23 Dekabr 2024, Bazar ertəsi

Elektrik enerjisi hər hansı bir ölkənin tərəqqisində, cəmiyyətin iqtisadi-mədəni inkişafında əsas şərtlərdən biridir. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, müasir elektrik stansiyaları yaradılır, maddi-texniki baza gücləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın enerji təhlükəsizliyini xarakterizə edərkən ­deyib: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçiri­lən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.

...Hər il qış fəsli gələndə yaxın keçmişdə yaşadığımız günləri xatırlayıram: 1991-ci ildən 1992-ci ilə keçən qış çox sərt gəlmişdi. Elektrik enerjisinə və təbii qaza möhtac qalmışdıq. Hər tərəfdən blokadaya alınmış muxtar respublikada həyat iflic vəziyyətinə düşmüşdü. Bəzən 40 dərəcəyədək şaxta olurdu. Əksər yaşayış məntəqələrimizə gedən yollarda qar dizə qədər idi. Vaxtilə yol boyunca əkilən ağaclar da çox seyrək görünürdü. Çünki ağacların əksəriyyəti kəsilərək yanacaq kimi istifadə olunurdu. Bir sözlə, iqtisadi tənəzzül, qırılmış ümidlər, mükəddər baxışlar, uzun-uzadı çörək növbələri və sabaha inamsızlıq hissi bizi sınağa çəkirdi. Həmin günlərdə ciddi imtahan qarşısında qalmışdıq.
Qədim zamanlardan bəri aqil insan Tanrıdan üç şey diləyir: güc, səbir, bir də müdriklik. Gücü ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə gücü çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə gücü çatmayacaq şeylərə dözə bilsin. Müdrikliyi ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın, onları bir-birindən ayıra, seçə bilsin. İnsanların arzularına, duyğularına, ümidlərinə, gələcək xoşbəxt həyatına işıq sala bilsin. Ulu Tanrı xalqımızın bu duasını eşidib, zamanında ona güc və səbir verməklə yanaşı, özünün qoruyub hifz etdiyi müdrik rəhbəri – ümummilli ­liderimiz Heydər Əliyevi insanların köməyinə göndərib.
Yer üzünün bir həqiqəti var: işıq qarşısında qaranlıq durmaz. Çox keçmədi ki, ulu öndərin qəbul etdiyi qərarlar, İran və Türkiyə ilə apardığı danışıqlar muxtar respublika sakinlərinin narahatlığına son qoydu. Həmin ölkələrdən çəkilən elektrik xətləri öləziyən ümidlərə, insanların sabaha olan inamına nur çilədi.
“Çətin günün ömrü az olar”, – deyib atalar. Bu çətin günlər naxçıvanlıların iradəsini qıra bilmədi. Naxçıvan bu ağır və çətin imtahandan üzüağ və alnıaçıq çıxdı. İradə və dözüm, bir də muxtar respublika sakinlərinin öz rəhbərinə yüksək inam hissi hər şeyə qalib gəldi. Regionun başı üstündə yanan Heydər Əliyev günəşi buradakı qaranlıqları yox etməyə başladı.
Ulu öndərimizin davamçıları Onun yolunu uğurla davam etdirdilər. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra layihələr müvəffəqiyyətlə həyata keçirildi. 2005-ci ilin sonundan başlayaraq təbii qazın nəqlinin bərpası bu məsələdə mühüm rol oynadı. Həmin gündən bu günümüzədək bütün təsərrüfat subyektləri fasiləsiz təbii qazla təmin olunur. Sevindirici günlərdən biri də 2006-cı ilin dekabr ayına təsadüf etdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 87 meqavat gücündə olan Naxçıvan Modul Elektrik Stansiyası işə salındı. Hər qaranlıq gecənin bir işıqlı gündüzü var, – deyən ata-babalarımızın bu müdrik kəlamı həqiqətə çevrildi. Bu mühüm hadisədən az sonra evlərimiz, küçələrimiz işığa qərq oldu. Qırılmış ümidlər, tükənmiş arzular, sabaha inam hissi yenidən dirçəlməyə başladı. Çətin günlərin ömrünə son qoyuldu. İdarə, müəssisə və təşkilatlarımızda çalışan işçilər üçün də lazımi iş şəraiti yaradıldı. Bir sözlə, iqtisadi və siyasi məngənədə sıxılan muxtar respublikada həyat canlandı.
İllər bir-birini əvəz etdikcə elektro­energetika sahəsində genişmiqyaslı tədbirlər görüldü, yeni istehsal sahələri yaradıldı, infrastruktur yeniləndi. Bu dövr ərzində 22 meqavat gücündə Biləv, ­Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə, 20,5 meqavat gücündə “Arpaçay-1”, 1,4 meqavat gücündə ­“Arpaçay-2” Su Elektrik stansiyaları, ­­60 me­qavat gücündə Qaz-Turbin və 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik stansiyaları həyata vəsiqə aldı. Hazırda Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilir. Həyata keçirilən bu layihələr yeni istehsal sahələrinin yaradılmasına, iqtisadiyyatımızın güclənməsinə, aqrar sahənin inkişafına, istifadəsiz qalmış torpaqların suvarılmasına töhfələrini verir. Muxtar respublikamızın ayrı-ayrı bölgələrində uzun illər boyu əkilməyən torpaq sahələrini əkin dövriyyəsinə qatmaq, onun suvarılmasını təmin etmək üçün Sədərək rayonunda “Şir arxı” üzərində, Culfa rayonunun Yaycı kəndində “Yaycı-1”, “Yaycı-2”, Gülüstan və sair yaşayış məntəqələrimizdə nasos stansiyaları qurulub. Hazırda bu nasos stansiyalarının gücü ilə min hektarlarla boş torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib, onun suvarılması təmin olunub. Elektrik enerjisi ilə təminat olmasaydı, bütün bunlar da olmayacaqdı.
Muxtar respublikamızda enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev deyib: “Elektrik enerjisi ilə bağlı problem yoxdur. Hesab edirəm ki, gün gələcək ki, Naxçıvan bütün tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.
Bu, artıq reallığa çevrilib. Əgər 1995-ci ildə muxtar respublikada bir elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, bu gün onların sayı 8-ə çatdırılıb, elektrik enerjisi istehsalı 1995-ci illə müqayisədə 4 dəfə artaraq 400 milyon kilovat-saatı ötüb.
Belə bir müdrik kəlam var. Deyirlər, bəşəriyyət hər cür çətinliyə, hətta aclığa, susuzluğa, yoxsulluğa da dözüb yaşaya bilər, ancaq işıqsız yaşaya bilməz. Düşünürəm ki, bu fikir təkcə işığı, dolayısıyla elektrik enerjisini deyil, həm də işıqlı ideyaları, əməlləri də ifadə edir. Bu gün muxtar respublikamızın hər bir sakini bu qədim diyarda aparılan quruculuğun, sosial-iqtisadi inkişafın və enerji təhlükəsizliyinin real nəticələrini öz gündəlik həyatında hiss edir. Yaşadığımız qış fəsli heç kəsin əlini işdən soyutmur, əksinə insanları bu fəslin gözəlliklərindən zövq almağa çağırır. Çünki bu gün enerji ilə təminatda heç bir problem yoxdur və hər kəs isti, rahat həyat şəraiti ilə təmin olunub.

Rövşən HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR