23 Dekabr 2024, Bazar ertəsi

Qış fəslində belə, bazar-dükanlarda yer alan göyərti məhsullarına tələbat çox olur. Sahibkarlar istixanalarda ərsəyə gətirdikləri məhsulları şəhər və rayon bazarlarına çıxarıb yaxşı qazanc əldə etməklə bərabər, əhalini istixana təsərrüfatında becərdikləri göyərti ilə bütün payız, qış mövsümü ərzində təmin edirlər. İstixanalarda müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.
Babək rayonu Naxçıvan bazarını istər yay, istər qış aylarında təzə göyərti məhsulları ilə təmin edən bölgələrdən biridir. Xüsusən də Babək qəsəbəsində göyərti əkib-becərməklə öz ruzilərini qazanan torpaq mülkiyyətçiləri kifayət qədərdir.

Bu günlərdə Babək qəsəbə sakini, təsərrüfat sahibi Rövşən Nağıyev bildirdi ki, faraş məhsulu dekabr ayından başlayaraq bazara çıxarır. İxtisasca müəllim olan Rövşən Nağıyev uzun illərdir ki, bu sahə ilə məşğuldur. Deyir ki, torpaq gün-güzəranı və dolanışığı təmin edən ən qiymətli sərvətdir. Biz də pay torpağımızda göyərti əkib-­becərməklə məşğul oluruq. Ailə təsərrüfatımızla ruzimizi bu sahədən çıxarırıq. Bir hektar ərazidə göyərti əkmişik. Naxçıvan bazarında bu məhsulların yaxşı da alıcısı var. Təsərrüfatda çalışmaqla həm biz dolanırıq, həm də bir neçə ailənin məşğulluğunu təmin edirik.
Müsahibimin sözlərinə görə, göyərtiyə hər zaman tələbat var. Əsasən də qış aylarında. İstixanalar isə bu tələbatın ödənilməsində əsas rol oynayır. Bu işə, adətən, oktyabrın əvvəlindən başlanılır, noyabr ayının sonuna qədər istixanaların üzəri örtülür. Sahədə cəfəri, kəvər, keşniş, şüyüd, məzrə, nanə becəririk. Bunun sayəsində də qışın oğlan çağında belə, Naxçıvan bazarında istənilən göyərtini təzə-tər tapmaq mümkün olur.
“Sahibkarlar dövlətdən güzəştli şərtlərlə kredit əldə edərək öz təsərrüfatlarını genişləndirirlər”, – deyən Rövşən Nağıyev onu da diqqətimizə çatdırdı ki, belə qayğı muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına hərtərəfli şərait yaradır, daxili bazarda yerli tərəvəz məhsullarının bolluğuna səbəb olur. Əvvəllər xaricdən gələn meyvə-tərəvəz, həmçinin göyərtilər bazarda üstünlük təşkil edirdi. İndi isə əksinədir. Bütün bunlar dövlətin sahibkarlığın, özəl sektorun inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Bəli, bu gün muxtar respublikamızın hər bölgəsində olduğu kimi, Babək rayonunda da iş adamlarına, fərdi təsərrüfatlara, əkin-biçinlə məşğul olanlara hərtərəfli şərait yaradılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR