Qloballaşma və müasirliyə doğru sürətli inkişaf hazırda cəmiyyət qarşısında mühüm vəzifələr qoyur. Belə ki, insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək müasir dövr iqtisadiyyatının əsas prioritetlərindəndir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın əsas amillərindən olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, onun rəqabətqabiliyyətliliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən bütün tədbirlər regionun investisiya cazibədarlığının artırılmasında mühüm əhəmiyyətə malikdir.
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı məqsədilə qarşıya qoyulmuş nəticələrə nail olmaq, insan inkişaf indeksini yüksəltmək baxımından Naxçıvan Muxtar Respublikasında özəl bölmədə qazanılmış uğurlar diqqəti daha çox cəlb edən mövzulardan biridir.
Yaxın keçmişə qısa ekskurs etsək görərik ki, Naxçıvanda sahibkarlığın inkişafı heç də asan olmayıb. Düşmən blokadasının yaratdığı çətinliklər vaxtilə burada iqtisadi layihələrin həyata keçirilməsinə böyük problemlər yaradıb. Ölkəmizin müstəqilliyinin ilk illərində muxtar respublikanın iqtisadi inteqrasiya üçün zəruri olan nəqliyyat-kommunikasiya əlaqələrinin olmaması, enerji mənbələrinin qıtlığı, sovet dönəmindən miras qalmış istehsal, yol, anbar və ticarət infrastrukturunun yarıtmaz vəziyyəti burada azad bazar iqtisadiyyatına xas olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə imkan vermirdi. Lakin indi bütün bu çətinliklər artıq arxada qalıb, Naxçıvan gündən-günə abadlaşıb, inkişaf edib, İslam mədəniyyətinin və Azərbaycan gəncliyinin paytaxtına çevrilib. Bütün bu məqsədlərə çatmaq üçün hər addımda nümayiş etdirilən möhkəm iradə, səbir və qətiyyət öz bəhrəsini verib, muxtar respublika investisiya cazibədarlığı göstəricisində ölkəmizin regionları arasında lider mövqeyə yüksəlib.
Naxçıvanda mövcud olan təbii sərvətlərdən və istehsal-əmək ehtiyatlarından səmərəli istifadə ötən dövr ərzində sənaye və kənd təsərrüfatı sahələrində sərmayə qoyuluşlarının həcminin artmasına şərait yaradıb. Region əhalisinin tələbatlarının ödənilməsi, xüsusən də blokada şəraitində zəruri olan məhsulların istehsalı baxımından buradakı özəl sektor qarşısında ilk mərhələdə çox çətin həll edilə biləcək məsələlər idi. Lakin zaman keçdikcə bütün bunlar mərhələli şəkildə həll olunub. Bu mənada, muxtar respublikada sahibkarlıq potensialının formalaşdırılması həmişə dövlətin diqqət mərkəzində saxlanılıb.
Dünya təcrübəsinə əsasən biznesə gedən yolda əldə olunan uğurlar təkcə bazarın tələbatı ilə deyil, həm də dövlət və sosial maraqların ödənilməsi ilə mümkündür. Başqa sözlə, sahibkar təkcə öz mənfəəti üçün deyil, həm də biznesi ilə digər insanlar üçün faydalı ola bilirsə, bu zaman o, işində uğur qazanacaqdır. Muxtar respublikamızda sahibkarlığın inkişaf yoluna nəzər saldıqda görürük ki, ötən dövr ərzində özəl sektorun üzərinə düşən vəzifələr, ümumən, bazar iqtisadiyyatı şəraitində mövcud olan dövlət-vətəndaş-sahibkar münasibətlərinin formalaşması ilə öz həllini tapıb. Bu bir daha sahibkarlığın cəmiyyətimizdəki artan nüfuzundan, onun daşıdığı məsuliyyətin ağırlığından xəbər verir. Əgər bir vaxtlar muxtar respublikamızda sahibkarlar yalnız kiçikhəcmli işlərlə kifayətlənirdilərsə, indi onlar ən müxtəlif istehsal və kənd təsərrüfatı sahələrində, sağlamlıq, turizm, ticarət, digər xidmət sektorlarında genişhəcmli layihələr həyata keçirirlər. Muxtar respublikamızda sahibkarlara göstərilən qayğının nəticəsidir ki, son 22 il ərzində burada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmət sahələri yaradılıb. Bu isə öz növbəsində, daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynamaqdadır.
