Muxtar respublikanın dilbər guşələrindən biri olan Şərur rayonu özünün zəngin təbiəti, tarixi abidələri və bugünkü sosial-iqtisadi mənzərəsi ilə diqqət çəkir. Son illərdə rayon sürətli inkişaf yoluna qədəm qoyub. Müxtəlif sahələrdə qazanılan nailiyyətlər, rayonun yaşayış məntəqələrində aparılan quruculuq işləri bölgənin simasını xeyli dəyişib, çoxlu sayda infrastruktur, xidmət obyektləri istifadəyə verilib. İstehsal və emal müəssisələri fəaliyyətə başlayıb.
Quruculuq işləri haqda deyiləcək söz kifayət qədərdir
Son 22 ildə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi o qədər böyükdür ki, onları adbaad sadalamaq mümkün deyil. Qısaca olaraq bildirək ki, bu dövrdə Şərurda rayon və kənd mərkəzləri, 50-yə yaxın məktəb, onlarla infrastruktur obyekti, məktəbdənkənar və məktəbəqədər müəssisələr üçün binalar, xəstəxanalar və həkim ambulatoriyaları, idman kompleksi tikilib və ya yenidən qurulub, tarixi abidələr milli memarlıq ənənələrinə uyğun bərpa edilib, İslam mədəniyyəti incilərini özündə ehtiva edən məscidlər, yas məclislərinin adət-ənənəyə uyğun keçirilməsi üçün məclis yerləri tikilib. Yollar, körpülər salınıb, elektrik stansiyaları fəaliyyətə başlayıb, ucqar dağ kəndləri də əhatə olunmaqla müasir infrastruktur yaradılıb. Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: rayon sakinlərinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu şəraitdə yaşamasını təmin etmək. Sakinlər də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
Belə davamlı qayğı şərurlulara həyatın bütün sahələrində böyük uğurlar qazanmasına imkan verib. Bunu cari ilin 10 ayının timsalında da görmək mümkündür.
Qazanılan uğurlar davamlı inkişafdan xəbər verir
Əvvəlki illərdə olduğu kimi, bu il də rayonda həyatın bütün sahələrində xeyli uğurlar əldə olunub. Bunu statistik göstəricilərdə daha aydın görmək mümkündür. Bu ilin on ayı ərzində rayon üzrə 76 milyon 593 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 67 milyon 420 min 800 manat həcmində investisiya yönəldilib ki, bunun da 63 milyon 607 min 300 manatı tikinti-quraşdırma işlərinin payına düşüb. Bölgədə müxtəlif təyinatlı obyektlər tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. Yaşayış məntəqələrinin abadlaşdırılması və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər rayonun Arpaçay, Çəmənli, Qarahəsənli, Ələkli, Ərəbyengicə kəndlərini də əhatə edib. Quruculuq tədbirlərindən daha çox bəhrələnən ünvanlardan biri də Şərur şəhəri olub. Belə ki, yanvar-oktyabr aylarında Şərur şəhərində bir yaşayış binası yenidən qurulub.
Sosial siyasətin mühüm tərkib hissəsi olan elm və təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri diqqət mərkəzində saxlanılıb, rayon mərkəzində 1020 şagird yerlik 2 nömrəli yeni məktəb binası istifadəyə verilib, “İstedad-XXI əsr” hazırlıq kurslarının Şərur rayonunda filialı fəaliyyətə başlayıb. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Bu müddət ərzində rayonun müxtəlif ərazilərində əhalinin şəxsi vəsaiti hesabına 26 min kvadratmetrdən artıq yaşayış sahəsi istifadəyə verilib, rayonda içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilib. Rayondakı “N” hərbi hissədə infrastruktur obyektlərinin, əsgər yeməkxanasının tikintisi, qərargah binasının və əsgər yataqxanasının əsaslı təmir işləri görülüb. Yolların abadlaşdırılması məqsədilə müvafiq tədbirlər aparılıb. Bəhs olunan dövrdə rayonun Ələkli, Aşağı Aralıq və Yuxarı Aralıq kəndlərində, eyni zamanda Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli avtomobil yolunun yenidən qurulması həyata keçirilib.
Aqrar sahədə uğurlar artır
Rayonda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir. Kənd təsərrüfatı ilə məşğul olanlara göstərilən hərtərəfli dövlət dəstəyinin nəticəsidir ki, bütün sahələrdə məhsuldarlıq intensiv amillər hesabına artırılıb, aqrar sahənin davamlı inkişafı təmin olunub. Ötən illərdə olduğu kimi, bu il də rayonun məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar lizinq yolu ilə sahibkarlara satılıb.
Taxıl istehsalına rayonda xüsusi diqqət yetirilir. Bu ilin məhsulu üçün ötən ilin payızında 4 min 144 hektar sahədə taxıl əkini aparılıb, taxıl zəmilərinin 3 min 598 hektarını buğda, 546 hektarını arpa təşkil edib. Çəkilən zəhmət hədər getməyib. Taxıl zəmilərindən 13 min 171 ton məhsul toplanıb. Kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb və 2017-ci ilin məhsulu üçün 1064 hektar kartof əkilən sahədən 15 min 889 ton kartof yığılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Şərur rayonunda əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar yaradıb. Cari ilin 10 ayı ərzində meyvə istehsalı bir il öncəyə nisbətən 1,3 faiz, tərəvəz istehsalı isə 15 faiz artıb. Üzüm bağlarından 1387 ton məhsul yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Heyvandarlığın inkişafı istiqamətində də bir sıra işlər görülüb, 4 heyvandarlıq, 1 quşçuluq, 1 arıçılıq təsərrüfatı yaradılıb.
Təbii ki, bütün sahələrdə müşahidə olunan inkişaf meyilləri əhalinin məşğulluğuna da öz müsbət təsirini göstərib. Yaradılan yeni iş yerləri isə işaxtaran vətəndaşların işlə təmin olunmasına şərait yaradıb.
Görülən işlər bu ilin uğurla başa vurulacağından xəbər verir
Əhalinin rifahı üçün görülən tədbirlər sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Təqaüdçü-müəllim Vidadi Süleymanov deyir ki, rayon sakinləri yüksək əhval-ruhiyyə ilə qurub-yaradır, bölgəmizin inkişafına hər kəs öz töhfəsini verməyə çalışır. Bölgədə diqqətçəkən ən əsas məqamlardan biri də gənclərin fəaliyyəti üçün nümunəvi şəraitin yaradılmasıdır. Bu gün onlar müxtəlif sahələrdə irəli çəkilir, əməkləri yüksək qiymətləndirilir.
Şərur rayonunun ucqar kəndlərdə məktəblərində hazırda muxtar respublikamızın müxtəlif bölgələrindən gəlmiş gənc pedaqoqlar çalışır. Halbuki vaxtilə bu kəndlərdə gənc müəllimlərin gəlib çalışması çətin idi. Bütün bunlar dövlətimizin gənclərə göstərdiyi qayğının nəticəsidir.
Son illər rayonun iqtisadiyyatında sürətli, davamlı artım nəzərə çarpır. Bu, bölgələrimizin sosial-iqtisadi inkişafına böyük diqqət göstərilməsinin nəticəsidir. Məhz buna görədir ki, əhalinin müxtəlif təbəqələrinin sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı gündən-günə daha da artır. Bu gün muxtar respublikada gedən sürətli iqtisadi inkişafda Şərur rayonunun da öz yeri var.
Nail ƏSGƏROV