23 Dekabr 2024, Bazar ertəsi

Xarici iqtisadi əlaqələrin genişlənməsi istənilən ölkənin və yaxud regionun əsas sosial-iqtisadi inkişafının göstəricisidir. Eyni zamanda bu əlaqələr mövcud daxili bazarın tələbatının ödənilməsindən sonra ixrac ehtiyacı yaradan amillər hesabına formalaşır. Təbii ki, burada, ilk növbədə, daxili iqtisadiyyatın davamlı inkişafı ön plana çıxır. Bu inkişafı şərtləndirən əsas amillər isə müxtəlifnövlü məhsul istehsalının artımına, nəticədə, yerli istehsal imkanlarının genişlənməsinə nail olunmasıdır.

Ölkəmizin sosial-iqtisadi inkişafında sənaye və kənd təsərrüfatı kimi əsas iqtisadi sahələrə daha çox investisiyaların qoyulması prioritet vəzifələr sırasına daxil edilib. Bununla yanaşı, respublikamızda çoxşaxəli iqtisadi inkişaf strategiyasını həyata keçirmək üçün iqtisadiyyatın bütün sahələrinin və regionların hərtərəfli inkişafına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulub. Ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətli belə vəzifələrin həyata keçirilməsində Naxçıvan iqtisadi regionunun da mühüm payı vardır. Blokada şəraitində olmasına baxmayaraq, reallaşdırılan iqtisadi layihələr sayəsində bu gün muxtar respublikada 1995-ci illə müqayisədə sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi isə 11,1 dəfə artıb. Yerli məhsul istehsalının artması, öz növbəsində, daxili bazarda məhsul bolluğu yaratmaqla yanaşı, muxtar respublikanın ixrac potensialını artırıb, idxalın həcmini isə əhəmiyyətli dərəcədə azaldıb. Bu iqtisadi fəallıq Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrinin inkişafına öz töhfəsini verib.

Xarici ticarət dövriyyəsinin ildən-ilə artımı 2009-cu ildən müsbət saldonun qeydə alınması ilə nəticələnib və növbəti illərdə dövriyyə həcminin artması ilə paralel olaraq, müsbət saldonun payı da artıb. Eyni zamanda bu artım idxal və ixrac arasındakı həcm payında 10 dəfədən çox fərq yaradır. Belə ki, 2016-cı ilin yekunlarına görə, muxtar respublikada xarici ticarət dövriyyəsinin 9,5 faizi idxalın, 90,5 faizi isə ixracın payına düşüb.
Qeyd etmək lazımdır ki, Naxçıvanın ixracat imkanlarını artıran çoxşaxəli iqtisadiyyat yerli istehsal imkanlarından istifadə edilməsi, müxtəlifnövlü məhsul istehsalı ilə mümkün olub. Ötən dövrdə muxtar respublikanın zəngin təbii ehtiyatları, xammal və enerji mənbələrinin istehsal prosesinə cəlb olunması, nəticədə, müxtəlif sahələrdə məhsul istehsalının davamlılığını təmin edib. Həyata keçirilən iqtisadi layihələr hesabına son dövrlərdə elektrik enerjisindən tutmuş ərzaq və qeyri-ərzaq məhsullarının istehsalınadək iqtisadi çoxşaxəliliyə nail olunub. Bu da, öz növbəsində, 2017-ci ilin ötən dövründə də muxtar respublikadan ixrac olunan malların həcmini artırmaqla yanaşı, ixrac və idxal arasındakı fərqi bir qədər də artırıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin cari ilin 11 aylıq yekunları ilə bağlı açıqlamasında bildirilir ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2017-ci ilin yanvar-noyabr aylarında 415 milyon 628 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 382 milyon 549 min 300 ABŞ dolları, idxalın dəyəri 3,9 faiz azalaraq 33 milyon 78 min 900 ABŞ dolları təşkil edib. Nəticədə, xarici ticarətdə 349 milyon 470 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaradıb.
Bu faktı da qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikadan Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələrə məhsullar ixrac edilir. Bu il Naxçıvanın ixrac potensialını artırmaq məqsədilə qəbul edilmiş mühüm qərarlardan biri muxtar respublika ilə Türkiyə Respublikası arasında əldə olunmuş razılığa əsasən Naxçıvan məhsullarının qardaş ölkəyə idxal rüsumları ödəmədən ixrac edilməsidir. Digər tərəfdən, son illərdə Naxçıvanla İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, qarşılıqlı etimada əsaslanan işgüzar görüşlərin təşkili və sair də muxtar respublikanın xarici ticarət əlaqələrinin genişlənməsində mühüm addım kimi dəyərləndirilməlidir. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dekabrın 17-18-də İran İslam Respublikasına rəsmi səfəri, bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi mövcud əməkdaşlıq imkanlarının daha da genişləndirilməsindən, xüsusilə islam respublikası ilə iqtisadi müstəvidə əlaqələrin bundan sonra da artan xətt üzrə inkişafının zəruriliyindən xəbər verir.
Bunu da vurğulamaq lazımdır ki, xarici ticarət əlaqələrinin genişlənməsi Naxçıvanın dünya iqtisadi sisteminə sürətli inteqrasiyasını şərtləndirən mühüm amildir. Dünya­ ­ölkələrinin təcrübəsi də göstərir ki, heç bir ölkə yalnız öz sərhədləri daxilində yüksək iqtisadi tərəqqiyə qovuşa bilməz. Digər tərəfdən, bu gün xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur. Bu nüfuz beynəlxalq arenada bir çox problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham­ ­Əliyevin dediyi kimi: “Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi və etibarlı dost kimi təsdiq edə bilmişdir”.
Buradan isə o nəticəyə gəlmək mümkündür ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının beynəlxalq ticarət əlaqələrində rolunun artırılması üçün geniş imkanları var. Xüsusilə Naxçıvanın Şərq-Qərb istiqamətindəki strateji mövqeyi, tranzit dəhliz kimi tarixdəki rolunun bərpa olunması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən transmilli layihələr yaxın gələcəkdə muxtar respublikanın xarici ticarət əlaqələrindəki rolunu, deməli, həm də dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR