Muxtar respublikada ərzaq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bu işlərin davamı olaraq Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq akkreditasiyadan keçirilməsi təmin edilmişdir. Belə ki, laboratoriyanın İSO17025 standartı üzrə beynəlxalq akkreditasiyası məqsədilə Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu ilə əlaqələr yaradılmış və 2013-cü il noyabrın 14-də müqavilə bağlanmışdır.
LATAK akkreditasiya təşkilatının 2014-cü il 28 yanvar tarixli qərarına əsasən laboratoriya LATAK–T-492-00-2014 nömrəsi ilə qeydiyyata alınmış və İSO17025 standartı üzrə akkreditasiyası başa çatdırılmışdır.
Müqaviləyə əsasən cari ilin ötən dövrü ərzində Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu tərəfindən Mərkəzi Qida Sınaq Laboratoriyasında akkreditasiya istiqamətində yekun audit yoxlamaları keçirilmiş, laboratoriyanın beynəlxalq tələblərə uyğunluğunun qiymətləndirilməsi aparılmış və akkreditasiya müddəti 2023-cü il yanvar ayının 27-dək uzadılmışdır.
Ekspertlər tərəfindən laboratoriyanın beynəlxalq tələblərə uyğunluğunun qiymətləndirilməsi, akkreditasiya sahəsinin daha 5 metod üzrə genişləndirilməsi və Mərkəzi Qida Sınaq Laboratoriyası növbəti 5 il üçün akkreditasiya müddətinin uzadılması məqsədilə keçirilmiş auditin müsbət nəticəsi olaraq laboratoriyaya akkreditasiya sertifikatı təqdim edilmişdir.
Qeyd edək ki, Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu tərəfindən verilən akkreditasiya sertifikatı qida məhsullarında fiziki, kimyəvi, toksikoloji və mikrobioloji sınaqların aparılmasını əhatə edir və müayinələrin nəticələri Avropa İttifaqı ölkələri tərəfindən tanınır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti