Muxtar respublikada payız suvarma mövsümünü mütəşəkkil keçirmək, torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, şoranlaşmanın qarşısını almaq məqsədilə tədbirlər görülmüş, noyabr ayında 19 kilometr torpaq və beton kanal, 34 kilometr ara arxları, 3 kilometr kollektor lildən təmizlənmiş, 2 kilometrə yaxın yeni suvarma xətti çəkilmişdir.
Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Arpaçay, Naxçıvançay və Cəhriçay vadisində selə qarşı 2 kilometr istiqamətləndirici bənd tikilmişdir.
Naxçıvan Muxtar Respublikası əhalisinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətlərinin çəkilişi davam etdirilmiş, kaptaj və içməli su xətlərində təmir-bərpa işləri həyata keçirilmişdir. Noyabr ayında 2 kilometrdən artıq yeni içməli su xətti çəkilmiş, 7 kilometr içməli su xəttində təmir-bərpa işləri aparılmışdır.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda 410 metr su xətti çəkilmiş, 818 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır. Həmçinin rayonda 1552 metr kanalizasiya şəbəkəsi də çəkilmiş, 1092 ev kanalizasiya şəbəkəsinə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti