23 Dekabr 2024, Bazar ertəsi

  Həyat çoxşaxəli və rəngarəng olsa da, hər bir insan üçün iqtisadi tələbatlar həmişə özünü göstərir. Bu mənada, dünyanın ən kamil varlığı olan insanın çatdığı müasir mədəni səviyyəyə məhz iqtisadiyyatın inkişafı ilə nail olunduğunu da deyə bilərik. İqtisadiyyatın əsasında isə insan üçün yaradılmış bütün maddi nemətlərdən israfçılığa yol vermədən, qənaətlə istifadə olunması durur. Elə buna görə də bugünkü iqtisadçılar arasında populyar olan davamlı inkişaf konsepsiyasının dili ilə desək, müasir cəmiyyətin artan tələbatları ödənilməli və bunun üçün də hər sahədə rasionallığa və səmərəliliyə çalışılmalıdır. 

Qənaət və ümumilikdə, iqtisadiyyat kifayət qədər mürəkkəb anlayışlardır. Təsadüfi deyil ki, bir sıra dünya dillərində bu iki kəlmə elə sinonim kimi də işlənilir. Amma iqtisadiyyat nə qədər mürəkkəb olsa da, əslində, burada çox sadə məntiqi təfəkkürə əsaslanan elmi mülahizələr vardır. Belə ki, tarixdə sınaqdan çıxmış elə mühüm iqtisadi qanunlar vardır ki, onlar həmişə öz təsirini göstərib. Müasir, qloballaşma və qlobal rəqabət dövründə isə bu qanunlar daha ciddi şəkildə özünü ortaya qoyur. Yəni indi iqtisadiyyat deyəndə əmək ehtiyatlarından enerji resurslarına, xammal hasilatından maliyyə imkanlarınadək hər sahədə keyfiyyət, bazarın tələb və təklifi, qənaət və səmərəlilik prinsipləri əsas planda tutulur. Başqa sözlə, əgər dünyada təbii ehtiyatların getdikcə azaldığını, əhali sayının da artdığını görürüksə, onda hələ müqəddəs kitablarda da insanlara tövsiyə edilən qənaətli yaşamağı hamının öyrənməsini də bir həyat standartı kimi mənimsəməliyik.

Qənaət haqqında danışılanda bəzən, sadəcə bir şəxsin, yaxud bir ailədəki pul vəsaitlərinin sərbəst qalan hissəsinin yığıma yönəldilməsi məqsədləri üçün istifadə nəzərdə tutulur. Ancaq iqtisadiyyatın yalnız pulla ölçülmədiyini, insana lazım olan bütün maddi nemətlərin dəyərinin lazımınca qiymətləndirilməsinin nə qədər vacib olduğunun da tez-tez şahidi oluruq. Bunun əhəmiyyəti isə təkcə bir nəfərin deyil, ümumilikdə, bütün cəmiyyətin rifahının təmin olunmasında özünü göstərir. Məsələn, bu gün muxtar respublikamızda daxili bazarın qorunması, yerli istehsalın təşviqi, enerji və ərzaq təhlükəsizliyinin yaradılması, iqtisadiyyatda çoxşaxəliliyin təmin olunması istiqamətində görülən bütün işlər məhz ölkəm­iz üçün ən strateji mənbələrdən sayılan valyuta ehtiyatlarımızın qorunmasına mühüm töhfə verən addımlardandır.
Qənaətlə yaşamaq, qənaətlə iş görmək bu gün bütün dünya iqtisadiyyatının tələbidir. Məhz qənaətlə əldə edilən nəticələrə baxsaq, ərzaq və enerji bolluğunun yaradılması, maliyyə fondlarının artırılması, təbii ehtiyatların mühafizə olunub gələcək nəsillərə qədər çatdırılmasında bunun əhəmiyyəti görünməkdədir. Misal üçün, bu gün muxtar respublikada, onun paytaxtından ən uzaq kəndlərinədək hər yerdə gecəsi də gündüz kimi çıraqbandırsa, bu bizim hamımızın sərvəti deyilmi? Bu sərvəti görəndə çox deyil, cəmi 20 il əvvəlki Naxçıvanın yarıqaranlıq, soyuq gecələri bir daha yada düşür. Ancaq o günləri xatırlayanda həmin çətinliklərin arxada qalmasından arxayınlaşmamalı, böyük zəhmətlə başa gələn elektrik stansiyalarının və bütün infrastrukturun hasil etdiyi enerjinin hər kilovat-saatına qənaət etməyi də bir vətəndaş kimi yaxşı dərk etməliyik. Çünki bu gün bol olan elektrik enerjisinin itirilən hər kilovatı, hardasa, bir istehsal yerində yaradılacaq maddi nemətlərin də itkisi deməkdir.
Çox vaxt ən gözəl qənaətin vaxta qənaət olduğunu düşünürük. Doğrudan da, elə insanlar vardır ki, onlar üçün yarımsaatlıq asudə vaxt göydəndüşmədir. Amma vaxt heç kimi gözləmir. Çoxları günlərlə deyil, hətta aylar və illərboyu keçirdiyi boş vaxtı, sadəcə, mütaliə ilə məşğul olsalar, bu da onların qazancı olacaq. Ancaq bu gün qənaət və səmərəlilikdən danışırıqsa, ən əziz nemət olan çörəyin, tikilmiş yeni binaların, abad yolların, körpülərin qədrini bilməliyik. Axı bütün bunlar heç də asan başa gəlmir. Misal üçün, ötən günlərdə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində xidmət mərkəzinin açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd əhalisinə xitabən dediyi sözləri yada salsaq, bunu bir daha təsdiq edərik. Ali Məclisin Sədri yaradılanların qədrinin bilinməsi, onlardan səmərəli istifadə olunmasını tövsiyə edərkən bu gün artıq Qaraxanbəyli və bunun kimi onlarla digər Naxçıvan kənd­lərinin çox da uzaq olmayan keçmişdəki ağır sosial şəraitdən şəhər simasınadək keçən yoldakı gərgin zəhməti bir daha xatırladırdı. Bəli, 1995-ci ildən başlayan yola nəzər salarkən görürük ki, bu dövrdə Naxçıvan Muxtar Respublikasının əhalisi yoxsulluq həddindən ən firavan yaşayış səviyyəsinə qovuşmuşdur. Bütün bunların gerçəkləşməsi isə istifadə olunan hər bir resursun rasionallıqla xərclənməsi, onların dayanıqlı və uzunmüddətli sərfinin təmin olunmasıdır.
Bir istehlakçı kimi öz tələbatlarımızda necə qənaətli ola bilərik? Bu sual, şübhəsiz, bir fərd kimi hər kəsi düşündürsə də, söhbət ictimai maraq, yaxud kollektiv tələbatlara gəldikdə bir sıra vətəndaşların buna hələ hazır olmadığını görürük. Misal üçün, tələbatdan artıq çörək alıb, sonra da onu tullantı kimi atmaq doğrudurmu? Çörək demişkən, bu gün qiyməti sudan da ucuz olan bu əvəzsiz nemətin süfrəyə gəlməsinədək keçən bütün istehsal proseslərinin xərclərini nəzərə alsaq, əsl dəyərindən dəfələrlə aşağı qiymətə satılan çörəyə də qənaət ən böyük savab və məsuliyyət deməkdir. Axı yaradılmış çörək bolluğu o demək deyil ki, ona qarşı israfçılıq edək. Müqəddəs kitabımız “Qurani-Kərim”in Araf surəsindəki 31-ci ayəsində buyurulub: “…gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz”. Doğrudan da, dünyada ölkəmizdən də daha böyük, daha geniş və münbit torpaqları olan bəzi ölkələrdəki aclıq çəkən insanları yada salaq. Hər gün ərzində tullantı edilən milyonlarla ədəd çörək üçün möhtac olan insanlar var axı. Yaxud ailə büdcəsini və ya əhalinin alıcılıq qabiliyyəti yüksək olmayan təbəqəsini düşünmədən bazar-dükanlardan şöhrət xatirinə nə gəldi alıb, axıra qədər istehlak etmədən yarısını atanları gördükdə onların tapşırılmış bir işi iki dəfə edib artıq büdcə xərclərinə yol verənlərlə eyni dərəcədə israfçı olduğunu da deyə bilərik. Ona görə də istehlak məsələsində diqqətli olmaq, yerli analoqu olduğu halda, idxal məhsullara üstünlük verməmək ən böyük vətənpərvərlik və həm də savab işdir. Çünki, sözün əsl mənasında, özünə qarşı tələbkar olanlar ölkəsinin iqtisadi qüdrətinin artması üçün də həmişə fədakarlıq etməyə hazırdırlar. Biz də iqtisadi cəhətdən güclü olmalıyıq ki, həmişə söz sahibi olaq.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR