Əhalisinin əksəriyyətinin kəndlərdə məskunlaşdığı muxtar respublikamızda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məqsədi əhalini keyfiyyətli yerli məhsullar ilə təmin etmək, bununla da regionun inkişaf tempini artırmaqdır. Təsərrüfat sahiblərinə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi ömrünü bu sahəyə bağlayanlara böyük stimul olub. Nəticədə, son illərdə kənd yerlərində əkilən sahələrin ərazisi xeyli genişlənib, bir çoxları ailə təsərrüfatı yaradıb. Ötən il noyabrın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan“Ailə təsərrüfatı məhsulları” festivalında bu amil özünü qabarıq şəkildə büruzə verdi.
Ümumiyyətlə, son illər ərzində Naxçıvanın bütün bölgələrində aqrar sahə ilə məşğul olanların sayı xeyli artıb. Əkinəyararlı münbit torpaq sahələri bol olan Babək rayonunda da qurulan belə təsərrüfatlar kifayət qədərdir. Ötən günlərdə yolumu rayonun ən böyük yaşayış məntəqəsi sayılan Nehrəm kəndindən saldım. Müşahidəmə əsaslanaraq deyə bilərəm ki, buranın sakinləri torpağa qırılmaz tellərlə bağlıdırlar. Elə dolanışıqlarını da əkin-biçinlə məşğul olub, mal-qara saxlamaqla əldə edirlər. Kənddə yeni təsərrüfat sahələrinin yaradılması sakinlərin işsizlik problemini də aradan qaldırıb. Təsərrüfat sahiblərindən Cəmşid Həsənov bizimlə söhbətində dedi ki, dövlət qayğısı nəticəsində yaradılan əlverişli imkanlar hesabına təsərrüfat qurub. Artıq bir neçə ildir ki, torpaq icarəyə götürüb əkin-biçinlə məşğul olur, əldə olunan gəlir hesabına ailəsinin gün-güzəranını yaxşılaşdırır. Ona məxsus olan torpaq sahəsində taxıl, bostan və tərəvəz məhsulları yetişdirən müsahibimin dediklərindən:
– İcarəyə götürdüyüm ərazidə, əsasən, pomidor əkini aparıram. Təsərrüfat işlərinə yaxşı bələd olduğum üçün pomidorun gəlir gətirən tərəvəz olduğunu da bilirəm. Lakin onu ərsəyə gətirmək böyük zəhmət tələb edir, – desəm yanılmaram. Hədər yerə deyilməyib: “Cəfa çəkməyən səfa görməz”. Ümumiyyətlə, təsərrüfat işi ilə məşğul olmaq asan deyil. Yəni bu sahədə tək bir insanın zəhməti ilə uğur qazanmaq mümkünsüzdür. Elə buna görə də ailə üzvlərimin dəstəyindən faydalanıram. Şükürlər olsun ki, çəkdiyimiz zəhmət hədər getməyib. Buna misal olaraq deyim ki, ötən ilin yazında 2 hektar ərazidə pomidor əkdik. Əldə olunan məhsulu bazara çıxardıq və yaxşı gəlir qazandıq. Məhsulun qiyməti aşağı düşən zaman pomidordan tomat istehsal etməyə başladıq. 11 min bankadan artıq tomat satıldı. Alıcı çox olduğundan gəlir də ürəkaçan oldu. Məhz buna görə də bu il daha çox pomidor yetişdirmək niyyətindəyik.
Fermer deyir ki, ötən il əkin sahəsinin 4 hektarlıq hissəsində qarpız əkini də aparıb. Ümumiyyətlə, hamıya məlumdur ki, Nehrəm kəndinin bazarda ən tanınmış məhsulu qarpızdır. Kəndin sakinləri bu bostan məhsulunu necə yetişdirməyi çox gözəl bilirlər. Ona görə də mövsüm zamanı hər kəs Nehrəm qarpızından dadmağa çalışır. Fermer Cəmşid Həsənov da qarpız yetişdirməyi yaxşı bacarır. Deyir ki, ötən ildə əvvəlki illərdə olduğu kimi, bol məhsul götürüb və sərfəli qiymətə sata bilib. Havalar soyumağa başlayanda isə təsərrüfatda qarpız turşusu hazırlanıb. Həftə sonları təşkil olunan yarmarkalarda bu turşular vitrinləri bəzəyib. Ümumilikdə, pomidor, xiyar və qarpız məhsullarından 400 banka turşu hazırlayıb bazara çıxaran fermer bu il turşu bankalarının sayını minə çatdıracaqlarını deyir.
Öyrəndik ki, təsərrüfat sahibi ötən ilin yazında pomidor yetişdirdiyi 2 hektar ərazi də daxil olmaqla, payız aylarında, ümumilikdə, 70 hektardan çox sahədə taxıl əkini aparıb. Deyir ki, yaxşı qulluq eləsəm, ərazidən 40-45 sentner məhsul götürə bilərəm. Su sarıdan da korluq çəkmədiklərinə görə təsərrüfat sahibinin uğur qazanacağına əminlik yaranır. Fermerin təsərrüfat işi bununla bitmir. O həm də meyvə tinglərini əkib, onlara qulluq etməyi də yaxşı bacarır. Elə bu səbəbdəndir ki, ötən il təsərrüfatın ərazisində 300-dən artıq badam tingi salıb, cari ildə bu tinglərin sayını daha da artırmağı planlaşdırır. Gələcəkdə ərazisində üzüm və göycə tingləri də əkib-becərmək niyyətindədir.
Həmsöhbətim onu da dedi ki, hansı işlə məşğul olmasından asılı olmayaraq, gərək hər işdə halallıq ola. Yəni, necə deyərlər, el gözü tərəzidir. Düzgün iş tutsan, müştərini yaxşı qarşılasan, ən əsası da məhsula münasib qiymət qoysan, yaxşı da gəlir qazanarsan. Atalar sözündə də deyildiyi kimi “Haram malın bərəkəti olmaz”.
Nail ƏSGƏROV