhəd-buraxılış məntəqəsinə gedən avtomobil yolu da birləşir. Bu da, ümumilikdə, muxtar respublika ərazisində beynəlxalq nəqliyyatın hərəkətində intensivliyi təmin edir.
Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir Avtobus Parkının istifadəyə verilməsi, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal komplekslərinin inşa olunması Naxçıvanın qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılmasına da öz töhfəsini verib. 2017-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət daha da gücləndirilmiş, Türkiyə Respublikasının “Metro” və “İğdırlı” turizm şirkətləri ilə bağlanmış müqaviləyə əsasən Türkiyə Respublikasının İqdır şəhərinə avtobus marşrutu açılmışdır. Eyni zamanda Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyətləri davam etdirilmiş, Naxçıvan-Ərzurum marşrutu fəaliyyətə başlamışdır. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 20 min 685, Bakıdan Naxçıvana isə 20 min 964 sərnişin daşınmışdır.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə muxtar respublikanın hava nəqliyyatı sistemi də müasir dövrün tələblərinə uyğun yenidən qurulmuşdur. Ötən dövrdə Naxçıvan hava limanı beynəlxalq status qazanmış, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, nəticədə aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatmışdır. Hava limanında həyata keçirilən sərnişin və yükdaşıma xidmətləri zamanı aviasiya təhlükəsizliyi, beynəlxalq standartlar və tövsiyə olunan tələblər əsas iş meyarı kimi diqqətdə saxlanılmışdır. 2017-ci il ərzində yerli hava xətləri ilə 287 min 790 sərnişin, 4 milyon 818 min 480 kiloqram baqaj və 35 min 310 kiloqram poçt daşınmışdır. Beynəlxalq daşımalarda Naxçıvan-İstanbul istiqamətində 3 min 852 nəfər sərnişin və 54 min 570 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində isə 4 min 240 nəfər sərnişin və 57 min 870 kiloqram baqaj daşınmışdır.
Muxtar respublikanın yol-nəqliyyat infrastrukturunda dəmir yolu nəqliyyatının da öz rolu var. Son illər bu sahənin inkişafı üçün mühüm işlər görülmüş, kompleks tədbirlər həyata keçirilmişdir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 71 min 70 ton müxtəlif təyinatlı yüklər daşınmışdır. Türkmənistan Respublikasından isə muxtar respublikaya 69 vaqon, 4400,6 ton gübrə gətirilmişdir. Muxtar respublikanın tranzit əlaqələrinə öz töhfəsini verən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı vasitəsilə isə ötən il 1936 nəfər sərnişinin gediş-gəlişi təmin olunmuşdur.
Ümumilikdə, ötən il muxtar respublikanın nəqliyyat sektorunda 2016-cı illə müqayisədə yük daşınması 1,5 faiz, sərnişin daşınması 1,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 55 milyon 924 min 500 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,9 faiz çoxdur.
Bəli, Naxçıvanda nəqliyyat sektorunun inkişafı onun tranzit əlaqələrini ildən-ilə daha da genişləndirir. Ötən dövrdə həyata keçirilən tədbirlər nəticəsində bu gün Naxçıvanın regionun ən böyük dövlətləri olan Rusiya, Türkiyə, İranla, eyni zamanda Gürcüstanla birbaşa nəqliyyat əlaqələri var. Qarşıya qoyulmuş hədəflər gələcəkdə bu nəqliyyat əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutur. Bilinən odur ki, ən yaxın tarixdə Ermənistan tərəfindən nəqliyyat blokadasına alınan Naxçıvan bu gün düşmənin özü üçün izolyasiya divarına çevrilib. Muxtar respublikanın nəqliyyat sektorunun davamlı inkişafı isə bu izolyasiyanı gücləndirməklə yanaşı, Naxçıvanın tranzit əlaqələrini də möhkəmləndirəcək.
Səbuhi HƏSƏNOV