22 Dekabr 2024, Bazar

Qlobal ekoloji problemlərin aradan qaldırılmasına və təbiətin qorunmasına insanların diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndəri­miz ekoloji problemlərin həlli barədə demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədilə səmərəli istifadə olunması öz əksini tapmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, ölkə­mizdə ekologiya ilə bağlı 29 qanun qəbul olunmuşdur. Bununla yanaşı, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması dövlətin ekoloji siyasətinin uğurla həyata keçirilməsinə geniş imkanlar açmışdır.

Ekoloji problemlər daha çox millətlərarası və ölkələrarası məsələ olduğundan ekologiya sahəsində ölkəmizlə bir sıra beynəlxalq təşkilatlar arasında mühüm sazişlər imzalanmış və faydalı əməkdaşlıqlar qurulmuşdur. Planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması, bərpası məqsədilə əməkdaşlığın qurulması və dövlətlərarası birgə fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmiz BMT-nin “İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası”na, “Kökünün kəsilmək təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”ya, “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya, “Bioloji müxtəliflik haqqında Konvensiya”ya, ümumilikdə isə 25-dən çox ekoloji konvensiyaya qoşulmuşdur.
Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunmuş, 2010, 2011 və 2012-ci illərdə Bakı şəhərində beynəlxalq ekologiya sərgiləri keçirilmiş, bu sahənin dayanıqlı inkişafı üçün Dövlət pro­qramları qəbul edilmişdir. Qəbul olunmuş Dövlət pro­qramları ölkəmizdə ekologiyanın qorunması və uğurlu ekoloji siyasətin həyata keçirilməsi üçün əlverişli zəmin yaratmışdır. Məhz görülən bu işlər nəticəsində 2012-ci ildə Beynəlxalq Ekologiya Təşkilatı tərəfindən aparılmış ekoloji qiymətləndirmədə ölkə­miz 132 dövlət arasında meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və artmasına görə birinci yeri tutmuşdur.
Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlarla 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə isə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Hazırda muxtar respublikada böyük əraziləri əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq mövcuddur.
Muxtar respublikada təbiəti mühafizə tədbirlərinin məqsədyönlülüyü və ardıcıllığı fauna ehtiyatlarının artmasına müsbət təsir göstərmişdir. Bu ərazidə məskunlaşmış nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin qeydiyyatının aparılması və mühafizə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilmişdir.
Məlum olduğu kimi, qlobal ekoloji problemlərin yaranma səbəblərindən biri də meşələrin antropogen və digər təsirlərə məruz qalmasıdır. Muxtar respublikamızda təbii meşə ehtiyatları çox deyil. Bu səbəbdən də təbiətin zənginləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, yeni yaşıllıq zolaqları salınır. Qeyd edək ki, bu tədbirlərin əsası ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə – 1991-1993-cü illərdə qoyulmuşdur. Həmin illərdə blokadanın çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində burada yaşıllaşdırma iməciliklərinin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Muxtar respublika ərazisində son 17 ildə 13 min hektardan çox yaşıllıq zolaqları, meyvə bağları salınmışdır. Həyata keçirilən ekoloji tədbirlər nəticəsində bu gün muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi ötən əsrin 90-cı illəri ilə müqayisədə 10 dəfə artmışdır. Bu da əlverişli ekoloji mühitin formalaşmasına və ekoturizmin inkişafına şərait yaratmışdır.
Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Təbiəti mühafizə sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa, Vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR