22-24 may tarixlərində Bakı Ekspo Mərkəzində “WorldFood Azerbaijan-2013” XIX Azərbaycan Beynəlxalq Qida Sənayesi, “Agrihort Azerbaijan-2013” VII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri keçirilmişdir.
Ölkənin qida və aqrar sektorlarının bütün müsbət inkişaf meyillərinin nümayiş etdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, investisiya qoyuluşlarının artırılması və yeni texnologiyaların tətbiqinə şərait yaradan sərgilərdə Türkiyə, Bolqarıstan, Polşa, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Belarus, Çexiya, Latviya, Ukrayna, Fransa kimi ölkələrdən olan şirkətlərlə yanaşı, yerli şirkətlər də fəallıq göstərmişlər.
Ümumilikdə, 30-dan çox ölkədən 180-ə yaxın şirkətin iştirak etdiyi sərgidə Naxçıvan Muxtar Respublikası ayrıca pavilyonda 9 müəssisə ilə təmsil olunmuşdur. Sərgidə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı, “Ləzzət Qida Məhsulları”, “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Naxçıvan Duz İstehsalı”, “Şərur-3”, “Araz-3”, “Kırna” Məhdud Məsuliyyətli cəmiyyətlərində, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində və fiziki şəxs Elçin Bağırova məxsus istixana kompleksində istehsal olunan məhsullar nümayiş etdirilmişdir. Muxtar respublikada istehsal olunan alkoqollu içkilər, mineral sular, təbii meyvə şirələri, alma sirkəsi, ət və süd məhsulları, çay, siqaret, unlu-qənnadı məmulatları, müxtəlif növ paketlənmiş çərəzlər, duz və kənd təsərrüfatı məhsulları iştirakçılar və sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti