Bazar iqtisadiyyatının inkişaf etdirilməsində vergi orqanlarının rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə vergi münasibətlərinin tənzimlənməsi sahəsində sistemsizlik və boşluqların aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi bu sahədə uğurlu inkişafı təmin etmiş, 2001-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edilmişdir.
Ümummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən vergi siyasəti sahəsində də uğurla davam etdirilir. Ötən dövrdə ölkəmizdə güclü vergi sistemi formalaşdırılmış, geniş təhlil bazasına malik informasiya sistemləri qurulmuşdur. Vergilər Nazirliyi sistemində elektron xidmətlərin tətbiqinə başlanılmış, 2006-cı ildən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi tətbiq edilərək daxili sənəd dövriyyəsi, hesabat-məlumat sistemi tam elektronlaşdırılmış, bəyannamələrin elektron formada göndərilməsinə və vergiödəyicilərinə elektron xidmətlərin daha geniş şəkildə göstərilməsinə başlanılmışdır. Azərbaycan iqtisadiyyatının dinamik inkişafına paralel olaraq Vergi Məcəlləsinə də müvafiq dəyişikliklər edilmiş, sahibkarların vergi yükü azaldılmış, vergi dərəcələrinin aşağı salınması təmin olunmuşdur.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməklə bərabər, vergiödəyicilərinin hüquqlarının qorunmasına, vergitutma bazasının daha da genişləndirilməsinə səbəb olmuşdur. Ölkəmizdə yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin və ya fərdi sahibkarların 7 il müddətinə vergilərdən azad edilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və ya fərdi sahibkarların mənfəətinin və ya gəlirinin 50 faizinin, habelə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi sahibkarlığın inkişafında mühüm əhəmiyyət daşıyır.
Ölkəmizin vergi sistemində aparılan islahatlar muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi yaradılmış, nazirliyin Əsasnaməsi təsdiq edilmişdir. Bu müddət ərzində nazirliyin yerli qurumları üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş, nazirliyin binası əsaslı təmir edilərək yenidən qurulmuş, vergi orqanlarının əməkdaşlarına müasir standartlara cavab verən iş şəraiti yaradılmış, maddi-texniki bazanın gücləndirilməsi sahəsində xeyli iş görülmüşdür.
Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın aradan qaldırılması istiqamətində görülən tədbirlər, iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə daxil olması və sosial infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində makroiqtisadi göstəricilərin artımına nail olunmuş, aparılmış uğurlu sosial-iqtisadi siyasət Vergilər Nazirliyi üzrə müəyyən edilən proqnoz tapşırıqların vaxtında icra edilməsinə əsaslı zəmin yaratmışdır. Muxtar respublikada sahibkarlığa dövlət dəstəyinin nəticəsidir ki, 2017-ci il ərzində qeydiyyata alınan sahibkarlıq subyektlərinin 67 faizi muxtar respublikanın rayonlarının payına düşmüş, son dövrlərdə özəl sektordan vergi daxilolmaları 8,5 faizdən 63 faizədək yüksəlmişdir. Aparılan uğurlu iqtisadi siyasət nəticəsində vergi daxilolmalarının ahəngdarlığına nail olunmuş və proqnoz tapşırıqlar hər il artıqlaması ilə icra edilmişdir.
2008-ci il yanvar ayının 1-dən elektron hökumətin əsas elementlərindən olan sahibkarlıq subyektlərinin qeydiyyatında “bir pəncərə” sisteminin tətbiqi investisiya mühitini daha da yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını azaltmış, çoxpilləli qeydiyyat prosedurlarını sadələşdirmişdir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi ilə aparılmasının davamı olaraq 2011-ci il iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qeydiyyatına başlanmışdır. Bu sistemin tətbiqi ilə fiziki şəxslərin vergi orqanlarına getmədən və vaxt itkisinə yol vermədən, qısa vaxt ərzində elektron qaydada qeydiyyata düşməsi təmin edilir. Bütün bunların nəticəsidir ki, sahibkarlıq fəaliyyətinə başlamaq üçün qeydiyyata düşənlərin sayı sürətlə artır. 2008-2017-ci illər ərzində 285 kommersiya hüquqi şəxs və 17 min 434 fiziki şəxs qeydiyyata alınmışdır.
Məlumdur ki, vergilərin ödənilməsində və proqnozların yerinə yetirilməsində aktiv vergiödəyicilərinin sayı mühüm əhəmiyyət kəsb edir. 2017-ci ildə muxtar respublika üzrə aktiv vergiödəyicilərinin sayı 2016-cı ilə nisbətən 1,3 dəfə artmışdır.
Vergilər Nazirliyi tərəfindən kadr islahatlarına da diqqət artırılmış, gənc kadrların işə qəbulu davam etdirilmişdir. 2009-2017-ci illərdə “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli Fərmanına uyğun olaraq dövlət vergi orqanlarına xidmətə qəbul test imtahanı ilə keçirilmiş, 70 namizəd vergi orqanlarında xidmətə qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov vergi orqanları əməkdaşlarının qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Muxtar respublikanın vergi orqanlarında çalışanlar öz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, hüquqi və fiziki şəxslər tərəfindən vergilərin vaxtlı-vaxtında ödənilməsi, vergi ödəyicilərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və vətəndaşlar arasında maarifləndirmə işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
Vergilər Nazirliyinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaq, muxtar respublikanın davamlı inkişafına öz töhfəsini verəcək, vergitutma bazasının daha da genişləndirilməsini təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti