Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bu gün regionumuzda rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də 2010-cu ilin mart ayından Naxçıvan şəhərində fəaliyyət göstərən “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif müəssisələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi qida məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır.
Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək işin bir vacib tərəfidirsə, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı ticarət obyektlərinə vaxtında çatdırılması, istehlakçılara təqdim olunması isə işin digər mühüm tərəfidir. Bunların hər ikisi diqqət mərkəzində saxlanılır.
Onu da qeyd edək ki, marketinq və satış şöbələrinin fəaliyyət göstərdiyi müəssisəyə təhsilli və təcrübə keçmiş gənc mütəxəssislər cəlb olunublar. Həmin mütəxəssislər daxili bazarın tələbatını öyrənir, yerli məhsulların tanıdılması məqsədilə təbliğat işləri aparırlar. Qida məhsullarının satış qiymətlərində endirim edilir, daha çox yerli məhsul alan müştərilərə hədiyyələr verilir. Gediş-gəliş çox olan ərazilərdə yerli məhsullardan ibarət səyyar sərgilər təşkil olunur. Xüsusilə isti yay aylarında soyuducu çanta ilə təmin olunmuş şirkətin nümayəndələri tərəfindən parklarda və ictimai nəqliyyatda dequstasiya (daddırma) tədbirləri həyata keçirilir ki, bu, yerli məhsula inamı artırır. Nəticədə, qida məhsullarına olan tələbat artır. Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satışa çıxarılan qida məhsullarının və müəssisədə fəaliyyət göstərən “qaynar xətt” telefon nömrələrinin əks olunduğu lövhələr bütün ticarət obyektlərində alıcıların diqqətini cəlb edən guşələrdə asılmışdır. Yerli qida məhsulları ilə bağlı müəssisəyə daxil olan telefon zəngləri və təkliflər diqqətlə araşdırılır. Qida məhsullarının bütün növlərinin ayrı-ayrılıqda satışına nəzarət olunur. Nəticələr müzakirə edilir, satışında azalma müşahidə olunan sahələr müəyyənləşdirilir və azalmanı doğuran səbəblər aradan qaldırılır.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qida qrupuna daxil olan sənaye müəssisələrində istehsal edilən yerli məhsulların keyfiyyətlə saxlanılması və ticarət obyektlərinə çatdırılmasına da əlverişli şərait yaradılıb. Naxçıvan şəhərində qida məhsullarını mənfi 15 dərəcəyədək saxlamaq imkanı olan soyuducu anbar istifadəyə verilib, ayrı-ayrı rayonlarda satış bazaları yaradılıb. Müəssisənin Naxçıvan şəhərində fəaliyyət göstərən bazasına daxil olan qida məhsulları yük avtomobilləri ilə rayon mərkəzlərində yerləşən satış bazalarına daşınaraq ehtiyat yaradılır. “Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi müxtəlif çeşiddə çörəklər isə gündəlik olaraq Naxçıvan şəhərində fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərinə çatdırılır. Qida məhsullarının müəyyən olunmuş şəraitdə saxlanması üçün həmin ticarət obyektləri soyuducularla təmin edilib, qida məhsullarının soyuducularda saxlanmasına və düzülüşünə nəzarət məqsədilə xüsusi dizaynerlər qrupu yaradılıb.
Müəssisədə fəaliyyət göstərən satış şöbəsində də xidmət günün tələbləri səviyyəsində qurulub, muxtar respublikamızın şəhər və rayonları yerləşdiyi əraziyə uyğun olaraq 3 qrup üzrə komplektləşdirilib. Naxçıvan-Babək-Şahbuz, Kəngərli-Şərur-Sədərək, Ordubad-Culfa bölgələri üzrə ticarət nümayəndələri təyin olunub ki, onlar da həmin rayonlar üzrə tələbatı öyrənib müəssisəyə sifarişlər verirlər. Buradan isə qida məhsulları rayon bazaları vasitəsilə bütün ticarət obyektlərinə vaxtında çatdırılır.
Xatırladaq ki, bir zamanlar ucqar dağ və sərhəd kəndlərinə məhsullar ticarətçi tərəfindən alınıb sərnişin avtobuslarında aparılırdısa, indi bu çətinlik də aradan qaldırılıb. Bu həm istehsalçı, həm istehlakçı, həm də ticarətçi üçün olduqca əlverişlidir. Çünki istehsalçı məhsulun satışına, istehlakçı keyfiyyətli və münasib qiymətə məhsul almağa, ticarətçi isə əlavə daşınma xərci çəkməməyə maraqlıdır.
Ramiyyə ƏKBƏROVA