Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli açmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada əhalinin ərzaq məhsulları ilə təminatında taxıl məhsulları mühüm yer tutur. Strateji əhəmiyyət daşıyan bu məhsulların vaxtında və təhlükəsizlik qaydalarına uyğun olaraq yığılması qarşıda duran əsas vəzifələrdən biridir. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil edilən tədbirin əsas məqsədi taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, məhsulların yanğınlardan qorunması və qabaqlayıcı tədbirlərin düzgün həyata keçirilməsindən ibarətdir.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Şahid İbrahimov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mirtaleh Seyidov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov və nazirliyin müfəttişi Zərraf Əfəndiyev çıxış etmişlər. Bildirilmişdir ki, muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi diqqətdə saxlanmalı, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.
Çıxışlarda biçin dövrü sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran vəzifələrdən, taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görüləcək tədbirlərdən də bəhs edilmişdir.
Tədbirin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçaları verilmişdir.
Səbuhi HƏSƏNOV