Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən məqsədyönlü işlər görülür.
Dünyaşöhrətli alimin qiymətli elmi irsinin öyrənilməsi, təbliği istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu böyük elm xadiminə ehtiramının ifadəsi kimi diqqəti çəkir. Bu gün muxtar respublikada Əziz Əliyevin adını daşıyan ünvanlarda yenidənqurma işləri aparılır, onlar daha müasir səviyyəyə gətirilir. Belə ki, Naxçıvan şəhərinin Əziz Əliyev prospektində geniş yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib, prospekt boyu yerləşən həyət evləri üçün müasir tələblərə cavab verən divarlar çəkilib. Bu işdə milli arxitektura ornamentlərindən istifadə edilib. Həmin ərazidə yeni istehsal və xidmət sahələri yaradılıb.
Bu sahədə görülən işlərin davamı olaraq alimin adını daşıyan Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının binası da əsaslı yenidən qurulur. Həmin ünvanda da avtomobil yolu genişləndirilir, divarlar çəkilir və səkilər salınır.
* * *
Naxçıvan şəhərində inzibati binaların tikintisi də davam etdirilir. Belə ki, “Azərbaycan” küçəsində Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün ayrılmış binada əsaslı təmir işləri aparılır. Xətai məhəlləsində isə “Araz” Elm-İstehsalat Birliyi, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni bina tikilir. Yeni quruculuq ünvanlarında əməkdaşlara lazımi iş şəraiti yaradılacaq, binaların yerləşdikləri ərazidə abadlıq işləri aparılacaq.
* * *
Şahbuz rayonu muxtar respublikamızın illərdən bəri çoxsaylı quruculuq tədbirləri ilə abadlaşan yurd yerlərindəndir. Rayon mərkəzindəki Heydər Əliyev prospekti isə son illər quruculuq işləri nəticəsində genişlənən və simasını tamamilə dəyişən bir ünvana çevrilib. Burada “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan Şahbuz Rayon Mədəniyyət Evi üçün bina yaxın gələcəkdə prospektə yeni bir rəng qatacaqdır.
Görülən işlər barədə iş icraçısı Kənan Hüseynovla söhbətimiz zamanı bildirdi ki, bina ümumi sahəsi bir hektaradək olan ərazinin 904 kvadratmetr sahəsində tikilir. Hazırda birinci mərtəbənin dəmir-qəlib işləri görülür. Qış fəsli olmasına baxmayaraq, havaların mülayim keçməsi digər işlərlə yanaşı, ərazidə torpağın hamarlanmasının həyata keçirilməsinə də imkan verir. Son illər yeni tikililərin hər birində olduğu kimi, burada da yerli materiallardan istifadəyə üstünlük verilir.
Qeyd edək ki, 2 mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində 278 nəfərlik zal, dekorasiya və hazırlıq otaqları, ikinci mərtəbədə müdir, mühasib, mədəniyyət işçiləri, bədii rəhbər, metodist və məşq üçün otaqlar nəzərdə tutulub. Binanın zirzəmi hissəsində isə qazanxana, elektrik otağı və bufet yerləşəcəkdir.
Hazırda tikintidə 30 nəfər çalışır.
* * *
Muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində yeni obyektlərin inşa edilməsi əhalinin rifahının yaxşılaşdırılmasına və sosial problemlərinin həllinə xidmət edir. Bütün bölgələrdə olduğu kimi, Sədərək rayonunda da inşaat sektoru sahəsində müxtəlif layihələr həyata keçirilir. Rayonda aparılan irimiqyaslı abadlıq-quruculuq işləri ayrı-ayrı sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan müasir obyektlər sərhəd bölgəsinin sakinlərinin firavan yaşayışını təmin etməklə bərabər, həm də rayonun simasını xeyli dərəcədə dəyişdirir.
Quruculuq ərməğanı rayonun Heydərabad qəsəbəsini də öz ağuşuna alıb. Son illər qəsəbədə görülən abadlıq işləri bu yaşayış məntəqəsinin görkəminə yeni çalarlar qatır. Qəsəbə sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülür. Nəticədə, inşa olunan yaşayış binalarının sayı xeyli artıb. Bu tədbirlərin davamı olaraq bu ilin əvvəllərindən Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. İnşaat işlərini “ARTAY” şirkətinin kollektivi həyata keçirir. Artıq binanın birinci mərtəbəsində ara hörgülər başa çatdırılıb. İkinci və üçüncü mərtəbələrdə hörgü işləri davam etdirilir. Dördüncü mərtəbədə sütun bərkitmə işləri aparılır. Divarlar hörülür, tavan hissəyə panellərin döşənməsi üçün hazırlıq işləri görülür. Layihə əsasında burada 2 və 3 otaqlı mənzillər olacaq.
Yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə inşası aparılan obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi diqqət yetirilir.
Yeni binanın inşası gənc ailələrin mənzil problemlərinin həllinə öz töhfəsini verəcəkdir.
Xəbərlər şöbəsi