İqtisadi inkişafın əsasında insanların mülkiyyət və əmlakla bağlı olan münasibətləri mühüm yer tutur. Əmlak əldə etmək və gözlənilməz bədbəxt hadisələrdən onu qoruyub saxlamaq isə cəmiyyətdəki mühüm iqtisadi, sosial və hüquqi münasibətlərin tənzimlənməsi ilə mümkün olub, hazırkı sığorta fəaliyyətinin əsas məzmununu təşkil edir.
Sığorta deyəndə, şübhəsiz, insanların mənafelərinin zəmanət altına alınması üçün cəmiyyətdə mövcud olan ictimai münasibətlərin ən yetkin formalarından biri başa düşülür. Söhbət qarşılıqlı zəmanət və inama əsaslanan bir inkişaf modelindən gedirsə, onda bütün iqtisadi fəaliyyət subyektləri, əslində, bir-birinin sığortasıdır desək, yanılmarıq. Məhz buna görə də dünya praktikasında çoxəsrlik tarixə malik olan və mühüm sosial əhəmiyyət daşıyan sığorta fəaliyyəti insana lazım olan mühüm maddi nemətlərin qorunmasına və təminatlı gələcəyin vəd edilməsinə xidmət edir. Bir çox hallarda icbari xarakter daşıyan sığorta dövlət və əhali arasında etibarlı əməkdaşlığın qurulması, sosial siyasətin həyata keçirilməsi baxımından da zəruridir. Bir sıra sığorta növləri, xüsusən də daşınmaz əmlakın icbari sığortası isə daha əhəmiyyətlidir.
Vətəndaşlara məxsus daşınmaz əmlak – yaşayış evləri, binalar, mənzillər və digər tikililər, bir qayda olaraq, icbari sığorta olunur. Məqsəd həmin əmlakın sığorta hadisələri zamanı məhv olması və yaxud hər hansı formada itkisi ilə əlaqədar vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsidir. Əvvəllər mövcud olmuş qanuna görə, daşınmaz əmlakın sığortası könüllü idi. Yeni qanuna əsasən, bütün növ daşınmaz əmlakın sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası həmin əmlakın sahibinin istəyindən asılı olmayaraq, onun sığortalanmasını tələb edən sığorta növüdür. Burada qaydalar və şərtlər yalnız qanunla müəyyən edilir. Halbuki könüllü sığorta zamanı sığortaçı tərəfindən hazırlanmış qaydalara əsasən, tərəflər arasında razılaşdırılmış müqavilə bağlanılması ilə sığortalanma həyata keçirilir. Ölkəmizdə 24 iyun 2011-ci ildə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu çoxlu sayda sığorta hadisəsi zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün hüquqi təminat verir. Sığorta hadisələrinə gəldikdə isə, mövcud qanuna görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qarşı tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən daxil olan su nəticəsində subasma, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Qanuna əsasən, belə sığorta hadisələri baş verdikdə vətəndaşlara məxsus yaşayış evlərinə, onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, eləcə də bütün növ xarici və daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərər təminat altına alınmış olur.
Sığorta hadisələri zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin sığorta ödənişləri vasitəsilə aradan qaldırılması dövlətin diqqət mərkəzindədir. Bu məsələdə də sosial müdafiə prinsipləri ön planda tutulmaqdadır. Belə ki, Naxçıvan şəhərində yaşayan vətəndaşlar öz daşınmaz əmlaklarını 40 manat sığorta haqqı ödəməklə 20 min manata, muxtar respublikanın rayonlarında yaşayan vətəndaşlar isə 30 manat sığorta haqqı ödəməklə 15 min manat məbləğində sığortalaya bilərlər. Qeyd edək ki, sığortanın bu məbləği minimum məbləğ kimi müəyyən edilmişdir. Yəni məbləğdən artıq qiymətləndirilə bilən daşınmaz əmlak onun sahibi ilə razılaşdırılmış müqaviləyə əsasən, daha artıq məbləğə sığortalana bilər.
Göründüyü kimi, daşınmaz əmlakın icbari sığortası ilə bağlı məsələlər qanunla çox dəqiq şəkildə tənzimlənmişdir. Vətəndaşların sosial müdafiəsini düzgün təşkil etmək üçün sığorta hadisəsi hesab olunmayan digər hallar da qanunda dəqiq göstərilmişdir. Belə ki, qanunun tələbinə görə, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, yəni yarımçıq tikililər, qəzalı vəziyyətdə olan və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə qanunsuz tikilmiş daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Sığorta hadisələri baş verdiyi zaman sığorta etdirənin müqavilədə göstərilən mənafelərinin təmini baxımından bütün bunları vətəndaşların bilməsi çox zəruridir. Daşınmaz əmlakın icbari sığortası zamanı yalnız sığorta müqaviləsində göstərilən sığorta hadisələri və sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə baş verən hadisələr üçün sığorta təminatı verilir.
Əli CABBAROV