Biznes üçün zəruri olan iqtisadi resurslar həmişə məhduddur. Belə bir şəraitdə sahibkarlığın inkişafını onlara göstərilən dövlət qayğısı olmadan təsəvvür etmək çox çətindir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında işgüzar fəaliyyətin dəstəklənməsi, sahibkarlığın təşviq olunması və yeni layihələr üçün kredit dəstəyinin verilməsi bu sahənin inkişafı baxımından mühüm əhəmiyyətli tədbirlər kimi öz bəhrəsini verməkdədir. Belə ki, hazırda muxtar respublikamızda 372 növdə məhsul istehsal olunur və 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu göstəricilərin arxasında isə on minlərlə yeni iş yerləri, əhali gəlirləri, demoqrafik artım dayanır ki, bu da, ümumən, muxtar respublika iqtisadiyyatının cazibədarlığını müəyyən edən amillərdəndir.
Sahibkarları iqtisadiyyatın lokomotivi də adlandırırlar. Bu mənada, cəmiyyətin inkişafı sahibkarlıq fəaliyyəti qarşısında da yeni tələblər qoyur. İnsanların yüksək həyat səviyyəsini təmin edə bilmək üçün Naxçıvanda fəaliyyət göstərən sahibkarlarımız da yaradılan şəraitdən maksimum dərəcədə istifadə etməyə, fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Hazırda onlar, idxaldan asılılığı daha da azaltmaqla yanaşı, ixracyönümlü məhsulların istehsalını çoxaltmaqla Naxçıvanın xarici ticarət balansında müsbət saldonun daha da artmasına öz töhfələrini verməyə çalışırlar. Burada da göstərilən dövlət qayğısı öz sözünü deyir. Belə ki, təkcə ötən il göstərilən maliyyə dəstəyi sayəsində 60 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, 36 hüquqi və 2015 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Sahibkarlığa Kömək Fondu tərəfindən muxtar respublika sahibkarlarının fəaliyyətlərinə dəstək məqsədilə bu dövrdə 25 layihə üçün 1 milyon 978 min manat həcmində güzəştli kreditlər verilib. Ümumilikdə isə fond tərəfindən 2000-ci ildən etibarən 1244 layihənin maliyyələşdirilməsinə 136 milyon 182 min 282 manat həcmində güzəştli kreditlər verilib.
Sənaye muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir. İstehsal olunan sənaye məhsulunun 94,8 faizinin özəl sektorun payına düşməsi burada sahibkarlığın artan rolunu ifadə edir. Sahibkarlarımız dünya ölkələrinin qabaqcıl təcrübəsinin Naxçıvana gətirilməsi, muxtar respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılmasında da fəallıq nümayiş etdirirlər. Muxtar respublikanın iqtisadi təhlükəsizliyi möhkəmləndikcə müasir cəmiyyətin ən mühüm mədəni inkişaf göstəricilərindən olan sosial infrastrukturun yaradılması, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman kimi sahələrdə canlanma da diqqəti cəlb edir.
Zaman sürətlə dəyişir və inkişaf özü ilə bərabər hər sahədə olduğu kimi, sahibkarlıq fəaliyyətində də yeni tələblər müəyyənləşdirir. Qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə keyfiyyət, münasib qiymət, sosial məsuliyyət və ekoloji təhlükəsizlik kimi maraqlar getdikcə ön plana çıxan amillər kimi sahibkarlarımız qarşısında yeni vəzifələr qoyur. Bu mənada, hər bir iş adamı öz fəaliyyətini təkcə bazardakı mövqeyi üçün deyil, cəmiyyətdəki mövqeyi üzərində də qurmaqla davam etdirməyə çalışır. Bu mövqeyi isə onlarda ölkəmizin, muxtar respublikamızın daha da inkişafı naminə çalışmaq üçün göstərilən etimad yaradıb.
Əli CABBAROV