Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan münbit şərait nəticəsində nəinki daxili bazarın tələbatını ödəyən, həm də xarici bazarlara məhsul ixrac edən istehsal müəssisələri yaradılmışdır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen” Fabrikidir. Sahibkarlığa Kömək Fondundan göstərilən dövlət maliyyə dəstəyi ilə Naxçıvan şəhərində ayrılmış ərazidə ayrı-ayrı iş otaqlarından ibarət inzibati və istehsal sahəsi binaları tikilib istifadəyə verilmiş, müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
2006-cı ildən fəaliyyətə başlayan müəssisədə plastik qapı-pəncərələrin hazırlanmasında istifadə olunan 4 çeşiddə profil, qapı və pəncərələrin şüşə hissəsini bərkitmək üçün çita, asma tavan üçün 12,5 və 20 santimetrlik lambirlər, 2 və 3 kanallı pərvazlar və pərvaz önlüyü istehsal olunur. 2007-ci ildə fabrikin istehsal fəaliyyəti genişləndirilmiş, su boruları istehsalı sahəsi yaradılmışdır. Hazırda gündəlik istehsal gücü 5000 metr olan istehsal xəttində 20, 25, 32, 40 və 50 millimetr ölçülərdə plastik su boruları istehsal edilir. İstehsal olunan yerli məhsula tələbat artdığından burada yeni avadanlıqlar alınıb quraşdırılmış, alüminium təbəqəli plastik boru istehsalına başlanılmışdır. Ümumilikdə, bu istehsal xəttində 2 növdə, 10 çeşiddə məhsul istehsal olunur.
Bina fasadları üçün saydinq istehsalı sahəsində isə müxtəlif ölçülü və müxtəlif funksiyalar üçün nəzərdə tutulmuş 9 çeşiddən ibarət saydinq istehsal edilir. Müəssisənin bu fəaliyyət sahəsi muxtar respublikamızda yaradılmış yeni istehsal sahələrindən biri olmaqla bərabər, həm də ölkəmizdə yaradılmış birinci istehsal sahəsidir.
Fabrikdə bazarın tələbatına uyğun müxtəlif rənglərdə istehsal olunan analoji materialların işlənməsi üçün əlavə 8 çeşiddə aksesuar da istehsal olunur. İşlədilməsi asan olan bu material binalara yaxşı görünüş verməklə yanaşı, milli ornamentlərin fasadlarda əks olunmasına da imkan yaradır. Bu istehsal sahəsinin aylıq istehsal gücü 15 min 600 kvadratmetrdir.
Almaniyanın “Duramax”, “Henkel”, Türkiyənin “Sarem makina”, “Mikrosam” və “Özgə makina” şirkətlərinin istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmış müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılmış, istehsal prosesi avtomatlaşdırılmışdır.
Müəssisədə istehsal olunan məhsulların 50 faizi muxtar respublikanın tələbatını ödəyir. Qalan hissəsi isə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Bakı şəhərində fəaliyyət göstərən satış mərkəzi vasitəsilə ölkəmizin digər regionlarında satışa çıxarılır və xarici ölkələrə ixrac olunur. Dörd istehsal sahəsi ilə fəaliyyətə başlayan müəssisədə hazırda 9 istehsal sahəsi fəaliyyət göstərir ki, burada da 67 adda məhsul istehsal edilir. Gündəlik istehsal gücü 12-20 ton olan “Cahan Pen” Fabriki bir sıra xarici şirkətlərlə də əməkdaşlıq edir.
Üçnövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə 58 nəfər çalışır.
Müəssisədə istehsal olunan yüksək keyfiyyətli məhsullara artan tələbatın ödənilməsi üçün istehsal sahəsinin genişləndirilməsi və daha müasir texnoloji avadanlıqların alınması zərurəti yaranmışdır. Bu məqsədlə hazırlanmış biznes-plan Sahibkarlığa Kömək Fonduna təqdim olunmuş, 2012-ci ildə 800 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Hazırda istehsal sahəsinin genişləndirilməsi ilə əlaqədar hazırlıq işləri görülür, kompyuterlə idarəetmə mərkəzi ilə təmin olunmuş daha müasir texnoloji avadanlıqların alınması üçün ayrı-ayrı xarici şirkətlərə sifarişlər verilir.
Kərəm HƏSƏNOV