Muxtar respublikamızda digər sənaye sahələri ilə yanaşı, keyfiyyətli ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr də var və belə sahibkarlıq subyektlərinin istehsalı olan məhsullar əhali tərəfindən bəyənilir. Həmin müəssisələrdən biri Naxçıvan şəhərində fəaliyyət göstərən “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasının ayaqqabı fabrikidir.
Ötən günlərdə yolumuzu adıçəkilən ünvandan saldıq, burada istehsal olunan ayaqqabılarla maraqlandıq, istehsal prosesini müşahidə etdik. Müəssisənin rəhbəri Namiq Əliyev bizimlə söhbətində bildirdi ki, 1994-cü ildə “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasını yaradıb, ticarətlə məşğul olmağı qarşısına məqsəd qoyub. 2000-ci ildə isə kiçik bir sexdə ayaqqabı istehsalına başlayıb. Keyfiyyətli məhsul istehsal etməyə çalışıb. Bunun üçün isə ilk növbədə, müasir texnoloji avadanlıqların alınıb quraşdırılması əsas məqsəd olub. Dövlət qayğısı nəticəsində həmin məsələ öz həllini tapıb. Müəssisə tərəfindən yeni istehsal sahəsi yaratmaq üçün biznes-plan hazırlanaraq Sahibkarlığa Kömək Fonduna təqdim olunub. Bu məqsədlə 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 70 min manat dövlət maliyyə dəstəyi göstərilib, Naxçıvan şəhərində 750 kvadratmetr torpaq sahəsi ayrılıb. Burada müəssisə üçün 2 mərtəbəli bina inşa olunub. Binada ayrı-ayrı iş otaqları, 5 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və digər yardımçı otaqlar istifadəyə verilib. Müəssisəyə keyfiyyətli məhsul istehsalı üçün müasir texnoloji avadanlıqların alınması məqsədilə 2008-ci ildə Sahibkarlığa Kömək Fondundan 44 min manat güzəştli kredit ayrılıb. Bu vəsait hesabına fabrikə Almaniya, Macarıstan, Yaponiya, Tailand, İran və Türkiyə mənşəli 16 adda müasir texnoloji avadanlıq alınıb gətirilərək quraşdırılıb.
Müəssisə qısa zaman ərzində öz fəaliyyətini daha da genişləndirib. Fabrikdə yeni istehsal sahəsi yaradılması üçün 2009-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə olaraq 60 min manat dövlət maliyyə dəstəyi göstərilib. Bu dəstəyin sayəsində müəssisəyə Türkiyənin “Teker” firmasının istehsalı olan ayaqqabı altlıqları istehsal edən avadanlıq, köməkçi dəzgahlar, müxtəlifölçülü və müxtəlifmodelli qəliblər alınıb. 2009-cu ilin may ayında isə gündəlik istehsal gücü 400-500 cüt ayaqqabı altlığına çatan yeni istehsal sahəsi fəaliyyətə başlayıb. Müəssisə həyata keçirdiyi layihələrə, ümumilikdə, 510 min manat vəsait sərf edib. Bunun 336 min manatı daxili imkanlar hesabına ödənilib.
Müəssisə rəhbəri onu da bildirdi ki, fabrikdə nazirlik, idarə və təşkilatların sifarişlərinə uyğun olaraq müxtəlif çeşiddə ayaqqabılar istehsal olunur. Həmçinin ali, orta ixtisas təhsili və ümumtəhsil məktəblərinin geyim formalarına uyğun ayaqqabı istehsal etmək üçün Türkiyə Respublikasında fəaliyyət göstərən bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayaqqabı istehsalçıları ilə əlaqələr qurulub, fərqli yaş qruplarına uyğun müxtəlif ölçülərdə və modellərdə qəliblər alınıb gətirilib.
Yaxın vaxtlarda daha müasir avadanlıqlar alınacaq, yeni modellərdə məktəbli ayaqqabılarının istehsalına başlanılacaq. Onu da qeyd edək ki, müəssisədə istehsal olunan müxtəlif çeşiddə qadın və kişi ayaqqabılarının topdansatışı həyata keçirilir. Həmçinin müəssisədə istehsal olunan ayaqqabıların pərakəndə satışını təşkil etmək məqsədilə Naxçıvan şəhərində firma mağazasının açılması da gözlənilir.
Müəssisə Bakı şəhərində və xarici ölkələrdə keçirilən biznes forumlarda və sərgilərdə yaxından iştirak edir. Bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayrı-ayrı şirkət və firmalarla əlaqələr qurur ki, bu da gələcəkdə yerli məhsulların xarici bazara çıxarılmasına əlverişli şərait yaradır. Qeyd edək ki, artıq fabrikin istehsal etdiyi ayaqqabı altlıqları Bakı şəhərində də satışa çıxarılır. Gələcəkdə həmin məhsulların Türkiyə və İran bazarlarına da göndərilməsi nəzərdə tutulur.
Nail ƏSGƏROV