Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizdə iqtisadi yüksəlişlə bərabər, həm də yeni yaşayış massivlərinin salınması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması ilə səciyyələnir. Məhz həmin illərdə istər kənd yaşayış yerlərində, istərsə də şəhərlərdə əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, yeni yaşayış binaları tikilmiş, fərdi evlərin sayı çoxalmış, minlərlə insanın maddi rifahı yüksəlmişdir. Eyni zamanda ulu öndər tərəfindən Azərbaycanda həyata keçirilən abadlıq-quruculuq tədbirləri çərçivəsində sosial-ekoloji problemlərin həlli istiqamətində də böyük işlər görülmüşdür.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu quruculuq xətti muxtar respublikamızda uğurla davam etdirilir. Bu siyasət bir tərəfdən ulu öndərin alternativsiz siyasi irsinə sədaqətin nəticəsidirsə, digər tərəfdən dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür. Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da mühüm vəzifə kimi qarşıya qoyulub. Bir zamanlar Sovetlər Birliyi dövründən qalmış köhnə yaşayış binalarının yerində indi yenidən qurulmuş və ya tikilmiş müasir binaları gördükcə dövlətimizin bu sahədəki xidmətlərini görməzdən gələ bilmirsən.
Əgər 20-25 il bundan əvvəl hər hansı bir tikinti təşkilatı ildə cəmi bir obyektdə inşaat işləri aparmaq imkanına malik idisə, bu gün dövlət qayğısından bəhrələnən və muxtar respublikanın çiçəklənməsində böyük rolu olan tikinti şirkətləri onlarla yaşayış binasını inşa etmək imkanına malikdir. Əgər o dövrdə tikilən yaşayış binaları bir-birinin təkrarı idisə, bu gün yeni binalar öz fərqli memarlıq üslubuna görə şəhərin özünəməxsus arxitekturasını tamamlayır. Bu arxitektura elementlərində millilik və müasirlik atributlarından layiqincə istifadə olunması isə təkcə mühəndislik bacarığında deyil, həm də görülən işə yaradıcı yanaşmada öz əksini tapır. Təbii ki, qapılarını yenidən və yaxud yeni olaraq öz sakinlərinin üzünə açan belə mənzillərin yerləşdiyi yaraşıqlı binaların ətrafı da unudulmur. Belə ərazilərin abadlaşdırılması, ilə yanaşı, dövrün tələbinə uyğun olaraq yaxınlıqda müxtəlif iaşə xidmətləri obyektləri, eləcə də avtomobillər üçün dayanacaqlar da salınır. Bütün bunlar isə yaşayış massivlərinə gözəllik bəxş etməklə yanaşı, yenidən qurulan binaların sakinlərinə təmənnasız təqdim olunur. Sakinlərin üzərinə isə qurulub-yaradılanları qorumaq vəzifəsi düşür.
Vurğulamaq lazımdır ki, ötən müddət ərzində muxtar respublikanın paytaxt şəhəri də daxil olmaqla, xeyli sayda bina əsaslı şəkildə yenidən qurulub, mənzillərin sahələri genişləndirilib, yaşayış binalarının əksəriyyəti möhkəmləndirilib və əlavə mərtəbələr artırılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb. Son illərdə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “İstiqlal”, Atatürk küçələrində, “Atabəylər” məhəlləsində və adlarını sadalamadığımız digər ünvanlarda, həmçinin rayon mərkəzlərində onlarla yaşayış binası tikilib və yaxud yenidən qurularaq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə yaradılmış “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti isə ümumi və müxtəlif əhali qruplarının mənzillə təmin olunmasına şərait yaradıb.
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər 2017-ci ildə də davam etdirilib. Ümumilikdə, ötən il muxtar respublikada 2 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması, 2 yaşayış binasının əsaslı təmiri başa çatdırılıb. 3 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması isə davam etdirilib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2017-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 377 min 699 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2016-cı ildəki müvafiq göstəricidən çoxdur.
Bəli, muxtar respublika əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Yaradılmış ictimai-siyasi sabitlik, dayanıqlı inkişaf, müsbət miqrasiya prosesləri regionu yaşayış üçün daha da cazibədar edir. Quruculuq tədbirlərində görülən işlərə kompleks yanaşma isə yuxarıda da qeyd olunduğu kimi, əhalinin məişət şəraitinin və mədəniyyətinin yüksəlməsinə öz töhfəsini verir.
Səbuhi HƏSƏNOV