Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.
Muxtar respublikamızda belə müəssisələrin yaradılmasının nəticəsidir ki, daxili bazar keyfiyyətli yerli tikinti materialları ilə təmin olunur. Amma ildən-ilə genişlənən quruculuq tədbirləri kərpic zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurəti yaratmışdı. “Gəmiqaya Kərpic Kompleksi” MMC-nin direktoru İlham Abbasov bildirdi ki, bu məqsədlə yeni layihə hazırlanmış və 2013-cü ilin əvvəlindən layihənin icrasına başlanmışdır. Layihəyə uyğun olaraq, kəsmə sexində yeni müasir texnoloji avadanlıqlar quraşdırılmış, kərpicin bişirilməsi üçün əlavə sobalar tikilmiş, Türkiyə istehsalı olan və kompyuterlə idarə edilən yeni avadanlıqlar quraşdırılmışdır. İstehsal olunan məhsulun təbii hava şəraitində qurudulması və saxlanılması üçün əlavə çardaqlar qurulmuş, yeni qurutma sexi tikilib istifadəyə verilmişdir. Süniqurutma sexində Türkiyə istehsalı olan və kompyuterlə idarə edilən müasir texnoloji avadanlıqlar quraşdırılmış, kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilmiş, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulmuşdur. Eni 12, uzunluğu 50 metr olan süniqurutma sexi 4 kameradan ibarətdir. Hər kameraya ilkin olaraq 13 min ədəd kərpic yığılır. Kompyuterlə idarəetmə mərkəzində verilmiş sifarişə uyğun olaraq, qapılar avtomatik bağlanır. İlkin mərhələdə kərpicin nəmliyi götürülür, ikinci mərhələdə qurutma prosesi başlanır. Rejimə uyğun olaraq, hər 7-15 dəqiqədən bir qapılar avtomatik açılır, hər kameradan kərpic dolu birdiyircəkli araba xaric olmaqla, digəri sexə daxil olur. Ümumilikdə, süniqurutma sexinin 8 saatlıq iş rejimində gündəlik istehsal gücü 20 min kərpic təşkil edir.
Kərpicbişirmə sexində yaranan istilik xüsusi borularla aspirator vasitəsilə sorulub süniqurutma sexinə ötürülür. Bununla həm istilik sisteminin dövriyyəsi təmin edilir, həm də enerji itkisinin qarşısı alınır. Zərurət yarandıqda isə süniqurutma sexində qurulmuş istilik avadanlığından da istifadə edilir. Süniqurutma sexinin istifadəyə verilməsi ilə zavodun mövsümdən asılılığı aradan qaldırılmış, müəssisənin fasiləsiz fəaliyyət göstərməsinə əlverişli şərait yaratmışdır. Yeni layihənin həyata keçirilməsi nəticəsində yeni iş yerləri açılmışdır. Hazırda müəssisədə 145 nəfər çalışır. Kollektiv cari ili uğurlu göstəricilərlə başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir.
Zavod fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunurdusa, yeni layihənin həyata keçirilməsindən sonra gün ərzində 40-45 min ədəd kərpic istehsal etmək imkanı yaranmışdır.
İstehsal sexləri ilə tanışlıq zamanı dəzgahları göstərərək Türkiyədən alınmış müasir texnoloji avadanlıqların məhsulun keyfiyyətli istehsal olunmasında mühüm rol oynadığını bildirən cəmiyyətin direktoru onu da qeyd etdi ki, zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşınma xərcləri çəkilmir, boşdayanma hallarına yol verilmir. Burada müasir texnoloji avadanlıqlarla təchiz edilmiş 3 istehsal sahəsi – kərpickəsmə, süniqurutma və kərpicbişirmə sexləri fəaliyyət göstərir. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir, texnoloji proseslərə və məhsulun keyfiyyətinə ciddi əməl olunur.
Zavodda istehsal edilən səsboğucu, radiasiyasız, yayda sərin, qışda isə isti olan yüksək keyfiyyətli tikinti materialı kimi kərpicə tələbat ildən-ilə artır. Bu yerli tikinti materialının ölkəmizin digər regionlarında da satışa çıxarılması üçün gələcəkdə zavodun kəsmə sexində ikinci istehsal xəttinin qurulması nəzərdə tutulur.
Kərəm HƏSƏNOV