Vətəni Mərkəzi və Cənubi Amerika olan qarğıdalı taxıllar fəsiləsinə aid olan birillik dənli bitkidir. Meksika, Braziliya, Qvatemala, Salvador kimi ölkələrdə qədim zamanlardan becərilən bu bitki indi də kütləvi ərzaq rolunu oynayır. İspanların və portuqaliyalıların səyləri nəticəsində XV əsrdə Avropaya yayılan qarğıdalı daha sonra Çin, Şimali Afrika və Hindistana qədər gedib çıxmışdır. Rusiyaya XVII əsrdə gətirilmiş bu bitki oradan da Azərbaycana yayılmışdır.
Qarğıdalının sürətlə yayılması onun hərtərəfli təsərrüfat əhəmiyyətli olması ilə bağlıdır. Onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sair istehsal edirlər. Qarğıdalı həm də yeyinti sənayesində geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayır, nişastadan qənnadı sənayesi üçün qlükoza, şəkər istehsal edilir. Bu qiymətli bitkinin tibbi əhəmiyyəti də çoxdur. XIX əsrin ikinci yarısında qarğıdalı saçaqlarının ödqovucu xüsusiyyətə malik olduğu qeydə alınıb. Hazırda isə ondan qaraciyər və öd kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər. Xalq arasında qarğıdalını qovurub partladılmış şəklə salmaq qədimdən məlumdur.
Qeyd edək ki, qarğıdalı dünyada əkilən dənli bitkilər sırasında buğdadan sonra ikinci yeri tutur və dən üçün əkilən bu bitkinin ümumi becərildiyi ərazi 129 milyon hektardan çoxdur. Bu əkin sahələrinin 23 faizi Amerika Birləşmiş Ştatlarının payına düşür və ölkədə ümumi dən istehsalının 60 faizini təşkil edir. Bundan əlavə, Braziliyada 12,4 milyon, Hindistanda 6 milyona yaxın, Argentinada isə 3,2 milyon hektar sahədə qarğıdalı əkilir. Qarğıdalı əkininə dünyada bu qədər böyük yer verilməsinin səbəbi odur ki, bu bitki həm ərzaq məhsulu kimi, həm sənaye əhəmiyyətinə görə, həm də heyvandarlıqda faydalı yem istehsalı üçün böyük önəm daşıyır. Eyni zamanda qarğıdalının tropik iqlimə malik ölkələrdən tutmuş yağıntının miqdarı çox olan Şimal ölkələrinədək əkilə bilməsi bu qiymətli bitkinin daha geniş ərazilərdə yayılmasına imkan verir.
Mütəxəssislərin bildirdiyinə görə, qarğıdalı quraqlığa nisbətən dözümlü bitkidir. Bir sentner quru kütlə əmələ gətirmək üçün 20-30 ton su tələb edir ki, bu da vələmir və arpaya nisbətən azdır. Lakin yüksək məhsul almaq üçün o, daha çox su tələb edir. İnkişafın ilk mərhələsində hektara suyun orta sutkalıq sərfi 30-40 kubmetr, süpürgələmədən mum yetişməsinə qədər olan dövrdə isə 80-100 kubmetrə çatır. Ona görə də qarğıdalıdan 35-40 sentner dən məhsulu və ya 350-400 sentner yaşıl kütlə almaq üçün yay aylarında yağıntının miqdarı 260-300 millimetr olmalı, yaxud da suvarılmalıdır.
Qarğıdalı bərk, dişəbənzər, nişastalı, partlayan, şəkərli, nişastalı-şəkərli, yarımdiş, mumabənzər və pərdəli kimi botaniki qruplara bölünsə də, ölkəmizdə, əsasən, bərk qarğıdalı sortunun əkilməsinə üstünlük verilir. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır. Buna görə də onun dənindən qarışıq yem istehsalında da istifadə olunur. Bu bitkidən, eyni zamanda çox keyfiyyətli silos alınır. Bitkinin yaşıl gövdəsi heyvandarlıqda şirəli yem kimi çox faydalıdır.
Son illərdə muxtar respublikamızda da bu qiymətli bitkinin əkilməsinə maraq xeyli artıb. Bunun da bir çox səbəbləri var. Birinci ona görə ki, əvvəllər daxili bazarda müəyyən qədər boşluq var idi. Xüsusilə quşçuluq təsərrüfatlarının dən üçün yem istehsalında buna böyük ehtiyac duyulurdu. Çünki tərkibində proteinin faizi yüksək olduğuna görə yumurta istehsalı məqsədilə saxlanılan quşçuluq təsərrüfatlarında qarğıdalı dəni əvəzolunmaz yem sayılır. Buna görə də həm maldarlığın, həm də quşçuluğun ilbəil inkişaf etdirilməsi bu bitkiyə olan tələbatı durmadan artırırdı. Bundan başqa, muxtar respublikada digər kənd təsərrüfatı bitkiləri kimi, qarğıdalının da əkilib-becərilməsi üçün bu gün münbit şərait yaradılıb, bunun üçün müxtəlif texnikalar alınıb gətirilib. Yaradılmış şərait, heyvandarlıq və quşçuluq təsərrüfatlarının ildən-ilə genişlənməsi bu qiymətli bitkinin də əkilməsinə marağı artırıb. Statistik rəqəmlərə diqqət etsək, bunu daha aydın görə bilərik.
2009-cu ildə muxtar respublikamızda dən üçün əkilən bu bitkinin əkin sahəsi 723,6 hektara bərabər olub və sahələrdən 2865,4 ton məhsul yığılıb. 2012-ci ildə isə dən üçün qarğıdalı əkini sahəsi 845 hektara çatdırılaraq həmin sahələrdən 3382 ton məhsul tədarük edilib. Ötən il isə adıçəkilən məhsulun istehsalında xeyli artım müşahidə olunub. Belə ki, 2017-ci ildə muxtar respublikada 1667 hektar sahədə qarğıdalı əkini aparılıb, zəmilərdən 12 min 572,9 ton məhsul yığılıb. Bu da əvvəlki illə müqayisədə 20,2 faiz çoxdur. Məlumat üçün bildirək ki, 2017-ci ildə əvvəlki illə müqayisədə kartofçuluqda 5,5, meyvə istehsalında 2,1, tərəvəz istehsalında isə 1,9 faiz artıma nail olunub.
Bu rəqəmlər onun göstəricisidir ki, qarğıdalı əkini ötən il yerli torpaq mülkiyyətçiləri tərəfindən ən çox maraq göstərilən əkinçilik sahələrindən biri olub. Əvvəlki illərdə bu sahədə qazanılmış təcrübə, torpaq mülkiyyətçiləri üçün yeni imkanların yaradılması və ən əsası məhsulun daxili bazarda alıcısının olması bu sahədə qazanılmış nailiyyətlərin əsasını təşkil edir. Yeri düşmüşkən onu da qeyd edək ki, artıq Azərbaycanda prioritetləşdirilmiş sahə olan kənd təsərrüfatında ötən il iqtisadi gəlirliyi ilə seçilən beş sahədən birini də qarğıdalı istehsalı tutur.
Səbuhi HƏSƏNOV