Muxtar respublikamızın hərtərəfli iqtisadi inkişafında sənaye sahələrinin genişləndirilməsinin mühüm rolu vardır. Sənaye məhsulunun həcminə görə ölkəmizin iqtisadi rayonları arasında öncül yerlərdən birini tutan Naxçıvanda bu sahə yüksəkgəlirliyi ilə seçilir. Məhz buna görə də regionun gələcək inkişafı üçün sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması dövlət siyasətinin əsas məqsədlərindəndir.
Ölkəmizdə iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən edilmiş strategiyaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasında həm yerli xammala əsaslanan, həm də yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması işi uğurla davam etdirilir.
Naxçıvanda güclü sənaye potensialının yaradılması asan başa gəlməyib. Ötən əsrin 90-cı illərində keçmiş ittifaqın dağılması ilə müttəfiq respublikalar arasında mövcud olan iqtisadi əlaqələrin kəsilməsi, Ermənistanın müstəqil ölkəmizə qarşı təcavüzü və bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq qarşıya çıxan problemlər Naxçıvana da öz mənfi təsirini göstərdi. Muxtar respublikanın blokada şəraitində olması sosial-iqtisadi inkişafa daha böyük zərbə vurmaqla sənaye məhsulunun həcminin azalması, onun sahə strukturunda geriləmənin baş verməsi ilə nəticələndi. Sonrakı illərdə sənaye istehsalının böhrandan çıxarılması üçün mühüm tədbirlər görüldü, qəbul olunmuş dövlət proqramlarının reallaşdırılması sənayenin inkişafına güclü təkan verdi. Məhz buna görə 2016-cı ildə 2000-ci ilə nisbətən hasilat sənayesində 8,2 dəfə, emal sənayesində 79,7 dəfə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində 18 dəfə artım əldə olundu.
Hazırda muxtar respublikada sənayenin sahə strukturunda əsas yerə sahib olan yeyinti sənayesi içki və tütün də daxil olmaqla, bir sıra qida məhsullarının istehsalını, yüngül sənaye isə toxuculuq, tikiş, dəri, dəri məmulatları və ayaqqabı istehsalını əhatə edir. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı da xüsusi yer tutur.
Tarixə nəzər salarkən görürük ki, Naxçıvan Muxtar Respublikası aqrar iqtisadiyyatdan sənaye istehsalına qədər uzun bir inkişaf yolu keçib və 2008-ci ildən etibarən ilk dəfə olaraq sənaye məhsulunun istehsalı kənd təsərrüfatı məhsulunun istehsalını geridə qoyub. Bunun səbəblərindən biri sənayenin baza şərti olan xammal baxımından muxtar respublikanın böyük üstünlüklərə malik olmasıdır. Naxçıvanın müasir iqtisadi potensialı və sahib olduğu həm kənd təsərrüfatı, həm də mədən xammalları onun öz imkanları hesabına təkcə iqtisadi deyil, həm də sosial aspektlərlə bağlı olan sənayeləşmənin daha da sürətlənməsinə imkan verir. Belə ki, təbii sərvətlərin məhsula çevrilməsi rayonun iqtisadi inkişafında əsas məsələlərdən biridir. Çünki ucuz qiymətə istehsal etdiyimiz hər hansı kənd təsərrüfatı məhsulunu xaricə ucuz qiymətə satıb, əvəzinə baha qiymətə emal olunmuş hazır məhsulu almaq iqtisadiyyata həmin fərq qədər ziyan vurur. Lakin həmin məhsulu özümüz istehsal etsək, əhalini ucuz məhsulla təmin edib ümumi daxili məhsulu artırsaq, iqtisadiyyata bir o qədər xeyir vermiş oluruq. Naxçıvanda bu, uğurla həyata keçirilir.
Regionda emal müəssisələrinin sayı artdıqca istehsal artır, daxili bazar formalaşır, rəqabət mühiti yaranır, əhalinin məşğulluq səviyyəsi yaxşılaşır, alıcılıq qabiliyyəti yüksəlir və nəticədə, sosial-iqtisadi inkişaf davamlı xarakter alır. Beləcə, dövlətin iqtisadi imkanlarının artması yeni-yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.
Sənayenin inkişafı üçün lazım olan əsas amillərdən biri enerjidir. Təsadüfi deyil ki, enerji istehsalının artması sənayenin inkişafının əsas göstəricisidir. Ötən əsrin 90-cı illərində elektrik enerjisi qıtlığından çox böyük çətinliklər yaşayan muxtar respublika bu gün özünü elektrik enerjisi ilə tam təmin edir.
Muxtar respublikada xammal mənbələri ilə sənaye müəssisələrinin bir-birinə yaxın olması məhsuldarlıq baxımından da əhəmiyyətlidir. İstehsal olunan malların daxili və xarici bazara nizamlı şəkildə çıxarılmasında nəqliyyat sisteminin böyük rolu var. Ümumiyyətlə, sənayenin inkişafında ən sərfəli nəqliyyat sistemi dəniz və dəmir yolu hesab olunur. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun gələcəkdə Naxçıvana qədər uzadılması nəqliyyat blokadasının aradan qaldırılması və istehsal olunan məhsulların dünya bazarına çıxarılması üçün əlverişli bir layihə hesab edilir.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində 28 faizlik paya malik olan sənayenin strukturunun təkmilləşdirilməsi, emal müəssisələrinin inkişafı istiqamətində görülən tədbirlər bu sahənin tərəqqisinə səbəb olub. Kənd təsərrüfatı, onun xammalına əsaslanan emal müəssisələrinin yaradılması, tikinti materialları istehsalının inkişafında baş verən müsbət dəyişikliklər muxtar respublikanın iqtisadi potensialının möhkəmlənməsinə təsir göstərib. Təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi, sənaye müəssisələrinin bərpa olunması və yenidən qurulması, müəssisələrin dünya standartlarına uyğun texnologiyalarla təmin olunması, güzəştli kreditlərin verilməsi, yerli və xarici bazarlara çıxış imkanlarının sadələşdirilməsi artımla müşahidə olunub və bununla da sənaye ümumi daxili məhsulun sahə strukturunda ilk yerə yüksəlib.
Təkcə 2016-cı ildə 942 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 1995-ci ilə nisbətən 103 dəfə çoxdur. 2017-ci ilin yanvar-noyabr aylarında 879 milyon 800 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələyib. Regionun tikinti materiallarının böyük miqdarda ehtiyatına malik olması burada tikinti məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsinə imkan yaradır.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının təməlində dövlətin sosialyönümlü iqtisadi siyasəti, o cümlədən hər bir vətəndaşın maddi rifahının artırılması dayanır. Muxtar respublikanın iqtisadi təhlükəsizliyinin təminatında regionda iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, azad rəqabət, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün aparılmış kompleks işlər mühüm rol oynayır. Bütün bunlar sənayenin də perspektiv inkişafı üçün geniş yollar açır.
Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru