Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası və sakinlərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2018-ci ilin ilk ayı ərzində də diqqət mərkəzində saxlanılmışdır. Ötən ay təsdiq olunmuş qrafik əsasında Şərur rayonunun Yuxarı Aralıq və Yengicə, Ordubad rayonunun Behrud və Dəstə, Şahbuz rayonunun Kolanı, Culfa rayonunun Yaycı, Babək rayonunun Şəkərabad və Aşağı Buzqov kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, 106 müraciətə baxılmışdır.
Komitənin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanmış 490 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə, 122 əmlakın bazar dəyəri isə məlumat bazasına daxil edilmişdir. 2018-ci ilin yanvar ayı ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 66 daşınmaz əmlak obyektinə ünvan verilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Babək rayonunun Yarımca, Cəhri, Kalbaoruc Dizə, Məmmədrza Dizə və Qaraqala, Şahbuz rayonunun Daylaqlı, Kiçikoba, Ayrınc, Badamlı və Kolanı, Culfa rayonunun Əlincə, Xoşkeşin, Bənəniyar və Xanəgah kəndlərinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair kartoqramları müvafiq bələdiyyələrə təqdim edilmiş, onlara kartoqramlardan istifadə qaydaları izah edilmişdir. “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnaməyə uyğun olaraq 76 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritəsi hazırlanaraq muxtar respublikanın Daxili İşlər Nazirliyinə, Xanlıqlar və Dəmirçi dairəvi avtomobil yolunun planı hazırlanaraq “Naxavtoyol” Dövlət Şirkətinə təqdim edilmişdir.
Muxtar respublikanın torpaq fondundan səmərəli istifadəyə dövlət nəzarətinin gücləndirilməsi və vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasında operativliyin təmin edilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti