23 Dekabr 2024, Bazar ertəsi

Dəyirmanlarımız taxıllı, çuvallarımız unlu, təknələrimiz çörəkli olsun!

 

Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır. Bu sahədə taxılçılığın inkişafı mühüm yer tutur. Buna görədir ki, taxılçılıq həm də strateji sahə sayılır. Bu gün muxtar respublikamızın, demək olar ki, bütün yaşayış məntəqələrində çörək istehsalı ilə məşğul olan müəssisələr var. Ancaq bölgənin və ya kəndin adı ilə tanınan, dadı və tamı ilə seçilən çörəklər bişirilən müəssisələr də çoxdur. Qahab kəndi də məhz çörəkləri ilə özünə geniş alıcı kütləsi toplayıb.

...Yaxın günlərdə yolum Babək rayonunun Qahab kəndinə düşmüşdü. Elə kəndin girişindəcə çörək ətrini gətirən həzin meh sanki bu kəndlə bağlı yazacağım ilk məqalənin adını pıçıldadı: “Çörək ətirli kənd”.
Bu kənd xəyallarımı uşaqlıq illərimə, təndirdə çörək yapan nənəmin çörək ətirli evinə apardı. Sən demə, kəndin hər addımda duyulan çörək ətrinin səbəbi burada 6 çörək istehsalı müəssisəsinin fəaliyyət göstərməsi imiş. Sözün düzü, bu, məni sevindirməklə yanaşı, bir qədər də təəccübləndirdi. Bir kənddə 6 çörək sexinin fəaliyyət göstərməsi maraqlı idi. Elə bu maraq da bizi çörək sexlərini bir-bir gəzməyə vadar etdi.

İlk üz tutduğumuz ünvan Novruz Əliyevə məxsus çörək istehsalı müəssisəsi oldu. Novruz müəllimlə söhbətimiz zamanı bildirdi ki, əhalinin tələbatını ödəməyin əsas yollarından biri də yerli istehsal müəssisələrinin yaradılmasıdır. Çünki yerli müəssisələrdə həm ekoloji təmiz məhsullar istehsal olunur, həm də əhalinin məşğulluğu təmin edilir. Ancaq bunun üçün öncə dövlət dəstəyi lazımdır. Bu da muxtar respublikamızda daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu gün regionumuzda kiçik sahibkarlığın inkişafına, kənd yaşayış məntəqələrində istehsal müəssisələrinin, fermer təsərrüfatlarının qurulmasına ciddi diqqət yetirilir. Yeni istehsal sahələrinin, təsərrüfatların qurulması üçün verilən kreditlər isə bu sahəyə göstərilən qayğının bir nümunəsidir. Müsahibimiz deyir ki, sahibi olduğu müəssisə 2013-cü ildə Sahibkarlığa Kömək Fondunun göstərdiyi kredit dəstəyi ilə fəaliyyətə başlayıb. Burada İran İslam Respublikasının bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisədə hazırda 5 işçi çalışır. Burada işçilər üçün lazımi şərait yaradılıb. Məqsəd istehlakçıları keyfiyyətli çörək məhsulları ilə gündəlik təmin etməkdir.
Sahibkarlığa Kömək Fondunun kredit dəstəyi ilə öz işini quran sahibkarlardan biri də Cabir Həsənov­dur. Onun da sahibkarlıq obyektində olduq. Sahibkar bildirdi ki, çörək istehsalı müəssisəsi 2007-ci ildən fəaliyyətdədir. Burada da 5 işçi çalışır. Sahibkarın sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikamızda yaşayan insanlar sosial problemlər məngənəsində sıxılırdı. Sahibkarlıq fəaliyyəti üçün də lazımi şərait yox idi. Kəndli nəin­ki sahibkarlıq fəaliyyətinə başlaya bilmir, əsas məşğuliyyətindən də uzaq düşürdü. Torpaqlar əkilib-becərilmirdi. Ancaq bu gün, Allaha şükürlər olsun ki, kəndli öz təsərrüfatından qazanc əldə edə bilir. Üstəlik, bununla kifayətlənmir, sahibkar kimi yaradılmış şəraitdən istifadə edərək özünü sınayır. Beləliklə, həm ailəsini təmin edir, həm də digər həmkəndlilərinə iş imkanı yaradır. Dövlətimiz tərəfindən yaradılmış bu şərait, eyni zamanda kəndlini torpağa, yaşadığı yurda sıx tellərlə bağlayır.
Başqa bir çörək istehsalı müəssisəsində isə müsahibimiz İntiqam Məmmədov oldu. Sahibkar bildirdi ki, bu gün muxtar respublikada yaradılan yeni müəssisələrin əhalinin yerli məhsullara olan tələbatının ödənilməsindəki payı günü-gündən artmaqdadır. Bütün bunlar isə sahibkarlığın inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına göstərilən qayğının nümunəsidir. İntiqam Məmmədov bildirdi ki, ona məxsus çörək istehsalı müəssisəsi 2011-ci ildən fəaliyyətdədir. Buradan əldə etdiyi gəlirlə, həm də təsərrüfatını genişləndirib. Təsərrüfatını, əsasən, heyvandarlığı inkişaf etdirmək üzərində qurub. Hazırda həm müəssisədən, həm də təsərrüfatdan əldə etdiyi qazancla ehtiyaclarını təmin edir. Onun sözlərinə görə, kənddə 6 çörək sexinin fəaliyyət göstərməsi alıcı tələbatına mənfi təsir etmir. Çünki Qahab lavaşına muxtar respublikanın hər yerindən tələbat var. Burada bişirilən lavaş elə bu kəndin torpağının yetişdirdiyi taxıldan hazırlanır. Taxıl əkini ilə məşğul olan kənd camaatı məhsulu yığıb dəyirmanlarda üyüdür, ununu isə çörək sexlərinə verirlər. Beləliklə, bu işdən həm əkinçi qazanır, həm də sahibkar.
Əli Zamanov da Qahab kəndində çörək istehsalı ilə məşğul olan sahibkarlardandır. Onun sahibi olduğu müəssisədə bişirilən çörək məhsulları digərlərindən fərqlidir. Belə ki, burada təkcə lavaş deyil, xalq arasında “çıppa” və ya “tapı” adlandırılan çörək növü də bişirilir. Dövlət qayğısından bəhrələnən bu müəssisənin məhsullarına da kənd və yaxın yaşayış məntəqələrindən tələbat çox olur. Sahibkar bildirdi ki, 2011-ci ildən ailəsinin qazanc yeri bu müəssisədir. Bişirilən çörəyin xammalı da sahibkarın özünə məxsus taxıl zəmilərində yetişdirilir. Əli Zamanov bu sahələrdən əldə etdiyi taxılı dəyirmanda üyüdür, həmin undan burada çörək bişirilir. Lakin çörəyə tələbat çox olduğundan yalnız öz taxılından əldə etdiyi un ilə kifayətlənmir, taxıl əkini ilə məşğul olan kənd camaatından da taxıl alıb üyüdür. Müsahibimiz dedi ki, Naxçıvanın çayətrafı kəndlərinin hamısında vaxtilə dəyirmanlar olub. Bu dəyirmanlarda üyüdülən buğda unu keyfiyyətinə görə seçilib. Ona görə də Qahab lavaşının ətri keçmişdə olduğu kimi, bu gün də dad-tamı ilə seçilir və hər kəs tərəfindən sevilərək alınır.
Sahibkar onu da bildirdi ki, keçmişlə müqayisədə bu gün, şükürlər olsun, hər şey kəndlinin öz ixtiyarındadır. Sulu, bol-bərəkətli torpaqlar biz kəndlilərə təmənnasız verilib. Dövlətimiz torpaq mülkiyyətçilərinə hərtərəfli qayğı göstərir, lazımi qədər maliyyə yardımı, toxum, gübrə, texnika verir. İstəyir ki, heç bir çətinliyimiz olmasın, torpağımızı rahat əkib-becərək, yaxşı dolanaq, özümüzə layiqli yaşayış yaradaq. Bu cür yüksək qayğının müqabilində gərək biz kəndlilər də yaxşı çalışaq, əkinimizin məhsuldarlığını artıraq ki, bundan dövlətimizə, xalqımıza, el-obamıza da bir xeyir gəlsin.
Cavad Məmmədovun sahibkarı olduğu çörək istehsalı sahəsi də Qahab kəndində fəaliyyət göstərən belə müəssisələrdəndir. Haqqında bəhs etdiyimiz bu müəssisə 2010-cu ildən fəaliyyət göstərir. Burada da lavaş istehsalı üçün, əsasən, İran İslam Respublikasından alınıb gətirilmiş avadanlıqlar quraşdırılıb. Xəmirin yoğurulması, lavaşın açılması və bişirilməsi işləri əl dəymədən yerinə yetirilir. Digər müəssisələrdə olduğu kimi, burada da sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Cavad Məmmədov bildirdi ki, indi muxtar respublikamızın əksər kənd yaşayış məntəqələrində çörəkbişirmə müəssisələri vardır. Bu, bir tərəfdən muxtar respublikamızda sahibkarlıq üçün yaradılan şəraitin nəticəsidir. Digər tərəfdən də çörək istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri arasında sağlam rəqabəti formalaşdırır.
Kənddə görüşüb söhbət etdiyimiz digər sahibkar isə Şəhriyar Məmmədovdur. O, alıcılara keyfiyyətli məhsul satmağın əsas məqsədlərindən biri olduğunu bildirdi. Onun dediklərindən: – Bizim müəssisə yeni yaranıb. 2015-ci ildən fəaliyyətə başlamışıq. Biz bu işə başlayan zaman kəndimizdə bir neçə çörək istehsalı ilə məşğul olan obyektlər var idi. Fəaliyyətimizə onlardan sonra başladığımıza görə qarşımızda müəyyən məqsədlər dururdu və belə hesab edirəm ki, bu məqsədlərə çata bilmişik. Belə ki, daha çox alıcıya çörək satmaq, sadəcə, keyfiyyətli məhsul hazırlamaqla bitmir. Bu məhsulun istehlakçıya çatdırılması da böyük səriştə tələb edir. Nəzərə almaq lazımdır ki, müştərilər günün istənilən vaxtında, isti-soyuq olmasına baxmayaraq, sifariş edə bilərlər. Bir sahibkar kimi bu sifarişi vaxtında və layiqincə yerinə yetirməliyik. Ona görə ki, çörək əvəz­edilməz məhsuldur. Digər tərəfdən, bu işi vaxtında yerinə yetirə bilməsək, müştəri itirərik. Bu isə son nəticədə, müəssisəyə mənfi təsir göstərə bilər. Odur ki, müasir dövrdə çörəkçi olmağın da öz çətinlikləri var. Ancaq ümumilikdə götürdükdə, bu, çox müqəddəs peşədir. İnsanları çörəklə təmin etmək sahibkar­dan olduqca böyük məsuliyyət tələb edir.
...“Çörək” elə bir anlayışdır ki, onun insan taleyində, mənəviyyatında oynadığı rolu hər hansı bir epitetlə səciyyələndirmək mümkün deyil. “Vətən”, “torpaq”, “ana” anlayışları kimi. Bu müqəddəs nemətin ərsəyə gəlməsi üçün kəndli çalışmalıdır ki, torpağında bol taxıl yetişdirsin, onun hər sünbülünü, hər dənini vaxtında, itkisiz toplasın. Xalq şairimiz Səməd Vurğunun dediyi kimi:

Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz ­Vətən!

 Gülcamal TAHİROVA

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR