23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonu 2017-ci ili bütün sahələrdə böyük uğurlarla başa vurub. Bu baxımdan aqrar sahədə qazanılan nəticələr də ürəkaçandır. Daxili bazarda bolluq yaradılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün yaradılan şərait şərurlu torpaq mülkiyyətçilərinin daxili bazara verdiyi töhfələrdə başlıca amillər kimi diqqəti çəkir.

Rayonun iqtisadiyyatında taxılçılıq mühüm yer tutur. Bölgənin məhsuldar torpaq sahələri, uzun illərin təcrübəsi və yaradılan şərait bu sahənin inkişafına marağı getdikcə artırır. Bu səbəbdəndir ki, ötən il də taxılçılıqda yüksək göstəricilərə nail olunub. Belə ki, 3598 hektar sahədən 11 min 467 ton buğda, 546 hektar sahədən 1704 ton arpa tədarük edilib. Cari ilin məhsulu üçün ötən ilin sonlarında 5250 hektar sahədə şum qaldırılıb, 4008 hektar sahədə dən üçün payızlıq səpin aparılıb. Bunun 3602 hektarı buğda, 406 hektarı isə arpadır.
Şərurun torpaq mülkiyyətçiləri 2017-ci ildə 4636 hektar sahədə dənli və dənli-paxlalı bitkilər əkiblər. Əkinlərə vaxtlı-vaxtında aqro­texniki qulluq göstərilib, bol məhsul istehsalına nail olunub. Belə ki, məhsuldarlıq orta hesabla 31,8 sentner olmaqla, əkin sahələrindən 14 min 736 ton məhsul toplanılıb. Dənli-paxlalılar əkilmiş 492 hektar sahədən 1565 ton məhsul tədarük edilib. 1237 hektar dən üçün qarğıdalı əkini sahəsindən 10 min 20 ton məhsul yığılıb. Dən üçün günəbaxan əkini sahəsində də yüksək artım müşahidə edilib. Belə ki, torpaq mülkiyyətçiləri 32 hektar sahədən 86 ton məhsula sahib olublar.

İkinci çörək sayılan kartofun əkilib-becərilməsinə də ciddi önəm verilib. Bəhs olunan dövrdə 1064 hektar kartof əkini sahəsindən 15 min 889 ton kartof tədarük edilib.
Bostan məhsullarının əkilib-becərilməsinə üstünlük verilən bölgədə torpaq mülkiyyətçiləri 475 hektar bostan bitkiləri əkini sahəsindən 6536 ton bostan məhsulları yığıblar.
Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət pro­qramından irəli gələn vəzifələrin yerinə yetirilməsi diqqətdə saxlanılıb. Belə ki, torpaq mülkiyyətçiləri və sahibkarlar 1814 hektar tərəvəz bitkiləri əkini sahəsindən 33 min 645,3 ton tərəvəz məhsulları, barverən meyvə bağlarından 20 min 940,4 ton, üzüm bağlarından 1532 ton məhsul tədarük ediblər.
Rayonda təzə və ekoloji cəhətdən sağlam ət, süd və süd məhsullarına olan tələbatı torpaq mülkiyyətçiləri yerli istehsal hesabına ödəməyə çalışırlar. Bölgədə baytarlıq xidmətinin düzgün təşkili bu sahədə də nəzərəçarpan uğurların qazanılmasına imkan verib. Bunun nəticəsidir ki, bəhs olunan dövrdə rayonda diri çəkidə 8226,7 ton ət, 27 min 698 ton süd, 21 min 756 min ədəd yumurta, 189,6 ton yun istehsal edilib.
Onu da qeyd edək ki, rayonda son illər arıçılığa da maraq xeyli artıb. Bu səbəbdəndir ki, ötən il bölgədə 182 ton bal istehsal olunub. Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən isə 2017-ci ildə 162 min manat dəyərində balıq satılıb ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Ümumilikdə, 2017-ci ildə rayonun kənd və balıqçılıq təsərrüfatlarında 140477,2 min manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 3,5 faiz çoxdur.
Məlumat üçün qeyd edək ki, bəhs olunan dövrdə rayonun Yengicə kəndində 1 quşçuluq, Şahbulaq kəndində 1 arıçılıq, Dərvişlər, Kürçülü, Axura, Danyeri kəndlərinin hər birində 1 heyvandarlıq təsərrüfatı, Şərur şəhərində isə 1 un məmulatları sexi yaradılıb.
Rayonda istehsal olunan meyvə və tərəvəz məhsullarının tələbatdan artıq hissəsi saxlanılaraq müvafiq mövsümlərdə satışı üçün Danyeri kəndində 250, Qaraburc kəndində 80, Məmmədsabir kəndində 320, Düdəngə kəndində 2 sahibkarda 360 və 450, Cəlilkənddə 600, Püsyan kəndində 450, Çərçiboğan kəndində 80, Aşağı Aralıq kəndində 150, Yuxarı Aralıq kəndində 180, Sərxanlı kəndində isə 80 ton olmaqla, ümumi tutumu 3 min ton təşkil edən soyuducu anbarlar fəaliyyət göstərir.
Ötən il qazanılan uğurlar torpaq mülkiyyətçilərinin ailə büdcəsinə xeyli gəlir gətirib. Bundan ruhlanan Şərurun əmək adamları 2018-ci təsərrüfat ilini daha yüksək nəticələrlə başa vurmaq əzmi ilə cari təsərrüfat ilinə hazırlaşırlar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR