2017-ci il Şərur rayonunun quruculuq xəritəsinə yeni çalarlar gətirib. Bu dövrdə bölgənin bir sıra yaşayış məntəqələrində inşaat işləri aparılıb. Bu tədbirlərdən Ərəbyengicə kəndinə də pay düşüb. Bir neçə aydır ki, kənddə aparılan kompleks quruculuq işləri artıq yekunlaşdırılmaqdadır.
Yaxın vaxtlarda məktəb, səhiyyə, kənd və xidmət mərkəzlərinin yeni binalarından istifadə olunacaq. Kənd tam orta məktəbinin binası 3 mərtəbədən ibarətdir. Tədris müəssisəsinin yeni binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri veriləcək. Binada son tamamlama işləri aparılır.
Kompleks quruculuq tədbirləri çərçivəsində 2 mərtəbədən və 12 otaqdan ibarət həkim ambulatoriyası üçün də yeni bina inşa olunub. 8 nəfərin işlə təmin olunacağı səhiyyə ocağında kənd sakinlərinə nümunəvi tibbi xidmət göstərmək üçün müasir avadanlıqlardan istifadə ediləcək.
Dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi ikimərtəbəlidir. Kənd mərkəzinin binasında inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kitabxananın, klubun, poçtun, ATS, baytarlıq və polis məntəqələrinin fəaliyyətinə hərtərəfli şərait yaradılıb. Ərəbyengicə sakinlərinə daha bir hədiyyə olan birmərtəbəli xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi yerləşəcək. Bu quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirir.
Xəbərlər şöbəsi