Makroiqtisadi sabitliyin qorunması iqtisadi inkişafın əsas şərtlərindəndir. Bu sahədə görülən işlər arasında isə, şübhəsiz ki, bank sektoru tərəfindən davamlı olaraq iqtisadi aktivliyin artırılması məqsədilə həyata keçirilən tədbirlərin də mühüm rolu vardır.
Bütün bunlar, ümumilikdə, Mərkəzi Bankın həyata keçirdiyi pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərini təşkil edir. Belə ki, ölkəmizdə milli iqtisadiyyatın balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi, habelə innovativ ödəniş texnologiyalarının tətbiqi, əhalinin maliyyə savadlılığının artırılması, pul dövriyyəsində çevikliyin, ödəniş sistemlərində informasiya təhlükəsizliyinin ən yüksək standartlar səviyyəsində təmin olunması hazırda diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikasında bu gün maliyyə resurslarına çıxış imkanlarının artırılması, real sektora kredit qoyuluşunun davamlı dəstəklənməsi iqtisadi fəallığın yüksəldilməsi üçün verilən kreditlər kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayır.
Ötən dövr ərzində bank-kredit sahəsində görülmüş işlərlə tanış olmaq üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət etdik. İdarədən aldığımız məlumata əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 dekabr 2017-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 100 milyon 978 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 388 min manat, uzunmüddətli kredit qoyuluşu isə 98 milyon 590 min manat təşkil edir.
Aparılan təhlillər göstərir ki, cari ilin yanvar-noyabr aylarının nəticələri, ümumilikdə, muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları üçün uğurlu olub. Banklar qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biri olan iqtisadiyyata kredit qoyuluşunda müsbət dinamika qorunub saxlanılıb. Belə ki, cari ilin ilk 11 ayı ərzində verilmiş kreditin məbləği 28 milyon 39 min manat olub. Bunun da 55 faizi, yaxud 15 milyon 415 min manatı sosial və istehlak, 22,4 faizi, yaxud 6 milyon 274 min manatı topdan və pərakəndə ticarət, 13,4 faizi, yaxud 3 milyon 743 min manatı daşınmaz əmlak, 7 faizi, yaxud 1 milyon 971 min manatı kənd təsərrüfatı, 2 faizi, yaxud 566 min manatı sənaye, 70 min manatı, yaxud 0,2 faizi tikinti sahələri üzrə verilmiş kreditlər təşkil edir.
Kənd təsərrüfatı üzrə verilmiş kreditlərin 1 milyon 488 min manatı heyvandarlığın, 91,4 min manatı isə kartofçuluğun inkişafına yönəldilib. Ötən illərdən fərqli olaraq bu il qarğıdalı əkinlərinin genişləndirilməsi üçün verilmiş 78,7 min manatlıq kredit bu sahənin inkişafında mühüm rol oynayıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas strateji məhsul olan taxılçılığın genişləndirilməsi üçün verilən kreditlərdə də artım müşahidə olunub. Belə ki, bəhs olunan dövrdə bu sahəyə 118,1 min manat həcmdə kredit yönəldilib ki, bu da kənd təsərrüfatı məhsulları üzrə xərclənmiş ümumi vəsaitin 32,8 faizini təşkil edir.
2017-ci ilin 11 ayı ərzində muxtar respublika iqtisadiyyatına kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında 91,6 faizlə özəl banklar üstünlük təşkil edir. Bunlardan sonrakı yerləri 5,9 faizlə dövlət bankları, 2,5 faizlə bank olmayan kredit təşkilatları tutmaqdadır.
Bəhs olunan dövrdə “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının qeyri-nağd ödənişlərin həcminin artırılması istiqamətində gördüyü işlər də uğurlu olub. Belə ki, muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1260-a çatdırılıb. Bunlardan 575-i Naxçıvan şəhərində, 685-i isə rayon və kənd mərkəzlərindədir. Elektron ödəniş alətlərindən istifadəyə yaradılmış şərait və aparılan maarifləndirmə işləri sayəsində nağdsız ödənişlərin həcmində artım dinamikası qorunub saxlanılıb. Cari ilin yanvar-noyabr ayları ərzində hər ay orta hesabla 2,6 milyon manata yaxın məbləğdə elektron ödəniş həyata keçirilib.
Təhlil olunan dövrdə bankların əhali ilə apardığı işlərin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da müəyyən işlər görülüb. Belə ki, 1 dekabr 2017-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 507 min manat, o cümlədən milli valyuta ilə 4 milyon 555 min, xarici valyuta ilə isə 1 milyon 952 min manat təşkil edib. Banklara qoyulan əmanətlər arasında milli valyuta ilə cəlb edilən əmanətlərin həcmində artım dinamikası müşahidə olunub və 2015-ci ilin iyun ayından sonra ən yüksək səviyyəyə çatıb ki, bu da milli valyutanın kursunun möhkəmlənməsi istiqamətində görülən tədbirlərin nəticəsində mümkün olub.
Əldə edilmiş nəticələrin təhlili onu deməyə əsas verir ki, dünya iqtisadiyyatında baş verən mürəkkəb proseslərə və mövsümi faktorlara baxmayaraq, ümumilikdə, muxtar respublikada bank sektorunda sabit inkişaf dinamikası təmin olunub. Artıq başa çatmaqda olan 2017-ci ilin müsbət nəticələri onu göstərir ki, qarşıdakı illərdə də muxtar respublikamızda iqtisadiyyatın hərtərəfli inkişafı üçün çevik və sağlam bank-kredit fəaliyyəti davam etdiriləcək.
Əli CABBAROV