23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunması dünya ölkələrinin əsas prioritetlərindəndir. Çünki bu təminat əldə olunmadan heç bir iqtisadi tərəqqidən, eləcə də digər sahələrin inkişafından danışmaq mümkün deyil. Bu sadə həqiqəti anlamaq gərəkdir ki, XXI əsrdə enerjinin yoxluğu, elə həyatın yoxluğu deməkdir. Digər ­tərəfdən cəmiyyət inkişaf etdikcə, insanların tələbatı artdıqca enerji və resurs tələbləri də artır. Nobel mükafatçısı, akademik Jores Alferov haqlı olaraq qeyd edir ki, bu gün bəşəriyyətin qarşısında energetikadan daha əhəmiyyətli bir problem dayanmır. Sivilizasiyanın mövcudluğu onun həllindən asılıdır. 

Sevindirici haldır ki, bu gün muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş müsbət nəticələr, ötən dövrdə bu sahədə həyata keçirilmiş mühüm tədbirlərin sayəsində mümkün olub. Ötən illərə qısa nəzər salsaq, görərik ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Eyni zamanda həmin ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası istifadəyə verilmişdir. 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan vermişdir. Hazırda da yeni elektrik stansiyalarının yaradılması istiqamətində işlər davam etdirilir. Müqayisəli olaraq onu qeyd edək ki, əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın enerji təhlükəsizliyini xarakterizə edərkən demişdir: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə­mizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam ­etdiriləcəkdir”.
Vurğulamaq lazımdır ki, enerji istehsalında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə mühüm əhəmiyyət daşıyır. Hazırda muxtar respublikanın enerji ehtiyatlarına olan tələbatının 60 faizinin məhz alternativ enerji hesabına ödənilməsi indiyədək görülən işlərin həcmini və mahiyyətini bir daha özündə əks etdirir. Muxtar respublikanın təbii şəraiti hazırda da bu istiqamətdə işlərin davam etdirilməsinə imkan verir. Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev ­demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.
Təbii ki, enerji təminatı sahəsində həyata keçirilmiş tədbirlər muxtar respublika iqtisadiyyatına da öz təsirini göstərməkdədir. Xüsusilə daxili məhsul istehsalında sənayeləşmənin həcminin ildən-ilə artması bu sekto­run inkişafından birbaşa asılıdır. Hər il rəqabətədavamlı yeni istehsal sahələrinin yaradılması sənayedə iqtisadi dinamikanın qorunmasına öz töhfəsini verir. Məsələn, 2017-ci ildə muxtar respublikada 967 milyon ­ 60 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 1,4 faiz çoxdur. Yaradılmış yerli istehsal sahələrinin nəticəsində bu gün muxtar respublikada 372 növdə məhsul istehsal olunur. Bu məhsulların 125 növü ərzaq, 247 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilir. İqtisadiyyatın davamlı inkişafı, yerli istehsal həcminin artması muxtar respublikanın ixrac imkanlarını da genişləndirir. Bunun nəticəsidir ki, hazırda Naxçıvan Muxtar Respublikası dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələrinə malikdir. İqtisadiyyatda müsbət dinamika xarici ticarət əlaqələrində müsbət saldonun əldə saxlanılmasına da öz töhfəsini verir və müxtəlif adda yerli məhsulların ixrac imkanlarının artması səbəbindən artıq 9 ildir ki, belə saldo qeydə alınır. Ümumilikdə, regionun iqtisadi potensialının artmasının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır.
Əlbəttə, iqtisadi inkişaf yalnız sənayeləşmə ilə ölçülmür. Burada digər sahələr üzrə qazanılmış nailiyyətlərdən də bəhs etmək mümkündür. Sadə həqiqət isə ondan ibarətdir ki, enerji təminatı yaratmadan, xüsusilə elektroenergetikanın inkişafına nail olmadan heç bir sahədə, o cümlədən iqtisadi sektorda müsbət dinamikadan danışmaq olmaz. Buradan da o nəticəyə gəlmək mümkündür ki, Naxçıvanın enerji təhlükəsizliyi regionun iqtisadi inkişafının əsas təminatçısıdır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR